Ekoloji problemlərin həllinə yönəlmiş daha bir qlobal tədbirin Azərbaycanda keçirilməsinin önəmini ekoloq Rövşən Abbasov Demokrat.az-a açıqlayıb.
O bildirib ki, bu tədbir miqyasına görə regionda ən böyük tədbirlərdən biri olacaq:
“Tədbirə gələn müxtəlif sektorları təmsil edən insanlar gördükləri işləri, qazandıqları təcrübələri digər iştirakçılarla bölüşəcəklər. Həm də regionumuzun və dünyamızın mühüm qlobal problemlərinin həllini müzakirə edəcəklər. Tədbir daha çox meşəçilik və biomüxtəlifliyə aid olsa da, burada digər ekoloji problemlərin – su problemlərinin, transsərhəd su idarəçiliyinin, ətraf mühitin və atmosferin çirklənməsinin qarşısını almaq yollarının müzakirə ediləcəyi də gözlənilir. Tədbirin keçirilməsində əsas məqsədlərdən biri beynəlxalq ictimaiyyətə, siyasət insanlarına, beynəlxalq təşkilatlara regionumuzda və dünyada olan əsas qlobal ekoloji problemləri çatdırmaq və onların həlli üçün addımların atılmasının nə qədər zəruri olduğunu vurğulamaqdır”.
Törə Zeynallı
Demokrat.az