AZ

COP29-da əldə olunan razılaşmalar iqlim fəsadları ilə mübarizədə yeni layihələrin icrasına zəmin yaradacaq

Karbon emissiyasının azadılması öhdəliklərinə sadiq qalan Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasını (COP29) yüksək səviyyədə keçirməklə bəşəriyyətin gələcək taleyinə biganə olmadığını sübut etdi. Son bir neçə ayda bir sıra qüvvələr iqlim konfransının əleyhinə iş aparsalar da, heç nəyə nail ola bilmədilər, əksinə, COP29 ciddi qərarlarla yadda qaldı.

Bunu Bakıda keçirilən mötəbər beynəlxalq tədbirin yekunları ilə əlaqədar “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib.

İctimai Birliyin sədri qeyd edib ki, beynəlxalq birlik qlobal iqlim dəyişikliyinin nəticələrinin yumşaldılması istiqamətində ciddi qərarlar qəbul edib: “Əsas yol xəritəsi 2015-ci ildə qəbul olunmuş Paris razılaşmasıdır. Qalıq yanacaq istehsalçısı və ixracatçısı olsa da, Azərbaycan həmin razılaşmaya sadiqdir. Son 15 ildə bərpaolunan enerjiyə keçid istiqamətində əhəmiyyətli addımlar atılıb. COP29 ərəfəsində Qərbdəki müəyyən çevrələrdən müxtəlif təzyiqlərə, aparılan qara piar kampaniyalarına baxmayaraq, Azərbaycan karbon emissiyasının azaldılması ilə bağlı beynəlxalq öhdəliklərinə sadiq qaldığını, özünün iqlim dəyişikliyinə uyğunlaşma təşəbbüsləri ilə həmin prosesdə lider dövlətlərdən biri olduğunu nümayiş etdirdi. Yüksək səviyyədə təşkil edilən COP29 qəbul olunan mühüm qərarlarla tarixə düşdü. İndiyə qədər mitiqasiya və adaptasiya tədbirlərinin həyata keçirilməsində Paris razılaşması əsas tutulurdusa, bundan sonra həm də COP29 Bakı konfransında qəbul olunmuş qərarlar əsas götürüləcək.

Bakı konfransında 2015-ci ildən bəri ilk dəfə olaraq COP29-da Paris Sazişinin 6-cı maddəsi tam şəkildə işlək vəziyyətə gətirilməsi ilə bağlı razılıq əldə olundu. Bu maddə ilə bağlı əldə olunan razılaşma ətraf mühitin qorunmasına ciddi yanaşmanı təmin edəcək. 6-cı maddə üzrə əməkdaşlıq qlobal iqlim dəyişikliyinin nəticələrinin yumşaldılması və uyğunlaşma tədbirlərini tənzimləyəcək”.

E.Cəfərov daha sonra deyib: “Əldə edilən razılaşma tarixi sənəddir və onun qəbul edilməsi heç də asanlıqla başa gəlməyib. Onun qəbul edilməsində təzyiq edən dövlətlər son anda geri addım atdılar. Bakı razılaşmasının Azərbaycanın sədrliyi ilə əldə olunması ölkəmizə olan etimadın nəticəsidir. Ölkələr Bakıda karbon kreditlərinin alqı-satqısı üçün qlobal bazar qaydaları ilə bağlı razılığa gəldilər. Bu da qlobal iqlim fəsadları ilə mübarizə üçün yeni layihələrin icrasına yaşıl işıq yandıracaq və həmin layihələrin icrasına maliyyə vəsatinə çıxışı asanlaşacaq. COP29-da əldə olunan mühüm razılaşmalardan biri də Bakı Maliyyə Məqsədinin qəbul olunmasıdır. Qeyd edim ki, Azərbaycanın nail olmaq istədiyi əsas məqsədlərdən biri də məhz bu idi. Bakı Maliyyə Məqsədi inkişaf etmiş ölkələrin 2035-ci ilə qədər inkişaf etməkdə olan dövlətlər üçün hər il ən azı 300 milyard dollar məbləğində vəsaitin ayrılmasına rəhbərlik etməsini nəzərdə tutur. Bu, əvvəlki 100 milyard dollarlıq iqlim maliyyəsi məqsədindən xeyli yüksəkdir. Qlobal Adaptasiya Hədəfi sənədi ilə Bakı Adaptasiya Yol Xəritəsinin yaradılması, 10 illik Yenilənmiş Gender üzrə Lima İş Proqramının qəbul edilməsi COP29-un yekununda qəbul olunan mühüm tarixi qərarlardan sayıla bilər”.

Oxuməni.az

Seçilən
7
oxumeni.az

1Mənbələr