Günümüzdə kibercinayətkarlıq əməlləri artmaqda davam edir. Neçə-neçə insanlar belə mənfi halların qurbanı olur. Doğrudur, kiberdələduzluqla müvafiq qurumlar həmişə mübarizə aparırır, vətəndaşları diqqətli olmağa səsləyirlər. Lakin internet dələduzları da yeni-yeni metodlar yaradır və ona görə özlərinə həmişə qurbanlar tapa bilirlər.Bəs aldanmamaq üçün nələri bilməliyik? Hesablarımızı necə qoruyaq?İnformasiya və kommunikasiya texnologiyaları üzrə (İKT) mütəxəssis Fərhad Mirəliyev Missiya.Az-a açıqlamasında deyib ki, müxtəlif dələduzluq növləri mövcuddur. Sosial şəbəkə hesablarının klonlarının yaradılması isə ən geniş yayılmış növlərdəndir:“Real hesabda olan məzmunun eynisi həmin klonlanmış hesaba olduğu kimi nüsxələnir. Burada əsas məqsəd özünü başqası kimi təqdim etməklə qarşı tərəfə yönəlik dələduzluq əməlləri həyata keçirməkdir. Belə ki, həmin adamın adından müxtəlif çağırışlar, yazışmalar vasitəsilə pul vəsaitinin istənilməsi və bir çox fərqli ssenarilər planlayırlar. Digər təhlükəli məqam isə fişinq hücumlarıdır. Bu sosial şəbəkələr vasitəsilə də həyata keçirilir. Saxta saytlar hazırlanır və sözügedən saytların sosial şəbəkədə mesajlaşma proqramı üzərindən qarşı tərəfə göndərilir. Həmin şəxsdən təhlükəli linkə daxil olmağı istəyirlər və keçiddə hər hansı informasiyalar tələb olunur, yaxud da hesabların giriş məlumatları qeyd edilə bilər. İnsanlar da onları yazırsa hesabları ələ keçirilmiş olur. Başqa bir dələduzluq növü sosial şəbəkə üzərindən gələn iş təklifləridir. Mərc oyunları, maliyyə piramidalarına qoşulmaq üçün dəvətlər də geniş yayılıb. İstifadəçiləri şirnikləndirmək yolu ilə, maliyyə bazalarına, investisiya platformalarına çıxış vədləri verərək onların pul vəsaitlərini mənimsəməyə nail olurlar. Burada insanlarda tədricən inam yaradırlar. Xırda bir məbləğlərdən başlayıb, sonradan həmin məbləğləri böyüdüb əlaqələri tamamilə kəsirlər”.
Zərintac MayisqızıMissiya.Az