“Turan Tovuz”un müdafiəçisi Faiq Hacıyev apasport.az saytına müsahibə verib.
- "Turan Tovuz" evdə "Sabah"la bərabərə qaldı. Həmin görüşdə heç-heçəni ədalətli hesab edirsən, yoxsa qalib gəlməyə daha çox layiq idiz?
- Deyə bilərik ki, ədalətli nəticə oldu. Hər iki komandanın şansları var idi. Demək olmaz ki, hansısa komanda digərindən üstün oynadı. Məncə, elə 1:1 ədalətli nəticə idi. Amma biz də bu oyuna qalib gəlmək üçün çıxmışdıq.
- Hesabı açdıqdan sonra üstünlüyü qoruyub-saxlaya bilməmək nə ilə bağlı idi? "Sabah"ın qarşısını almaq çox çətin idi?
- "Sabah"ın yaxşı əks-hücuma çıxdığını bilirdik. Buna qarşı hazırlaşsaq da, "Sabah" qolu elə əks-hücumdan sonra vurdu. Bu da onların üstün cəhətinin olmasını göstərir. Bizim də şanslarımız var idi. Belə alındı ki, oyun bərabərliklə bitdi.
- Sənin haqqında tez-tez belə fikirlər səslənir ki "Kurban Berdıyev Faiqə bir ildə nə edib ki, birdən-birə belə artırıb?"...
- Berdıyev hər birimizlə həm komanda olaraq, həm də təkbətək söhbətlər edir. Biz də onun təcrübəsindən yararlanmağa çalışırıq. Belə məşqçi ilə işləmək mənim üçün də böyük şansdır.
- "Turan Tovuz" hazırda turnir cədvəlində üçüncü pillədədir. Bu nəticə sizi razı salır? Yoxsa, planınız minimum ikincilik idi?
- Əlbəttə, nəyəsə nail olmaq üçün pillə-pillə getməlisən. Gələcəkdə nələr olacaq onu zaman göstərəcək. Biz ən yaxşısı üçün çalışırıq. Əlimizdən gələni də edirik.
- Artıq ilk üçlük dördüncü pillədən uzaqlaşıb. Əvvəl "Qarabağ"a çatmaq çətin idi, xal fərqi yüksək idi. İndi isə deyəsən, üçlük birlikdə digərlərindən uzaqlaşır, xal fərqi artır. "Qarabağ", "Araz-Naxçıvan", "Turan Tovuz"a çatmaq digərləri üçün çox çətin olacaq?
- Çempionat hələ uzundur. İndidən nəyisə demək düzgün olmaz. Üç xallıq sistemdə hər şeybir anda dəyişə bilər. Ona görə özümüzə arxayınlaşmağa imkan verməməliyik. Ona görə də sona qədər mübarizə aparacağıq. Komandamıza inanıram.
- "Turan Tovuz" növbəti turda "Araz-Naxçıvan"la qarşılaşacaq. Demək olar ki, altı xallıq oyundur. Bu görüşdə qələbə qazanacağınıza inanırsan?
- Hər oyunda olduğu kimi bu matça da qələbə qazanmaq üçün çıxacağıq. "Araz-Naxçıvan" da yaxşı formadadır. Ona görə maksimum diqqətlə bu oyuna hazırlaşacağıq. Təbii ki, bu görüşdə də ən yaxşı nəticə üçün çalışacağıq. Çətin olacağını bilirik, amma maksimumu etməyə can atacağıq.
- "Turan Tovuz"u sezonun sonunda avrokuboklarda xəyal edirsən? Səncə, bunu reallaşdıra biləcəksiz? Kollektivdə bu yöndə yəqin ki, yavaş-yavaş da olsa, söhbətlər gedir?
- Əlbəttə ki, hər bir futbolçu kimi, biz də o anı yaşamaq istəyirik. Çalışırıq, məşq edirik. Allah qoysa, əziyyətimizin bəhrəsini mövsümün sonunda görərik.
Berdıyev "Turan"dan gedir?
"Lion"nun Bakıdakı açıq məşqinin vaxtı müəyyənləşib
Elvin Camalov Premyer Liqada 250-ci oyununu keçirib
“Qarabağ” son 24 ildə bunu bacaran ilk komanda oldu
"Sabah"ın legionerindən yubiley qolu