AZ

Onlar hansı aparıcını xatırlayacaq?..

Bir neçə il əvvələ qədər televiziya məkanının məşhur aparıcı-diktoru olan, hər birimizin qəlbində munis duyğularla yaşayan Ofelya Sənani haqqında dünən bir yazı oxudum. Yazını oxuya-oxuya bu fikirləri də ağlımdan keçirdim: bizim televiziya məkanının Ofeliya Sənani, Roza Tağıyeva, Həqiqət Əsgərzadə, Şərqiyyə Hüseynova, Tamilla Ələkbərova, Nərgiz Cəlilova, Nailə İslamzadə, Həmidə Ömərova, Ceyran Rəhimova, Rafiq Hüseynov, Sabir Ələsgərov və sair aparıcı-diktorları olub. Adlarını çəkdiyim və çəkmədiyim həmin aparıcı və diktorların hər birini bu gün istedadı, qabiliyyəti, bacarığı, bir də gözəl diksiyası, geyimi, oturuşu-duruşu, bir sözlə, xanımları əsl azərbaycanlı xanım kimi, kişiləri əsl azərbycanlı bəy kimi xatırlayırıq. Və eyni zamanda onların hər birini həm də sayğı ilə yada salır, haqlarında nümunəvi insan kimi danışırıq.

Yazının sonunda isə özümə belə bir sual verdim: bəs sabah necə, bizim övladlarımız hansı aparıcıları xatırlayacaq? Bu gün televiziya məkanının aparıcı-diktorlarından hansı yuxarıda adlarını sadaladıqlarım qədər yaddaşlara köçə bilib? Bu gün Ofeliya, Roza, Həqiqət, Tamilla, Şərqiyyə, Nailə, Nərgiz və sair xanımların adları çəkiləndə gözlər önünə gözəl, sənətinin sahibi, eyni zamanda el dili ilə desək, oturuşmuş, yerində olan xanımlar gəlir. Onların həm səlis diktorluğu, yeri gələndə öz təşəbbüsləri ilə yaradılan, efirləri bəzəyən verilişləri, yeri gələndə filmlərimizdəki rollarının hər biri nümunəvi, yaddaqalandır. Bir sözlə, onlar sanki hər işdə əzmkar, işinin sahibi, gözəllik yarada bilən insanlar idi.

Bu gün isə biz orta yaş qrupu televiziya məkanında yaddaqalan hansı aparıcını xatırlayırıq, deyə bilərsiniz? Deyə bilmirsiniz? Deməli, bizim övladlarımız heç onlardan birinin belə adını çəkə bilməyəcək gələcəkdə, nəinki xatırlamaq...

Nə üçün belədir? Nə üçün dünənkilər bu qədər yaddaşlara köçə bilib. Bugünkülərin isə heç adını belə bilmirik?

Televiziya elə bir məkandır ki, onun insana təsiri qədər digər biz vasitə yoxdur: həm müsbət, həm mənfi mənada. Elə bu səbəbdən də televiziya necədirsə, özünü necə təkmilləşdirir, işini necə qurursa, elə də yaddaşlarda qalır. Bunun başqa yolu yoxdur.

Deməli, belə bir qənaətə gəlmək olur ki, ötən illərdə televiziya işi ölkəmizdə yaxşı şəkildə qurulmuşdu, orada çalışanlar da seçilib işə qəbul edilmişdi. Onlar kişili-qadınlı, gəncli-yaşlı hər biri öz yerində idi. Hər biri öz yaşının sanki ağası idi. O yaşın haqqını o qədər gözəl verirdi ki...

Lakin bu gün televiziya məkanını zəbt edən onlarla qadın və kişi aparıcı var ki, onların əksəriyyəti özünü efirdə apara bilmir. Qonaqları ələ salır, onların heysiyyatı ilə oynayır, “like” qazanmaq üçün min yox, min bir oyundan çıxır. Əyni-başı heç də bizim mentalitetə uyğun olmayan aparıcılar var. Verilişdə qalmaqal yaradıb auditoriya yığmaq məsqsədli, müzakirə olunan məsələni hər vəchlə mental dəyərlərimizə zidd tərəfə sürükləyən, bəzən ailə, bəzən milli, bəzən mənəvi dəyərlərimizi hər kəsin gözü qarşısındaca-efirdə baltalayan, bundan əsla narahat olmayan, yeri gələndə özünü sözün altından çıxaran, özünə haqq qazandıran, lakin əslində çox haqsız aparıcılar var.

Qonaqlardan çox özü danışan, qonağın sözünü ağzında yarımçıq qoyub bir üzr istəməyi bacarmayan aparıcılarımız var. Hələ onlardan xalqın sərvəti olan televiziya efirini gəlir mənbəyinə çevirənlər, əvvəlcədən hazırlanmış ssenari ilə səhnəciklər quran, özünü itənləri tapan, dağılan ailələri bir yerə toplayan, küsülülləri barışdıran “müdrik” hesab edənlər də var. Əslində isə onların özü insanların münasibətlərin ictimailəşməsinin, həllinin müşkülə çevrilməsinin müəllifləridir.

Beləliklə, bax bu mühitdə, bu televiziya məkanında bizim övladlarımız sabah kimi xatırlayacaq? Biz Ofeyla, Roza, Həqiqət, Şərqiyyə Məlahət, Tamilla, Həmidə, Ceyran xanımları, Rafiq, Sabir və sair kimi apaıcı-diktor kimi uzun illər fəaliyyət göstərən bəyləri bu gün qururla yada salırıq, haqlarında xoş xatirələrlə danışırıq.

Bəs sabah, övladlarımız aparıcı-diktor olaraq kimi xatırlayacaq? Maraqlıdır, deyilmi?..

Mətanət Məmmədova

Seçilən
7
sesqazeti.az

1Mənbələr