Azərbaycan Şərqi Avropa ölkələri ilə müqayisə oluna bilər.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, Azərbaycan indi elə inkişaf səviyyəsindədir ki, Cənubi Qafqazın hansıa ölkəsi ilə müqayisə edilməməlidir: “Azərbaycan Şərqi Avropa ölkələri ilə müqayisə oluna bilər”.
Siyavuş Novruzov qeyd edib ki, Azərbaycan bu gün məcburdur ki, ermənilər tərəfindən torpaqlarımızda basdırılmış minadan təmizləməyə vəsait ayrılsın: “Bu olmasaydı, həmin vəsait sosial problemlərin həllinə yönəldərdi. Məsələn, Bolqarıstanda minadan təmizləməyə pul ayrılmır. 30 ildir bizim yaşayış yerlərimiz, xəstəxanalarımız, məktəblərimiz dağıdılıb. İndi öz qazancımızın böyük hissəsini bunların bərpasına xərcləyirik. 30 ildən artıq biz 1 milyon məcburi köçkün saxlamışıq. Azərbaycanın vəziyyəti ilə başqasını eyniləşdirmək olmaz. Bu gün Ermənistana pulsuz silahlar verilir. Azərbaycan məcburdur ki, müdafiə və təhlükəsizlik xərclərini artırsın”.