AZ

"Expressbank”ın mənfəəti azalıb, şirkətlər 31 milyon manatdan çox depoziti geri çəkib

"Expressbank” ASC 2024-cü ilin üçüncü rübündə 9,18 milyon manat xalis mənfəət əldə edib.
Valyuta.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 7,9% və ya 792 min manat azdır. Bank 2023-cü ilin ilk doqquz ayını 9,97 milyon manat mənfəətlə bitirmişdi.
2024-cü ilin III rübündə bankın faiz gəlirləri 17,6% artaraq 49,64 milyon manat, faiz xərcləri isə 24,1% artaraq 14,09 milyon manat təşkil edib.
Bank depozitlər üzrə bu ilin III rübündə daha çox faiz ödəyib. Nəticədə faiz xərcləri 6,96 milyon manatdan 8,82 milyon manata yüksəlib.
Ümumilikdə, bankın xalis faiz gəlirləri ilk doqquz ayda 15,2% artaraq 35,6 milyon manata, qeyri-faiz gəlirləri isə 9,2% artaraq 15,3 milyon manat təşkil edib.
Beləliklə, bank cari ilin ilk doqquz ayında 15,47 milyon manat əməliyyat mənfəəti əldə edib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 15% və ya 2 milyon manat çoxdur.
Əməliyyat mənfəətinin artmasına baxmayaraq xalis mənfəətin azalması bankın mümkün zərərlər üzrə ehtiyat aktivləri birdən-birə 4 dəfəyə yaxın artıraraq 3,95 milyon manata çatdırması ilə bağlıdır. Ötən ilin eyni dövründə bu rəqəm 1,02 milyon manat olub.
Bu il oktyabrın 1-nə bankın cəmi aktivləri ilin əvvəli ilə müqayisədə 2,4% artaraq 573,7 milyon manata, cəmi öhdəlikləri 1,6% artaraq 437,3 milyon manata, cəmi kapitalı isə 5% artaraq 136,3 milyon manata yüksəlib.
Bankın ümumi depozit portfeli ilin əvvəlindəki 230,4 milyon manatdan 236,5 milyon manata yüksəlsə də, hüquqi şəxslərin depozitlərində kəskin azalma müşahidə edilib. Belə ki, bu ilin ilk doqquz ayında bankdan 31,3 milyon manat əmanəti geri çəkib. Nəticədə, “Expressbank”ın hüquqi şəxslər üzrə depozit portfeli 78,3 milyon manatdan 46,9 milyon manata  enib.
Pünhan
Seçilən
8
valyuta.az

1Mənbələr