AZ

Bakıda söküntü bumu: Əmlak bazarında qiymətlər qalxacaq?

Bakının gələcək planında bir çox ərazinin plana düşəcəyi gözlənilir.

Yerli mətbuatda yayılan məlumatlara görə, hazırda Ağ Şəhərin əhatə edəcəyi ərazi yaxın gələcəkdə daha da böyüyəcək.

Bu o deməkdir ki, Ağ Şəhər ətrafındakı bir çox ərazidəki yaşayış yerləri və obyektlər də sökülərək müasir binalarla əhatə olunacaq.

Qeyd edək ki, ekologiyası bərpa edilən sənaye zonasında həyata keçirilən Bakı Ağ Şəhər dünyanın ən iri müasir layihələrindən biridir. Bakı Ağ Şəhər 1650 ha ərazini əhatə edir.

Bakı Ağ Şəhər bir-biri ilə qonşu olan 10 kvartalı birləşdirir. Hər bir kvartalın uğurlu inşası bütün Baş Planın həyata keçirilməsi üçün həlledici rol oynayır.

Tikintinin ümumi sahəsi 15 milyon kv.m sahəni əhatə edəcək.Layihə başa çatdıqdan sonra Bakı Ağ Şəhər 240 000 sakini iş yeri ilə təmin edəcəkdir.

Bəs Bakıda söküntü bumu, əmlak bazarında qiymətləri silkələyəcək?

Mövzu ilə bağlı “Cebheinfo.az”a açıqlama verən əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, tikinti əgər eyni vaxtda kütləvi şəkildə baş versə, ən azından qiymət artımının qarşısı alına bilər:

Onun sözlərinə görə, o zaman artıq tikinti şirkətləri arasında rəqabət arta bilər ki, bunun nəticəsində qiymətlərdə stabilləşmə olar, əks halda isə həmin ərazidə qiymətlər baha olacaq:

“Ağ Şəhər böyüyərək üzü maşın bazarına qədər gedəcək. Bu da şəhərə bir gözəllik verəcək. “NZS” adlanan qəsəbənin də sökülməsi də gözlənilir. Amma o ərazilərdə neft ilə bağlı zavodlar var. O zavodlarla yaşayış massivlərini ayıran neytral bir məsafə qorunmalıdır.

Tikinti şirkətləri evləri sökərək mənzil sahiblərini ya o ərazidə yeni mənzillə təmin edirlər, ya da pul kompensasiyası verirlər, qalan mənzilləri də satıb həm qazanc götürürlər, həm də qoyduqları xərci çıxarırlar. 

Amma tikinti şirkətləri də əmlak bazarında müştəri olub-olmadığını nəzərə alır. Eyni vaxtda bütün ərazilər sökülsə, o binalardakı mənzillərə alıcı tapılmaz. Alıcı tapılmadığına görə o şirkətlər iflasa uğraya bilər. Məhz bu tip məsələlər var.

Əgər söküntü kütləvi surətdə olacaqsa, o zaman həmin yeni sökülüb-tikiləcək mənzillər ipoteka şərtləri ilə verilə bilər. Bu zaman uzunmüddətli, illik az faizli olan əlçatan şərtlərlə satılmalıdır ki, vətəndaşlarda o mənzilləri almağa maraq olsun. 

Əgər kütləvi halda tikinti olsa, o zaman artıq tikinti şirkətləri arasında bir rəqabət yarana bilər. Rəqabət nəticəsində qiymətlərin stabilləşməsi, hətta enməsi də baş verə bilər. Yəni eyni vaxtda kütləvi şəkildə tikilsə, ən azından qiymət artımının qarşısı alına bilər. 

“Bakının Baş Planı təsdiqlənib. 2040-cı ilə qədər Bakı şəhəri Baş Planda əks olunduğu formada olacaq. Amma hansı zamanda hara söküləcək, sıralama necə olacaq, bu ancaq rəsmi qurumlara bəllidir. 

Ümumən tək Ağ Şəhər yox, Bakı şəhəri üzrə köhnə yaşayış massivləri, fərdi yaşayış evlərindən ibarət yaşayış ərazilər, istismar müddətini bitirmiş və qəzalı binalar, xüsusən qəzalı vəziyyətdə olan yataqxana tipli binalarin hər biri söküntü ərazisinə düşür. 

Bakı şəhərinin sökülməli olan çox böyük hissəsi var. Amma bu söküntünü birdən-birə aparmaq mümkün deyil. Çünki sökən dövlət deyil, özəl sektordur”. 

O bildirb ki, söküntülər 2 formada aparılır:

“Birincisi, torpaqları dövlət alır, vətəndaşın əmlakı bazar dəyəri ilə dəyərləndirilir, ona 20 %-li artıq kompensasiya şəklində pul verilir.

Bu zaman həmin ərazilərdə parklar salınır, yollar çəkilir, müxtəlif infrastrukturlar qurulur, inzibati binalar tikilir.

Amma bunu özəl sektor həyata keçirirsə, həmin ərazini söküb yerində çoxmənzilli binalar tikir. Onlar da bazar ilə ayaqlaşmalıdır”. 

Seçilən
9
1
cebheinfo.az

2Mənbələr