AZ

Trampdan RADİKAL ADDIMLAR: “NATO, Ukrayna və Avropa….”

“Donald Tramp birinci prezidentlik dövründə artıq sübut edib ki, proqnozlaşdırılması çətin bir siyasətçidir. O, atdığı addımlarda həmişə ABŞ-ın hansı səviyyədə mənfəət əldə edəcəyinə fokuslanıb. Biznes adamı olması onu daha çox mənfəət mərkəzli düşünməyə məcbur edir və bu vərdiş onun siyasətinə də təsir edib”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib.

Siyasi təhlilçi, adətən, dünya siyasətində adioz bir persona kimi qəbul edilən Donald Trampın prezidentliyi dövründə qəbul edəcəyi radikal qərarları şərh edib.

Onun sözlərinə görə, D. Tramp birinci prezidentlik dövründə hər kəsi təəccübləndirən radikal addımlar atmaq niyyətini açıq şəkildə göstərmişdi:

“İndi isə əsasən, LGBT təmsilçilərinin üzərinə hücuma keçmək niyyətindədir. Bayden administrasiyası dövründə həm ABŞ-də, həm də bəzi Qərb ölkələrində LGBT təmsilçilərinin ön plana çıxma prosesi güclənmişdi. Tramp LGBT təmsilçilərinin hərbi sahədən uzaqlaşdırılması və məktəblərdə LGBT təbliğatının qarşısının alınması kimi tədbirlər görməyi planlaşdırır. Bu addımları cəmiyyətdə həm təqdir, həm də tənqid ilə qarşılanır”.

Analitik əlavə edib ki, Trampın Avropa Birliyi ilə bağlı siyasətində əsas hədəf ABŞ-nin Avropanın təhlükəsizliyini maliyyələşdirməkdən imtina etməsidir:

“Avropa ölkələrinə xəbərdarlıq edilib ki, öz təhlükəsizliklərini artıq öz büdcələri hesabına təmin etməlidirlər. Avropa Birliyi uzun illər NATO-nun təmin etdiyi təhlükəsizlik çətirindən faydalanıb və hərbi sahəyə ciddi maliyyə xərcləri yönəltməyib. Tramp NATO-nun əsas maliyyələşdiricisi olmaqdan imtina etməyi və ABŞ-nin NATO-dan çıxarılması prosesini başlamağı nəzərdə tutur. Əvvəlki prezidentlik dövründə bu planı həyata keçirmək istəyib, lakin buna nail ola bilməyib. İndi isə bu prosesi tamamlamağı planlaşdırır. NATO və Avropa Birliyində bu məsələyə dair ciddi narahatlıq var, çünki NATO olmadan Qərb ölkələrinin təhlükəsizliyi ciddi problemlərlə üzləşə bilər. Bundan əlavə, Tramp ABŞ, Yeni Zelandiya, Avstraliya və Britaniyanın daxil olduğu hərbi birliyi inkişaf etdirməyi düşünür. Bu qurum NATO-ya alternativ kimi təqdim edilir və onun rolunun genişlənməsi planlaşdırılır”.

Siyasi şərhçinin fikrincə, Bayden administrasiyasının Ukraynanın Rusiyanın dərinliklərinə zərbələr endirməsinə icazə verməsi Trampın Ukrayna müharibəsini dayandırmaq planlarına da maneə törədir:

“Tramp Rusiyanın işğal etdiyi ərazilərin Ukrayna tərəfindən tanınması şərti ilə münaqişəni həll etməyə çalışır. Lakin bu yanaşma Ukraynanın ərazi bütövlüyünün qurban verilməsi hesabına baş verə bilər. Qərbdə bəzi dairələr Trampın Rusiya ilə anlaşmasını çətinləşdirmək üçün müxtəlif addımlar atırlar. Bununla belə, Rusiyanın daxilinə endirilən zərbələr və Rusiyanın mümkün nüvə cavabına dair narahatlıqlar qlobal münaqişə riskini artırır”.

“Qısacası, Trampın prezidentliyə qayıtması dünya siyasətində ciddi dəyişikliklərə səbəb ola bilər. Onun NATO ilə bağlı qərarları, LGBT siyasətindəki dəyişiklikləri və Avropa ilə münasibətlərdəki radikal yanaşmaları ABŞ-nin beynəlxalq mövqeyinə təsir edəcək. Həmçinin Trampın Ukrayna müharibəsinə yanaşması və Rusiyaya qarşı mövqeyi beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olacaq”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

Seçilən
5
yenicag.az

1Mənbələr