AZ

Zahid Oruc: ”Bəlkə azad torpaqlara traktor parkı bağışlayan Belarus kənd təsərrüfatı mütəxəssislərindən xahiş edək ki..."

Bu gün Milli Məclisin iclasında İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc maraqlı çıxş edib.

Mia.az həmin çıxşşı təqdim edir:

"2025-ci ilin dövlət büdcəsi layihəsi prezident İlham Əliyevin iki  strateji hədəfini dünyaya nümayiş etdirir":

Bəllidir ki, büdcə layihəsi aylarla hazırlanır, lakin indi beynəlxalq təhlükəsizlik şəraiti hər gün dəyişir. Geosiyətin əlifbasına görə, sərhəddinə 500 km-lik yaxınlıqda müharibə gedirsə, tarazlı büdcə siyasəti üçün bütün risqləri hesablamalısan. Layihədə yalnız neftin qiymət konyunkturasına uyğun 3 ssenariyə baxılıb. Lakin ən azı iki regional savaşın radiusu böyüyür və dövriyyəyə kütləvi qırğın silahları daxil olur. Büdcəsi 1.4 trilyon dollar olan NATO-ya üzv ölkələrdə hərbi təlimlərin intensivliyi 3 dəfə artıb, son bir ildə dünyada toplam hərbi xərclər 7 faiz artaraq, 2.4 trilyon dollara çatıb.

Əlbəttə, şişirdilmiş ehtiyatlılıq və əsassız bədbinliyin əleyhinəyik. Militarist iqtisadiyyat, hərbi relslərə daşınmağı da təklif etmirik. Onsuz da müasir dövrdə təhlükəsizlik yalnız hərbi vasitələrlə təmin olunmur. Yerləşdiyimiz regionda baş verən müharibələrin yeni mərhələyə-strateji çökdürmə və orta-uzaqmənzilli raketlər erasına qədəm qoyması, konfliktlərin coğrafiyasının genişlənməsi, ölkəmizin büdcə planlaşdırılmasında yeni rejimə-dövlətin xalq qarşısında birinci dərəcəli öhdəliklərin yerinə yetirilməsi siyasətinə keçməyi zəruri edir.

Sosial xərclər, enerji gücünün fasiləsiz çalışması, ordunun təminatının artırılması, Böyük qayıdış kursunu saxlamaq şərtilə bir çox ikinci dərəcəli xərcləri, bəzi investisiya layihələrini təxirə salmaq olar. Xəzərin üzərindən 100 km-lərlə məsafədə hədəflər vurulursa, ənənəvi ticarət tərəfdaşları bloklara cəlb olunursa, ölkəmizin hərbi-siyasi neytrallığını qoruyub saxlaması asan olmayacaq. Vətəndaşlarımız bilir ki, sanksiyalardan yan keçməklə ölkəmizin beynəlxalq əlaqalərinin müntəzəm çalışması liderimizin siyasi məharətinin nəticəsidir. Lakin prezidentin bir çıxışında deyilir ki, biz seçim məcburiyyətində qala bilərik.

Əhalimizlə açıq danışmalıyıq ki,  sərhədlərin açılması Rusiya-Ukrayna müharibəsindən 100 minlərlə qeyri-azərbaycanlı qaçqınların ölkəmizə axını ilə nəticələnəcək. O cümlədən, İranda hərbi zərbələrdən canını və sərvətlərini qorumaq üçün 100 minlərlə insan Azərbaycana keçməyə hazırdır. Belə qaçqın dalğasının gətirdiyi humanitar, sosial, mədəni fərqlərin toqquşması siyasi sabitliyi təhdid edə bilər.

Qlobal təhlükələrin artdığı dövrdə ərzaq təminatı birinci yerdə dayanır. Layihədə göstərilir ki, idxal olunan malların həcmi cari ilin birinci yarısında 13 milyard manat təşkil edib ki, onun da  40 faizi, yəni, 5 miliyard manatdan çoxu istehlak mallarıdır. Göründüyü kimi, idxaldan asılılıq artıb. 2025-ci ilin dövlət büdcəsində kənd təsərrüfatına 1.1 miliyard manatdan çox vəsait ayrılıb. Lakin Palatanın rəyində vurğulanır ki, aqrar sahəyə son 7 ildə 3 milyard manatdan çox subsidiya verildiyi halda, kənd təsərrüfatı üzrə əlavə dəyərin ÜDM-də payında müsbət dinamika müşahidə olunmur. 2017-ci illə müqayisədə 2023-cü ildə bitkiçilik sahəsinə verilmiş subsidiyalar 2,2 dəfə, 1 hektara düşən subsidiya 2,4 dəfə artıb, lakin subsidiya vahidinə düşən bitkiçilik məhsulunun dəyəri 12 % azalıb; 2025-ci ildə Aqrar Kredit və İnkişaf Agentliyinə 484,5 mln. manat subsidiya proqnozlaşdırılsa da nəticə arzuolunan səviyyədə deyil. Cari ildə  ölkəmizə 104 milyon manat dəyərində diri heyvan gətirilib.  Əhalinin tələbatının 80 faizi qədər kartof, 35 faizi qədər ət, 50 faizi miqdarında süd istehsal olunur. 

Bu yerdə Ulu öndərin 4 mart 1994-cü ildə ölkədə müharibə getdiyi bir vaxtda keçirdiyi 4 saatlıq kənd təsərrüfatı müşavirəsini xatırlatmaq istərdik. Heydər Əliyev audoriyaya üzünü tutaraq, soruşur-deyin görək, Azərbaycanda nə vaxt 280 min ton pambıq yığılıb ?!..Yadınızdadırsa, bu, 60-cı illərdə olub. Sonra pambıqçılığın inkişafı üçün səmərəli tədbirlər görüldü, yeni sahələr təmizlənib əkin üçün yararlı hala salındı, su qurğuları yaradıldı,..təcrübə artırıldı və nəticədə, istehsal sabit olaraq, 800 min tona çatdı. Üzüm istehsalı 1,8 milyon ton, taxıl istehsalı 1,6 milyon ton oldu…

Bəli, Azərbaycana paxıllıq, düşmənçilik edən adamların, xüsusən qonşu ermənilərin Azərbaycanda üzüm istehsalının görünməmiş miqdarla artmasına görə ürəkləri partlayırdı. Çünki Ermənistan üzümçülük, şərabçılıq ölkəsi olduğu halda, ildə vur-tut 240-250 min ton üzüm istehsal edirdi, Azərbaycanda isə bir neçə ilin ərzində üzüm istehsalı bir milyon tonu ötüb keçmişdi. 

O üzüm bağlarını salmaq üçün nə qədər əziyyətlər çəkirdik. Tənək çubuqlarını Avropadan, Bolqarıstandan, Moldovadan, Krımdan gətirirdik. 80-ci illərin sonu, 90-cı illərdə aparılan  siyasət kənd təsərrüfatına böyük zərbə oldu...

Ulu öndərin çıxışı 2025-ci ilin Yol xəritəsidiir. Söhbət planlı təsərrüfat sisteminə qayıtmaqdan getmir. Müqayisə üçün, əhali sayı bizimlə eyni olan Belarus ildə 8.5 milyard dollarlıq kənd təsərrüfatı məhsulu ixrac edir. Ölkəmizin müvafiq göstəricisi 1 milyard dollardır. Beləliklə, əhalinin sağlamlığı və iqtisadi müstəqilliyimiz həm də kənd təsərrüfatından asılıdır. Heydər Əliyevin yaratdığı zəngin təsərrüfat ənənələrini, bitkiçilik, üzümçülük, heyvandarlıq sahəsindəki sortları-növləri necə qoruyub-saxlayaq?

Yüksək məhsuldarlıq naminə Fransadan alma, İspaniyadan armud, xurma, Türkiyədən pomidor toxumları gətirib ərzaq səbətimizi dadsız, keyfiyətsiz məhsullarla, onkoloji statistika ilə doldururuq. Sonra xəstəliklərə qarşı büdcədən vəsait tələb edirik. Bəlkə səbəbi müalicə edək? İnsanlar məşhur Quba almasını, Göyçayın Mələs narını, Seylondan geri qalmayan Lənkəran çayını, Gədəbəyin ağçiçək kartofunu, Mil-Muğanın ətirli çörəyini tapa bilmir. Yaşlı nəsil həyatdan gedir, o əmək ənənələri və təcrübələri itir, nəticədə geni modifikasiya olunmuş cəmiyyət qazanırıq. XX əsrin əvvəllərində Göyçaydan aparılan tinglərlə Kaliforniyada böyük nar plantasiyaları salınırdı. İndi əksinə olub. Qərbdən texnologiya gətirək, lakin hibrid məhsulları menyümüzü işğal etməsin. Bəlkə, azad torpaqlara traktor parkı bağışlayan Belarus kənd təsərrüfatı mütəxəssislərindən xahiş edək, nümunəvi kolxoz və sovxozların bir neçəsini  Zəngilanda, Qubadlıda, Laçında yaratsınlar. İnanın, azad olunan münbit torpaqlar, zəngin otlaq sahələri, əlverişli iqlim və düzgün investisiya siyasəti daxili tələbatı 100 faiz ödəyə bilər. Sağlam ərzaq təminatı hərbi təhlükəsizliyimizdən ayrılmazdır.  

İstər dinc, istərsə də  müharibə dövründə milləti mədəniyyəti qoruyur. Bu sahəyə 234 milyon manat ayrılıb. Əlbəttə, Ulu öndərin adını daşıyan Fond və Mədəniyyət Nazirliyi  yüzlərlə layihəyə  rəhbərlik edir, yumşaq güc savaşında Zəfərimizə misilsiz töhfələr verirlər. İndi əsas vəzifə Qələbəmizi millətimizin hard diskinə köçürüb onu xarici hücumlardan qorumaqdır.

“Salam Fərmandeh”i dünya şiələrinin çoxu öz dini-milli himninə çeviriblər. Bizim öz fərmandehimiz var axı-biz niyə etmirik? Əlbəttə, son “Qarabağnamə” əsəri alqışa layiqdir. Lakin gənclərimizi həvəskar Zəfər mahnılarının ümidinə qoymalı deyilik.  Sonra deyirik ki, əhalinin 80 faizi xarici musiqi və filmlərin təzyiqi altındadır. Axı bizim ‘yumşaq güc” siyasətimiz üçün Böyük qayıdışın hər fəslini götürüb əsərə çevirmək olar.

Bir Nikita Mixalkovun Beseqonu bir ordunun işini görür. Qərbin “Oskar”ını alan Mixalkovu sanksiyalara məruz qoyublar. Bizim mədəniyyət xadimləri sanksiyasız dövləti elə fədakarlıqla müdafiə edirmi?

Qardaş Türkiyə haqlı olaraq, imperiya keçmişini dirçəldir, “Diriliş Ərtoğrul”u, “Möhtəşəm Yüz il”i, “Paytaxt Əbdülhəmid”i, “Fateh-1453”-ü çəkir. Bizim də dirilişimiz, möhtəşəmliyimiz, Şuşa qələbə paytaxtımız, fatehimiz əbədiləşməlidir.

Mia.az

Seçilən
19
7
mia.az

8Mənbələr