AZ

Paşinyan Bəyannamədən dəhşətə gəlir, amma... – Ermənistan yeni konstitusiyanın qəbulunu niyə ləngidir?

Baş nazir Nikol Paşinyan altı ay öncə Ermənistanın yeni konstitusiyasını hazırlamağı tapşırsa da, bu işə məsul ayrıca hökumət komissiyası hələ də müzakirələrə başlamayıb.

“AzPolitika” xəbər verr ki, bu barədə erməni mediası məlumat yayıb.

Paşinyanın 2022-ci ildə yaratdığı Konstitusiya İslahatı Şurasının ilkin məqsədi mövcud konstitusiyaya düzəlişlər etmək idi. Bu ilin mayında Baş nazir göstəriş verib ki, Şura 2027-ci ilin yanvarınadək yeni konstitusiya layihəsini hazırlasın. Həmin addım Azərbaycanın konstitusiyaya dəyişiklik tələbi ilə üst-üstə düşüb. Rəsmi Bakı Ermənistanın indiki konstitusiyasında özünə qarşı ərazi iddialarının olduğunu bildirərək yekun sülh sazişinin imzalanmasını konstitusiyaya məlum dəyişikliklərlə şərtləndirib.

Bakı, özəlliklə konstitusiyanın preambula bölümündən Ermənistanın 1990-cı il Müstəqillik Bəyannaməsinə istinadın çıxarılmasını tələb edir. Sözügedən bəyannamədə Azərbaycanın tərkibindəki keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-ə birləşdirilməsinə dair 1989-cu il aktına istinad var. Dəyişikliyin tək qanuni yolu referendumda yeni konstitusiyanın qəbuludur.

Müxalifətin Azərbaycanın basqısına boyun əydiyi barədə ittihamlarını rədd edən Paşinyan eyni zamanda Bakının tələbini qəbul etməsi barədə birmənalı olmayan işarələr verir. O, noyabrın 13-də məlum tələbi rədd etsə də, ertəsi gün sözügedən bəyannaməyə tənqidini gücləndirib.

Ədliyyə nazirinin müavini yerli mətbuata bildirib ki, Şura hələ nə konstitusiyanın yeni layihəsini, nə də preambula məsələsini müzakirə edib. Yeni konstitusiyanın qəbuluna dair referendumun 2026-cı ilin iyunundakı parlament seçkilərindən sonra - 2027-cildə keçirilməsi nəzərdə tutulub.

Yeni konstitusiya layihəsinin hazırlanmasına cəlb olunan bəzi vətəndaş cəmiyyəti fəalları və siyasətçilər məsələ barədə nikbin fikirdə deyillər. Onların fikrincə, ölkənin yeni Ali Qanunu ya sözügedən tarixdən gec, ya da heç hazır olmaya bilər.

Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 14-də ölkəsinin 1990-cı ildə qəbul olunmuş müstəqillik bəyannaməsini tənqid edib. Azərbaycan məhz bu bəyannaməni Ermənistanla sülh sazişinin imzalanmasına əsas əngəl sayır.

"Müstəqillik Bəyannaməsini dəfələrlə oxumuşam, dəhşətli bir qənaətə gəlmişəm ki, onun məzmunundan belə çıxır, Ermənistan Respublikası mövcud ola bilməz", – Paşinyan parlamentdə hökumətin gələn il üçün büdcə layihəsinin müzakirəsi zamanı deyib. Baş nazir detalları açıqlamayıb.

“AzPolitika.info”

Seçilən
11
azpolitika.info

1Mənbələr