Dünən axşam saatlarında Antalya hava limanında böyük təhlükənin qarşısı alınıb.
News24.az xəbər verir ki, Rusiyanın Soçi hava limanından havaya qalxan Azimut Hava Yollarına məxsus RA89085 nömrəli Sukhoi Superjet 100-95LR (SU95) tipli təyyarə dünən axşam saatlarında Antalya hava limanına enərkən qüllədə fövqəladə vəziyyət elan edib və sol mühərrikində yanğının başladığını bildirib.
Havadan Xilasetmə və Yanğınla Mübarizə (ARFF) qrupları sürətlə uçuş-enmə zolağına yönəldilib.
Təyyarə saat 21.34-də Antalya hava limanına eniş edərkən sol mühərrikində yanğın böyüyüb.
Yanğına ARFF qrupları tərəfindən 23 saniyə ərzində müdaxilə edilib, sərnişinlərin və ekipajın təxliyyəsi üçün tədbir görülüb.
Təyyarənin qapılarından açılan təhlükəsizlik yastıqları sayəsində saat 21.43-də 89 sərnişin və 6 ekipaj üzvü təhlükəsiz şəkildə təxliyə edilib.
ARFF qruplarının müdaxiləsi ilə yanğın qısa müddətdə söndürülüb.
Onu da qeyd edək ki, xoşbəxtlikdən hadisədə ölən və yaralanan olmasa da, sözügedən təyyarənin bir ay əvvəl başqa bir eniş zamanı qəzaya uğradığı məlum olub.
Günel Məlikzadə