AZ

Plastik və polietilen terroru: Özümüzü və təbiəti zəhərlənməkdən necə qoruna bilərik? - ARAŞDIRMA

Bütün dünyanı “zəbt edən” plastik qablaşdırma və polietilen paketlər hər gün bir az da çoxalır. Əgər əvvəllər bizə 5-10 adda plasik qablaşdırmalı məhsul təklif edilirdisə, bu gün belə məhsulların sayı-hesabı yoxdur. Polietilen paketlərin və plastik qabların kütləvi istehsalı təxminən 50 il əvvəl başlanıb, lakin biz onlardan geniş istifadəyə SSRİ-nın dağılmasından sonra başladıq. 90-cı illərədək ekoloji təmiz kağız və parça torbalar, şüşə və karton qablar istifadə olunurdu. İndi isə hər şeyi polietilen torbalarda və ya plastik qablarda alırıq. Bəs bu kimyəvi qablaşdırma hansı nəticələrə səbəb ola bilər?

Dünya ailmləri plastik qab-qacaqdan istifadənin insan sağlamlığına zərər verməsi ilə bağlı demək olar ki, hər ay həyəcan siqnalı verirlər. Araşdırmalar göstərir ki, plastik qab-qacaq və polietilen paketlər insan, xüsusilə də uşaq orqanizminə son dərəcə ciddi təhlükə yaradır. Bu qablar insanın ürək-damar sistemində çatışmazlıqlar yaradır, hətta bəzən xərçəng xəstəliyinin yaranmasına belə səbəb olur.

Qlobal istiləşmənin bir səbəbi də polietilen torbalarla çirkləndirilmiş təbiət hesab edilir. Cənubi Afrikada sellofan torbalara ironiya ilə “milli çiçək" adı verilib, çünki ölkənin hər yerində hər addımbaşı bu torbalar səpələnib. Banqladeşdə 1988 və 1998-ci illərdə baş verən dağıdıcı leysanın nəticələrinin ağır olmasının səbəbi məhz sellofan torbalarda görülür. Çünki ölkədəki bütün kanalizasiya xətlərinin qabağını bu torbalar kəsərək suyun sürətli axışını ləngidib. 1998-ci ildən bəri Banqladeşin paytaxtında polietilen torbalar qadağan edildi və alternativ variantlar istifadə edildi.

Artıq bir çox ölkələrdə plastik qablaşdırmadan və polietilen paketlərdən istifadəni qanunla qadağan ediblər. 2022-ci ildən etibarən Avropa İttifaqı ərazisində də yemək qabları, qəhvə çubuqları da daxil olmaqla birdəfəlik istifadə olunan plastik məhsulların qadağan edilməsi ilə bağlı qanun qüvvəyə minib.

İndi dünya ölkələrində bu prossesi yavaşlatmaq və dayandırmaq üçün bir çox ölkələrdə sellofan-plastik-polietilen torbaların istifadəsinə ya icazə verilmir, ya da onların istifadəsi məhdudlaşdırılıb. Artıq dünyanın bir sıra ölkələrində yeməklərin, xüsusilə də isti yeməklərin plastik qablarda verilməsindən tam imtina olunub. Onlarda yeməklər karton qablarda verilir.

Lakin bu sahədə Azərbaycanda ciddi problemlər var. Əksər şirniyyat kafelərində və qəlyənatılarda verilən çay və kofe qaynar halda plastik stakanda təklif olunur ki, bu da orzaniqmin zəhərlənməsi deməkdir. Bunu satıcılara irad tutanda bildirirlər ki, başqa əlac yoxdur: “Heç kim hamının istifadə etdiyi fincanda içmək istəmir. Deyirlər ki, biz nə bilək, bunda kim nə içib, necə yuyulub, şəhərdə minlərlə yoluxucu xəstəliyi olan adam gəzir”.

Keçən il belə bir cəhd edildi ki, mağazalarda sellofan paketlərin istifadəsi azalsın, bu məqsədlə həmin paketlər pullu edildi. Lakin bu tədbir demək olar ki, heç bir effect vermədi, yalnız alıcıları əlavə xərcə saldı. Belə paketlərin istifadəsi cüzi azaldı, ciddi təsir olmadı. Plastik qablaşdırma isə nəinki azalmır, getdikcə də artır.

Mütəxəssislər bu qabların zərərli olduğunu və ondan istifadənin minimuma endirilməsinin vacibliyini deyir. Əgər siz evə, iş yerinə yemək sifariş edirsinizsə, heç bir halda onu plastik qablarda qəbul etməyin. Yeməklərin keyfiyyəti yüksək olsa belə, bu qidaların qoyulduğu birdəfəlik istifadə üçün nəzərdə tutulmuş plastik qablar istilik zamanı öz tərkibində olan zərərli kimyəvi maddələri yeməyə və ya içkiyə buraxır. Nəticədə xəbərimiz olmadan orqanizmimizi qidalandırmaq əvəzinə zəhərləyirik.

Hətta bəzi hallarda insanlar yeməyi birdəfəlik qablarda mikrodalğalı sobalarda qızdırırlar. Bu isə qabların kimyəvi tərkibinin yeməyə qarışmasını daha da sürətləndirir və son dərəcə zərərlidir.

Aparılan araşdırmalar zamanı məlum olub ki, əmziklər və uşaqlar üçün süd butulkaları başda olmaqla bir çox plastik məhsulda istifadə edilən “BPA” maddəsi yeniyetmə və uşaqların, xüsusilə də 1 yaşadək körpələrin inkişafına mənfi təsir edir.

Ölümcül təhlükə yaratdığı üçün ABŞ, Kanada, Danimarka, Fransa, İtaliya olmaq üzrə dünyanın bir çox ölkəsində istehsalı dayandırılan əmzik və plastik süd-su şüşələri həzm sistemində problemlər, immunnitet zəifliyi, psixi problemlər, piylənmə, hiperaktivlik, ürək xəstəliyi, qızlarda döş xərçəngi və sonsuzluq kimi xəstəliklərə səbəb olur.

İstehlakçıya təklif edilən əmziklərin çoxu, “Bisfenol A” tərkibli polikarbonatdan istehsal olunur. “Bisfenol A”, əmziyin içindəki mayeyə keçə bilən, hormon sisteminə zərər verən kimyəvi maddədir. Bu maddə körpə əmzikləri ilə yanaşı, su şüşələrində, tibbi cihazlarda, idman ləvazimatlarında, plastik plastik stəkanlar kimi bir çox məhsulda var.

Son araşdırmalara görə Amerikada insanların 93%-nin qanında “Bisfenol A” var. Bu ölkədə satılan hər 10 əmzikdən 9-da BPA tapılıb. Niderlandda aparılan araşdırma zamanı insan bədənində və qanında plastik partikulların artdığı aşkar olunub.

Qeyd edək ki, plastik və polietilen torbalar ekologiyaya da dəhşətli zərrə vurur. Amerikada aparılan ən son araşdırma zamanı məlum oldu ki, hər il dünyada təxminən 1 trillion sellofan torba istehsal edilir. Dünyada hər 1 dəqiqədə isə 2 milyon plastik qab və polietilen torba zibil qutusuna atılır. Polietilenin çürüyərək yox olması üçün torpaqda 800 il, dənizdə isə 400 il lazım gəlir. Platik qablar vvə polietilen paketlərin təbiətə vurduğu zərərin sayı hesaba gəlməyəcək qədər çoxdur.

Rusiyada aparılan bir araşdırma zamanı məlum oldu ki, okeanda səfərdə olan gəmilər ildə 4 milyon kiloqram polietilen torbanı dənizə atır. Artıq okeanlarda nəhəng pastik və selofan “dənizləri” əmələ gəlib. Okean və dənizlərdəki canlıların 40 faizdən çoxunun mədəsində plastik var.

Təbiətə atılmış polietilenlər çürüməyə başladıqdan sonra ətrafa zərərli kimyəvi maddələr yayır və bu maddələr torpağa, suya qarışaraq qida zəncirimizi yavaş-yavaş çirkləndirir. Dənizləri, gölləri, çayları eybəcər hala salır, kanalizasiyaları tıxayır, yollarda xəzan əvəzinə sellofan torbalar uçuşur. Bu kimyəvi tullantılar təkcə suyu yox, torpağı və havanı da zəhərləyir. Adi qaydada atıldıqda suyu, torpağı, yandırıldıqda isə havanı zəhərləyir. Ən böyük zərəri isə insan sağlamlığına vurur, xərçəngdən tutmuş hər cür xəstəlik yaradır.

Yeri gəlmişkən, Sağlam Cəmiyyət Hərəkatı polietilen torbalarla bağlı onlayn sorğu keçirib, nəticə çox maraqlı olub. Təşkilatın sosial şəbəkə səhifəsində respondentlərə “Plastik qabların və polietilen paketlərin istifadəsinin qadağan olunmasına tərəfdarsınızmı?” sualı ünvanlanıb. Soğruda iştirak edən 64 nəfərdən 59-u tam qadağaya tərəfdar olduğunu bildirib və təbii məhsullardan istifadəyə keçilməsinin vacibliyini deyib. 5 nəfər isə plastik və polietilen qablaşdırmaların daha rahat olduğunu deyərək qadağan edilməsinə tərəfdar olmadığını bildirib.

Bəs təbiəti və özümüzü bu fəlakətdən xilas etmək yollar yoxdurmu? Təbii ki, var! Sovet dövründə istifadə olunan şüşə, parça, kağız, karton qablaşdırmaya qayıtmaq lazımdır. Niyə bütün qablar birdəfəlik olmalıdır? O vaxt şüşə butulka və banka qəbulu məntəqələri var idi. İndi də bu işi təşkil etmək olar. İnsanlar bazar-dukana gedəndə parçadan ve brezentdən hazırlanmış torbalar götürürdülər, mağazalarda isə məsələn yağı indiki kimi sellofana bukub vermirdilər, kağıza büküb verirdilər. Bu daha sağlam üsuldur və təbiətə də zərər vurmur.

Azərbaycanda tətbiq olunan məhdudlaşdırma ona görə effekt vermədi ki, uğurlu alternativlər təşkil olunmadı. Bu proses kompleks şəkildə və tam miqyasda aparılmalıdır. Əvvəla, şüşə qabların, taxta taraların qəbulu məntəqələri təşkil olunmalıdır, ikincisi kağız, parça, brezent paketlər, çantalar ucuz qiymətə təklif olunmalıdır. Plastik və polietilən paketlərin yeni bioloji təmiz növlərindən qismən istifadə təşkil olunmalıdır.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti çərçivəsində hazırlanıb

Seçilən
19
sesqazeti.az

1Mənbələr