Rusiyalı futbol mütəxəssisi Vasili Berezutski Azərbaycan Premyer Liqasında mübarizə aparan “Sabah”ın baş məşqçisi təyin olunub.
Arena.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, 42 yaşlı məşqçi ilə 2,5 illik müqavilə bağlanıb. O, bu postda elə bu gün istefaya göndərilmiş xorvatiyalı Krunoslav Renduliçi əvəz edib.
Bu, Vasili Berezutskinin baş məşqçi kimi ilk təyinatıdır. Gənc mütəxəssis daha öncə Niderlandın “Vitess” (2018-2019), Rusiyanın ÇSKA (2020-2021, 2022), “Krasnodar” (2021-2022), həmçinin Çinin “Şanxay Şenxua” (2023-2024) klublarında köməkçi məşqçi kimi fəaliyyət göstərib. O, Moskvanın ÇSKA klubunda idman koordinatoru da olub (2020).
Berezutski futbolçu kimi Rusiyanın “Torpedo-ZİL” və ÇSKA (Moskva) klublarında çıxış edib. O, Rusiya millisinin əsas komandasında 101 oyun keçirib, 5 qola imza atıb.
Qeyd edək ki, Krunoslav Renduliçin istefasına “Sabah”ın bu mövsümkü uğursuz çıxışı səbəb olub. Onun komandası ardıcıl 7 oyun idi 3 xala həsrət idi. Masazır təmsilçisi bu görüşlərdə 2 məğlubiyyətə üzülübsə, 5 heç-heçə ilə kifayətlənib. Komanda Azərbaycan Premyer Liqasının turnir cədvəlində hazırda 19 xalla 5-ci yerdə qərarlaşıb. Bakı klubu son olaraq ötən gün 14-cü tur çərçivəsində “Turan Tovuz”la heç-heçə edib – 1:1.
Xatırladaq ki, Krunoslav Renduliç 2024-cü ilin mart ayında “Sabah”ın baş məşqçisi təyin edilmişdi. Həmin vaxt xorvatiyalı mütəxəssislə 1,5 illik müqavilə imzalanmışdı. 51 yaşlı məşqçi bu komandanı bütövlükdə 29 oyuna çıxarıb, 13 qələbə qazanıb, 7 heç-heçə edib, 9 məğlubiyyətə üzülüb.