AZ

ABŞ-ÇXR: ticarət müharibəsi qaçılmazdır? – ŞƏRH

Ekspert: “Hər bir ölkə qazandığı gəlirləri Amerika-Britaniya kapitalının nəzarətində olan transmilli şirkətlərlə bölüşməlidir, Çin isə öz gəlilərini ancaq öz ehtiyacları üçün istifadə edir”

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın gələcək administrasiyasında əsas vəzifələrə Çinə mənfi münasibət göstərən siyasətçilərin təyin edilməsi Pekində narahatlıq doğurur. Bu barədə Financial Times qəzeti yazır.

Nəşrin məlumatına görə, Çin hakimiyyəti ABŞ-la münasibətlərdə sabitliyə nail olmağı planlaşdırır və yeni ticarət müharibəsi istəmir. Bununla bağlı Pekin 2016-2020-ci illərdə ilk prezidentlik dövründə onun administrasiyasının tərkibində olan keçmiş Tramp komandasının nümayəndələri ilə əlaqələri bərpa etmək niyyətindədir.

Bununla belə, qəzetin yazdığı kimi, Tramp artıq Çinə mənfi münasibət bəsləyən siyasətçiləri gələcək administrasiyasında əsas vəzifələrə təyin edib. Xüsusilə, Nümayəndələr Palatasının üzvü Mayk Vals prezidentin milli təhlükəsizlik üzrə köməkçisi olacaq. Dövlət katibi isə Marko Rubiodur.

Bundan əlavə, məlumdur ki, Tramp birinci prezidentliyi dövründə Çinlə ticarət müharibəsinin təşəbbüskarlarından biri olmuş Robert Laythazeri də öz administrasiyasına dəvət etmək niyyətindədir.

2025-ci ilin yanvarından sonra Çin və ABŞ arasında yenidən başlayan ticarət müharibəsinin riskləri nələrdir? Bu qaçılmazdır, yoxsa bütün qlobal iqtisadiyyat üçün belə bir mənfi ssenarinin qarşısını almaq olar? Bu dəfə Vaşinqtonun hansısa yolla Pekinlə razılığa gəlmək istəməsi şansı varmı?

Dünya Siyasəti İnstitutunun (Bişkek) direktoru Şeradil Baktıqulov Caliber.Az-a şərhində bildirib ki, Donald Trampın ABŞ prezidenti kimi Çinlə ticarətə məhdudiyyətlər tətbiq etməsi ilə bağlı kifayət qədər geniş yayılmış yanlış fikir var.

“Əslində 2015-ci ildə ABŞ-ın o zamankı demokratlardan olan prezidenti Barak Obama Çinə maliyyə sanksiyaları tətbiq etdi. Donald Tramp hakimiyyətə gəldikdən sonra məhdudiyyətlər siyahısını genişləndirdi. Hazırkı prezident Co Bayden də kənarda qalmadı və bir sıra məhdudiyyətlər tətbiq etdi, bunlardan ən məşhuru Çin elektrik avtomobillərinə tariflərin artırılmasıdır. ÜTT-nin bir sıra məhdudiyyətləri təşkilatın qaydalara uyğun gəlməməsi kimi tanımasına, digərləri isə açıq şəkildə qərarı gecikdirməsinə baxmayaraq, bu niyə baş verir?

Biz “Bretton Woods” müqavilələrinin mahiyyətini dərk etməliyik. Hər bir ölkə qazandığı kapitalı Amerika-Britaniya kapitalının nəzarətində olan transmilli şirkətlərlə bölüşməlidir. Nə qədər ki, ölkənin gəlirləri onlarla bölünəcək, Səudiyyə Ərəbistanında olduğu kimi hər şey yaxşı olacaq. Səudiyyədə demokratiya, heç bir azadlıq və insan haqları yoxdur, amma ABŞ və digər Qərb ölkələri ona qarşı heç bir sanksiya tətbiq etmir. Əgər hansısa ölkə bu sistemin bir hissəsi olmaqla transmilli şirkətlərin gəlirlərini məhdudlaşdırırsa, o zaman Venesuela və ya İran kimi sanksiyalara məruz qalacaq”, - institutun direktoru izah edir.

Onun sözlərinə görə, Çin yeganə ölkədir ki, bu sistemin bir hissəsi olmayıb və Çin şirkətlərinin qazandığı pulları öz ehtiyacları üçün istifadə edir.

"Bütün dünyada bir "arzu" var- "hər çinli bir dollar ödəsə, mən milyarder olacağam." Buna görə də ABŞ-ın ticarət məhdudiyyətləri Çin kapitalından pay almaq üçün Çinə qarşı oyundur. ABŞ, Aİ və digər ölkələr birtərəfli sanksiyalarını ÜTT-nin ləğv etməməsi üçün siyasiləşdirilmiş şüarlar altında məhdudiyyətlər tətbiq edirlər.

Məsələn, ABŞ, Aİ və digər ölkələr Çindən gətirilən pambığın istifadəsini qadağan edib. Orada pambıq əsasən Sincanda istehsal olunur. Müvafiq olaraq, “qul əməyi”nin işlədilməsi ilə bağlı ifadə təqdim edilir. Lakin onun haqqında məlumat heç vaxt Çində olmamış bir Qərb tədqiqatçısının məqalələrinə əsaslanır. Bu məqalələrdə uyğur qaçqınlarına istinadlar yer alıb. Onlara inanıb inanmamaq şəxsi məsələdir, lakin bu payızda Avstriyada bir tacik “homoseksual” qaçqın statusundan məhrum edilib. Bu vətəndaş qeyri-ənənəvi oriyentasiyasına görə Tacikistan və Rusiyada təqiblərə məruz qaldığını bildirərək bu statusu alıb, lakin arvadı və 3 uşağını Avstriyaya gətirməyə cəhd etdiyi üçün bundan məhrum edilib. Özü üçün daha yaxşı həyat axtarışında olan insan istənilən hekayəni danışa bilər”,- ekspert qeyd edib.

Ekspert sual verir: niyə Çini bu bazardan çıxarmaq lazımdır? “Dünyanın ən böyük beş pambıq istehsalçısı Çin, Hindistan, ABŞ, Braziliya və Pakistandır. Onlar dünya pambığının təxminən 75%-ni istehsal edirlər. Bununla belə, pambıq bazarına Amerika-Britaniya mənşəli transmilli şirkətlər nəzarət edir. Məsələ burasındadır ki, pambıq təkcə geyim istehsalı üçün deyil, həm də barıt (patronlardan tutmuş raket və yaxın mənzilli raketlər üçün), kağız pul çapı üçün xammaldır. Çinin bu bazardan kənarda qalması pambığın qiymətinin artmasına səbəb olacaq. Söhbət onlarla, yüz milyonlarla ABŞ dollarından gedir. Onlardan hansı belə bir “tort payından” imtina etməyə hazırdır? Sual ritorikdir. Lakin bu, Donald Tramp və komandasının Çinlə bağlı gələcək fəaliyyətlərinin əsas motividir - Çin kapitalından pay almaq”, - Baktıqulov yekunlaşdırır.

Tərcümə - Elçin Bayramlı

Seçilən
10
sesqazeti.az

1Mənbələr