Gürcüstan müxalifəti ötən gecədən başlayaraq parlamentin qarşısına toplaşıb.
Musavat.com xəbər verir ki, müxaliflər son parlament seçkilərinin nəticələrinə etiraz edirlər.
Müxalifətin parlamentə daxil olan 4 nümayəndəsi oktyabrın 26-da keçirilən seçkilərdə total saxtakarlıq olduğunu iddia edərək, 11-ci çağırış qanunverici orqanda işləməkdən imtina edir.
Onlar nəticələrinin ləğvini, bu məsələ ilə bağlı beynəlxalq araşdırma aparılmasını, sonra isə yeni seçkilərin keçirilməsini tələb edirlər.
Gecə ərzində müxalifət partiyalarının liderləri ilə polis arasında toqquşmalar və çəkişmələr olub. Aksiyada polis əməkdaşını vuran bir nəfər saxlanılıb.
Hazırda parlament qarşısında kiçik etiraz aksiyası keçirilir.
Müxalifətçilər görüşün başlanmasına qədər Rustaveli prospektində tərəfdarlarının sayının artacağını gözləyirlər.
Gürcüstan Daxili İşlər Nazirliyi müxalifətə və onların tərəfdarlarına xəbərdarlıq edib ki, bu, cinayət əməli olduğu üçün parlament binasının girişlərini bağlamağa çalışmasınlar.
Şahanə Rəhimli
Musavat.com