Son həftələr Avropa ölkələri öz qoşunlarının Ukraynaya mümkün göndərilməsi ilə bağlı müzakirələri bərpa ediblər...
Poliqon xəbər verir ki, bu barədə “Le Monde” qəzetinin məlumatında bildirilir. Nəşr mənbələrə istinadən yazır ki, söhbət ilk növbədə Fransa və Böyük Britaniyadan gedir. 2024-cü ilin fevralında bu məsələ artıq müzakirə olunub, lakin Aİ-nin bütün ölkələri təklifi dəstəkləməyib.
“Le Monde”nin mənbəsinə görə, Fransa və Böyük Britaniya Rusiya-Ukrayna münaqişəsi ətrafında müdafiə sahəsində əməkdaşlıqla bağlı danışıqlar aparır. Müzakirələrə, xüsusən də Böyük Britaniyanın Baş naziri Key Starmerin noyabrın 11-də Fransaya səfəri şərait yaradıb.
“Le Monde” yazır ki, müzakirələr əsasən gizli formatda aparılmaqdadır. Belə ki, Donald Trampın 2025-ci ilin yanvarında vəzifəyə başlamasından sonra ABŞ-ın Ukraynaya yardımı kəsəcəyi ilə bağlı Aİ-nin narahatlıqları fonunda Qərb qoşunlarının göndərilməsi ehtimalı yenidən gündəmə gəlib.
Xatırladaq ki, 2024-cü ilin fevralında Avropa qoşunlarının Ukraynaya göndərilməsi məsələsini ilk olaraq Fransa prezidenti Emmanuel Makron qaldırıb, lakin bütün Avropa ölkələri onun mövqeyini dəstəkləməyib. Məsələn, Almaniya buna qarşı çıxıb.
Poliqon.info