AZ

“Verəcəyimiz maaşa görə Bakıdakı klublarla rəqabət apara bilmirik”

Azərbaycan millisinin son dönəmlərdəki uğursuzluğu bütün ölkə futboluna təsirini göstərib.

Belə ki, yığma komandanın hazırki durumunun qeyri-kafi vəziyyətdə olması və də bundan sonra gələcək nəslin də uğursuzluğu hamıya əyandır. Belədə millinin uğursuzluqlarının əsas təməlindən biri də klubların akademiyalarıdır. Çünki milli formanı geyinən hər bir futbolçu hansısa klubun aşağı yaş qruplarında dərs keçir.

Hazırda mövcud olmayan “Bakı” klubunun akademiyasından sonra ölkə futboluna ən çox keyfiyyətli yerli futbolçular təqdim edən akademiyalardan biri də “Qəbələ” idi. Lakin ötən mövsüm əsas komandanın elitadan aşağı liqaya yuvarlanmasıyla bölgə klubunda durum dəyişdi. Komanda AFFA-dan əvvəlki maliyyəni ala bilmir. Fəqət sözügedən qurum “Qəbələ”nim akademiyasını nəzərə alaraq, İcraiyyə Komitəsinin iclasında, kluba digər 1-ci liqa təmsilçiləri kimi 300 min manat yox 700 min manat ayırmağı qərara aldı.

Görəsən, aşağı liqada olmasına baxmayaraq, yenə də “Qəbələ” akademiyası keyfiyyətli yerli futbolçular yetişdirməyə davam edə biləcək yoxsa kapital azlığı buna maneəçilik törədir?

Mövzuyla bağlı klubun idman direktoru Səbuhi Səfiyarlı “FutbolPress“ə fikirlərini bölüşdü:

“Əlbəttə ki, büdcəmizin azalması akademiyamıza da təsir göstərdi. Doğrudur, İK-nın “Qəbələ” akademiyasına yardım göstərməsiylə bağlı qərarı var. Amma həmin yardımla bağlı mexanizm hələ ki, tam şəkildə işə düşməyib. İndi bizdə büdcənin azalmasına görə bəzi kiçik islahatlar gedir. Məsələn, keçən il akademiyamızda 65 futbolçu qalırdısa, bu il o say 45-ə düşüb”.

Klub funksioneri maliyyənin azalmasına baxmayaraq, əsas hədəflərindən birinin də akademiya olduqlarını bildirdi:

“Amma yenə də əvvəlki məşq prosesləri davam edir. İndi akademiyaya daha çox diqqət ayırmağa başlamışıq. Yəni maddi cəhətdən olmasa belə keyfiyyət baxımından strateji dəyişikliklərə getmişik. Artıq yeni nəsil gənc məşqçilərlə çalışmağa üstünlük veririk. Bəzi məşqçilərimiz öz xahişiylə başqa işlərə keçmək üçün akademiyadan ayrılıblar. Onların yerinə bir neçə gənc məşqçini, əsasən də Bakıda yaşayanları dəvət etmişik. Doğrudur, maddi baxımdan bizə çətindir. Çünki, verəcəyimiz maaşa görə Bakıdakı klublarla rəqabət apara bilmirik. Ümumən, imkan daxilində keyfiyyətli işlər görməyə çalışırıq. Akademiya barədə pessimist deyilik. Hər şey də puldan asılı deyil. Aşağı büdcəylə də yaxşı işlər görmək olar. Əlbəttə, müasir texnologiyayla işləmək üçün daha çox maliyyə lazımdır. “Qəbələ” üçün prioritet mövzulardan biri də yaxşı akademiyamızın olmasıdır. Demək olmaz ki, ötən mövsümlə müqayisədə böyük uçurum yaranıb. Sadəcə akademiyada qalan uşaq sayı azalıb. Cəmi bir yaş qrupumuz – U-16 yarışlardan çəkilib. Qalan bütün aşağı yaş qruplarımız fəaliyyətini davam etdirir”.

Mirkamal

Seçilən
20
futbolpress.az

1Mənbələr