AZ

Təbrizdə Aylar Həqqinin qırx mərasimində saxlanılan fəala həbs cəzası verilib

Təbrizdə 2022-ci ilin ümummilli etirazlarında repressiv qüvvələr tərəfindən qətlə yetirilən tibb fakültəsinin tələbəsi Aylar Həqqinin xatirə mərasimində həbs olunan dissident fəal Mir Əkbər Hüseyni 6 ay azadlıqdan məhrum edilib.

İnsan haqları mənbələrinin verdiyi məlumata görə, məhkəmə Hüseynini “sistemə qarşı təbliğat fəaliyyəti göstərmək” ittihamı ilə günahlandıraraq həbs cəzasına məhkum edib.

Mir Əkbər Hüseyni 2022-ci ilin dekabrında Təbrizin Vadi-Rəhmət qəbiristanlığında keçirilən Aylar Həqqinin qırx mərasimində həbs edilmişdi. Həmin vaxt təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan şəxslər arasında Səid Mahmudi və İbrahim Mühacir də var idi. Məlumata görə, Əslən Şərqi Azərbaycan vilayətinin Mərənd şəhərindən olan Hüseyni bundan əvvəl də bir neçə dəfə həbs olunub. 2019-cu ilin noyabrında benzin qiymətlərinin artımı ilə bağlı etirazlarla əlaqədar 2021-ci ilin yanvarında saxlanılmış və “sistemə qarşı təbliğat” aparmaq, “nizama müxalif qruplaşmalara üzv olmaq” ittihamları ilə 14 ay həbs cəzasına məhkum edilmişdi. O, 2022-ci ilin may ayında həbs müddətini başa vuraraq sərbəst buraxılmışdı. Cari ilin mart ayında isə təhlükəsizlik orqanları onu sorğu-suala çəkmək üçün təcridxanaya çağırmışdı.Aylar Həqqi Təbriz Azad Universitetinin tibb fakültəsinin tələbəsi olub. O, 2022-ci ilin noyabrında bu şəhərdə keçirilən etiraz aksiyaları zamanı repressiv qüvvələrin silahlı müdaxiləsi nəticəsində həyatını itirib. Hakimiyyətə bağlı media onun ölüm səbəbini çuxura düşməsi ilə əlaqələndirsə də, ailəsi və hüquq müdafiəçiləri bu iddianı rədd edərək onun təhlükəsizlik qüvvələri tərəfindən güllələndiyini bildiriblər.

visiontv.az



Seçilən
13
visiontv.az

1Mənbələr