AZ

Razi Abbasbəyli: Yaşıl büdcə iqtisadiyyatımız üçün əlavə dividentlər qazandıracaq

Azərbaycanın gələn il üçün yaşıl büdcə xərcləri açıqlanıb.
Bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov məlumat verib.
Nazir bildirib ki, yaşıl büdcə üzrə xərclərə 1,3 milyard manat vəsait nəzərdə tutulub.

 Tanınmış iqtisadçı-ekspert Razi Abbasbəyli “Sherg.az”a söyləyib ki, Azərbaycan dövlət büdcəsində nəzərdə tutulan 1.3 milyard manatlıq yaşıl büdcə xərcləri bərpa olunan enerji mənbələrinin formalaşması, yəni külək, günəş enerjisi üzrə müvafiq stansiyaların quraşdırılması nəzərdə tutulur:

“Eyni zamanda investisiya qoyuluşları da bura daxildir. Bu gün artıq paytaxtda 160 elektrikli avtobus fəaliyyətə başlayacaq. Bu nəqliyyat sektoruna qoyulmuş dövlət investisiyadır. Yəni həm panellərin formalaşdırılması, həm günəş və külək elektrik stansiyalarının inşa edilməsi, həm də nəqliyyat sektorunda nəqliyyat vasitələrinin alınması və ictimai nəqliyyatda istifadəyə verilməsi kimi addımlar atılır. Həmçinin 170 min dollarlıq elektrik qatarlarının alınması ilə bağlı da layihələr var. Azərbaycan dövlət Dəmiryol İdarəsi bununla bağlı artıq bir sıra Koreya və Çin şirkətləri ilə danışıqlara başlayıb. Bu məsələ də 2025-ci ildə ayrılacaq yaşıl büdcə vəsaitlərinə daxil edilir. Burada biz bütün sahələr üzrə yaşıl büdcənin vəsaitlərinin lazımi olduğunun şahidi oluruq. Ümumiyyətlə aqrar, nəqliyyat, tikinti sektorunda və hətta hərbi xərclərdə belə yaşıl büdcə bölmələri yaradılıb. Proses mərhələli şəkildə həyata keçirilən dövlət proqramıdır. Təxminən 2027-ci ilə qədər hədəfdə vəsaitlərin 5 milyard manata çatdırılması nəzərdə tutulur. Mərhələli şəkildə həyata keçirilən bu proqramın 2025-ci ildə 1.3 milyard dollarlıq büdcə formasında ifadəsi əslində uğurludur. Xüsusilə də bu təkcə atmosfer, karbon qazı ilə bağlı dünən yekunlaşan COP29 konfransında götürülmüş öhdəliklərin icra edilməsi deyil, həmçinin iqtisadiyyatda xərclərin də azalmasına səbəb olacaq. Hesab edirəm ki, bu 2025-ci il üçün yetərli vəsaitdir. Lakin maliyyə növbəti illərdə artırılacaq və iqtisadiyyatımıza əlavə dividentlər qazandıracaq”.
Seçilən
22
sherg.az

1Mənbələr