Elza Seyidcahan “Həmin Zaur” verilişində yazdığı şeirlərin birinin dərsliklərə düşəcəyini iddia edib.
Yerli mətbuatda yayılan məlumatlara görə, Əməkdar artist fikirlərini belə açıqlayıb:
“Yazdığım şeirlərdən biri artıq dərsliyi düşüb. Bu yaxınlarda mənə zəng vurub dedilər ki, imtahana getmişdik. Orada bilet çəkəndə haqqınızda yazılmışdı. Amma nə yazıldığı tam yadımda qalmayıb.
İmtahanda sual olaraq qoyulub. Yəni artıq dərsliyə düşüb. Seir haqqında sual olub. Həmin tələbə imtahandan kəsilməyib, çünki düzgün cavabı tapıb.
İstərdim ki, “Əşyalar” adlı şeirim dərsliyə düşsün”.
Məsələ ilə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyindən "Cebheinfo.az"-ın sorğusuna cavab olaraq bildirilib ki, dövlət ümumi təhsil müəssisələrində istifadədə olan dərsliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 sentyabr 2020-ci il tarixli 361 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları”na və həmin sənədə əsasən hazırlanmış fənlər üzrə təhsil proqramlarına (kurikulumlara) uyğun hazırlanır:
"Azərbaycan dili fənni üzrə dərsliklər də həmin fənn üzrə təhsil proqramının (kurikulumunun) əsasında tərtib olunur və proqramın (kurikulumun) əsas məqsədi şagirdin bilik, bacarıq və səriştələrə yiyələnməsi, onlarda nitq bacarıqlarını, dinləmə və danışma, oxu, yazı, dil qaydaları biliklərini formalaşdırmaq və inkişaf etdirməkdir".
Qeyd edilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 fevral tarixli 67 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması Qaydası”na əsasən dərsliklər fiziki və (və ya) hüquqi şəxslər tərəfindən hazırlanır və dərsliklər üçün mətnlərin seçimində nəşriyyat-poliqrafiya müəssisələri və müəlliflər müstəqildir:
"Buna baxmayaraq, ümumi təhsil pilləsi üçün hazırlanmış hər bir dərslik yuxarıda adıçəkilən Qaydanın 3.8-ci bəndindəki meyarlar əsasında qiymətləndirilir ki, dərsliklərdəki hər bir materialın təhsil proqramına (kurikuluma) uyğunluğu, elmi etibarlılığı, dəqiqliyi, inkişafyönümlülüyü, tərbiyəyönümlülüyü, dəyəryönümlülüyü, şagirdlərin yaş xüsusiyyətlərinə və b. uyğunluğu gözlənilməlidir.
Dövlət ümumi təhsil müəssisələrində istifadədə olan dərsliklərdə Elza Seyidcahanın müəllif olduğu şeir nümunəsi yer almır".