AZ

44 günlük Vətən müharibəsinin Kəlbəcər Zəfəri

Bu gün Kəlbəcərin işğaldan azad edilməsindən 4 il ötür. 

Kəlbəcər 1993-cü ilin aprel ayında Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Nəticədə, 60 min sakin məcburi şəkildə öz dədə-baba torpaqlarından təxliyə olunmuşdu. Lakin 27 sentyabr 2020-ci ildə başlayan və cəmi 44 gün davam edən Vətən müharibəsi Qarabağın işğaldan azad edilməsi ilə nəticələndi. 

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusu Ermənistan ordusunu darmadağın etdi. Nəticədə, düşmən təslim oldu, Ağdam, Kəlbəcər və Laçın müharibəsiz geri qaytarıldı. 

Kəlbəcərin öz sahibinə - Azərbaycana geri qaytarıldığı gün isə 25 noyabr 2020-ci il idi. Bu möhtəşəm tarix yaddaşlara əbədi həkk olundu. 

Prezident İlham Əliyev 2023-cü ilin 31 iyul tarixində işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilməsi ilə bağlı Sərəncam imzaladı. 

Sərəncama əsasən, 25 noyabr Kəlbəcər Şəhəri Günü kimi təntənəli şəkildə qeyd olunmağa başladı. Üstəlik, Kəlbəcər kimi strateji əhəmiyyətə malik bir şəhərin müharibəsiz azad olunmasının mənası da olduqca dərindir. Bu, Ermənistanın qorxusu, Azərbaycanın isə gücü deməkdir. Ermənilər müharibənin nəticələrindən elə qorxdular ki, 30 ilə yaxındır işğal altında saxladıqları, talan etdikləri 3 şəhəri müqavimət belə göstərə bilmədən geri qaytardılar. 

Əsl Zəfər həm də budur! 

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, Kəlbəcər həm strateji, həm təbii sərvətlərinin zənginliyi, həm də tarixi baxımından Azərbaycanın ən qədim və gözəl guşələrindən biridir: 

"Təəssüflər olsun ki, Kəlbəcər də 30 ilə yaxın erməni işğalına məruz qalmış və orada çox böyük vəhşiliklər törədilmişdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman Silahlı Qüvvələrimizin 27 sentyabr 2020-ci ildə başladığı genişmiqyaslı əks-hücum əməliyyatı işğala məruz qalmış tarixi torpaqlarımızın azad olunmasına geniş imkanlar açdı. O zaman Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında hazırlanmış olan strateji plan ermənilərin işğalına son qoydu". 

Həmsöhbətimiz vurğulayıb ki, atılan taktiki addımlar düşməni olduqca çıxılmaz vəziyyətə saldı:

"Söhbət Şuşanın işğaldan azad edilməsindən sonra 15 minə yaxın erməni hərbçisinin Azərbaycan Ordusu tərəfindən mühasirəyə alınmasından gedir. Bu zaman Ermənistan ağ bayraq qaldırdı. Cənab Prezident olduqca müdrik və hər kəsi heyrətə salacaq addım atdı. Onun qoymuş olduğu tələblərdən ən vacibi də Kəlbəcər, Laçın və Ağdamın dərhal və qeyd-şərtsiz işğaldan azad edilməsinin Ermənistanın imzaladığı kapitulyasiya aktında öz əksini tapması idi". 

Partiya sədri qeyd edib ki, olduqca çətin relyefi olan Kəlbəcərin müharibəsiz yolla Azərbaycana qaytarılması çox böyük uğurdur: 

"Məqsəd aydın, hədəf bəlli idi: İşğal edilmiş bütün torpaqlarımızı geri qaytarmalı idik. Cənab İlham Əliyevin atdığı unikal addımla Kəlbəcər də Laçın və Ağdam kimi itki vermədən işğaldan azad edildi. Lakin ermənilər özünəməxsus vəhşiliklər törədərək Kəlbəcərdən köçən zaman evlərə, meşələrə böyük ziyan vurdular. Bütün bunlara baxmayaraq, Kəlbəcərdən çıxarıldılar". 

Fəzail Ağamalı onu da əlavə edib ki, artıq 4 ildir Kəlbəcər əhalisi bu möhtəşəm sevinc hissini yaşayır: 

"Orada uyuyan soydaşlarımızın və Dədə Şəmşirin ruhu şaddır. Hazırda digər işğaldan edilmiş şəhərlərdə olduğu kimi Kəlbəcərdə də olduqca intensiv və ciddi xarakter daşıyan quruculuq və bərpa işləri gedir. Marketlərimiz dünyaca məşhur "İstisi" adlanan mineral su ilə təmin olunub. Üstəlik, Kəlbəcərdə də tezliklə məskunlaşma prosesi başlayacaq. Kəlbəcər də vaxtilə işğala məruz qalan digər ərazilərimiz kimi özünün inkişafının yeni və yüksək mərhələsini yaşayacaq. Sonda fürsətdən istifadə edərək bütün xalqımıza, kəlbəcərlilərə gözaydınlığı verirəm". 

Seçilən
23
cebheinfo.az

1Mənbələr