AZ

Yaxın vaxtlarda Kəlbəcər sakinləri öz dədə-baba yurdlarına geri qayıdacaqlar -Deputat

Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu bir güllə atılmadan, qan tökülmədən işğaldan azad edildi. Sözsüz ki, bu uğur Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bütün müstəvilərdə apardığı düşünülmüş siyasətin nəticəsi idi.

“İki sahil” xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, Azərbaycan Ordusunun gücü Ermənistanı ərazilərimizi tərk etməyə vadar etdi: “1993-cü ildə işğaldan dərhal sonra Ermənistan BMT və ATƏT-in prinsiplərinə zidd olaraq Kəlbəcərdə qeyri-qanuni məskunlaşdırma siyasəti həyata keçirməyə başlamışdı. Onlar hesab edirdilər ki, Kəlbəcəri heç zaman tərk etməyəcəklər. Azərbaycan Kəlbəcəri işğaldan azad etməklə eyni zamanda BMT Təhlükəsizlik Şurasının 27 ildən çoxdur kağız üzərində qalan 822 saylı qətnaməsini icra etmiş oldu və beynəlxalq hüququn bərqərar olmasına nail oldu”.

Deputat bildirib ki, Kəlbəcər Azərbaycanın ən böyük ərazisi olan rayonudur: “Kəlbəcər həm də strateji və çətin relyefə malik olan bir rayondur. Orada yüksək dağlar, dərin enişlər, yoxuşlar, çaylar var. Bu 27 il ərzində düşmən də boş dayanmayıb və möhkəm istehkamlar qurmuşdu. Onlar 27 il işğalda saxladıqları rayonu tərk edərkən də evləri, binaları, tikililəri talan edib, yandırıb, ağacları qırıb, ekoloji terrora əl atdılar. Bundan başqa, onlar Kəlbəcəri tərk etməzdən əvvəl rayonunun müxtəlif ərazilərində, yol keçidlərində piyada və tank əleyhinə minalar basdırmışdılar. Bütün bunlar erməni xislətinin təzahürüdür".

S.Salmanova qeyd edib ki, hazırda işğaldan azad edilmiş digər rayonlarda olduğu kimi, Kəlbəcərdə də böyük bərpa-quruculuq işləri aparılır: “Düşmən orada da daşı daş üstünə qoymamışdı. Azərbaycan dövləti öz vəsaiti hesabına hazırda Kəlbəcəri yenidən qurur, kəndlər, qəsəbələr salır. Əminəm ki, yaxın vaxtlarda Kəlbəcər sakinləri öz dədə-baba yurdlarına geri qayıdacaqlar və orada əbədi yaşayacaqlar”.

Seçilən
27
1
ikisahil.az

2Mənbələr