AZ

Quldurların qaçırdığı uşaqların sayı 70 faiz artıb

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) 2023-cü ildə Haitidə quldur dəstələri tərəfindən cəlb edilən uşaqların sayının 70 faiz artdığı bildirib. 

"Cebheinfo.az" xəbər verir ki, UNICEF-in paylaşdığı hesabatda zorakılığın hökm sürdüyü Haitidə bütün dəstə üzvlərinin 30-50 faizinin uşaqlar olduğu ifadə edilib. 

Hesabatda 2023-cü ildə ölkədə quldur dəstələri tərəfindən cəlb edilən uşaqların sayının 70 faiz artdığı qeyd edilib. UNICEF-in Haitidəki nümayəndəsi Geeta Narayan açıqlamasında bu vəziyyətin çox narahatedici olduğunu bildirib. Narayan gənclərin bir təhdid olaraq görülmədikləri üçün ümumiyyətlə, xəbərçi kimi istifadə edildiyini, bəzilərinə silah verilərək hücumlarda iştiraka məcbur edildiyini bildirib. Qızların da yemək bişirməyə, təmizliyə məcbur edildiyini izah edən Narayan onlardan dəstə üzvləri üçün  “arvad” kimi istifadə edildiyini qeyd edib. Narayan bunun könüllü olaraq edilmədiyini vurğulayıb: 

“Onlar silahla silahlansalar belə, uşaq burada qurbandır”. 

Həddindən artıq yoxsulluq səbəbiylə bəzi hallarda uşaqların və ailələrin getdikcə çarəsiz hala düşdüyünə diqqət çəkən Narayan "Uşaqlar bir dəstəyə qoşulmaqdan imtina edərlərsə, silahlı insanlar çox vaxt onları və ya ailələrini təhdid edir və ya sadəcə qaçırırlar",-deyib. 

Narayan şəbəkələrin Hispaniola adasında Haiti ilə həmsərhəd olan Dominikan Respublikasından deportasiya edildikdən sonra ailələrindən ayrılan uşaqları da “ovladığını” deyib: 

"Bu uşaqlar getdikcə daha çox hədəfə çevrilir". 

“Human Rights Watch”-un dərc etdiyi hesabata görə, Haitidə yeni dəstə üzvlərinə “fərqli dostlar almaq” üçün pul verilir. Münaqişəyə qoşulan yeni üzvlər kimisə öldürdükləri təqdirdə yüksəldilir. İki-üç ili dəstədə keçirdikdən sonra agent olmadıqlarını sübut edənlər dəstənin üzvü olurlar. 

Ölkədə bir çox məktəblərin bağlanması uşaqların getdikcə daha həssas olmasına səbəb olur. 

Dəstə zorakılığı da son illərdə təxminən 365,000 uşaq da daxil olmaqla 700,000-dən çox insanı evsiz qoyub. Dəstələr tərəfindən “ovlanan”, fiziki və cinsi zorakılığa məruz qalan bu insanların bir çoxu müvəqqəti sığınacaqlarda yaşayır. Cinayət qrupları qızları və qadınları dəhşətli cinsi istismara məruz qoyur və tez-tez rəqib bölgələrdə qorxu yaratmaq üçün cinsi zorakılıqdan istifadə edir. İllərdir siyasi, iqtisadi və təhlükəsizlik böhranları kimi fundamental problemlərlə mübarizə aparan Haiti 11 milyonu keçən əhalisi ilə aclıq təhlükəsi ilə üz-üzədir. 

Paytaxtın böyük hissəsinin silahlı dəstələrin nəzarətində olduğu ölkədə zorakılıq günü-gündən artır. Birləşmiş Millətlər Təşkilatının (BMT) Haitidəki İnteqrasiya Ofisinin məlumatlarına görə, ilin əvvəlindən bu yana silahlı dəstələrin hücumları nəticəsində 3900 nəfər həlak olub. 

Seçilən
25
cebheinfo.az

1Mənbələr