AZ

Qərb qoşunları Ukraynaya göndərilə bilər – İDDİA

Avropada, ABŞ-nin Donald Trampın gəlişi ilə bağlı ehtimalların artması fonunda, Qərb qoşunlarının və özəl müdafiə şirkətlərinin Ukrayna torpaqlarına göndərilməsi məsələsi yenidən müzakirə edilməyə başlanıb.

Yenicag.az bu barədə “Le Monde” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Müzakirələr ehtiyatlı və məxfi xarakter daşısa da, qəzetin yazdığına görə, Ukraynaya quru qoşunlarının göndərilməsi məsələsi artıq Avropa liderlərinin gündəmindədir. Fevral ayında Fransa prezidenti Emmanuel Makron bu ehtimala qarşı fikirlərini bildirərək güclü reaksiyalarla qarşılaşsa da, Donald Trampın ABŞ-də hakimiyyətə qayıtması ilə bu məsələ yenidən aktuallaşıb.

Nəşrin məlumatına görə, bu mövzu xüsusilə noyabrın 11-də Böyük Britaniyanın Baş naziri Kir Starmerin Fransaya səfəri zamanı müzakirə edilib. Avropa liderləri, xüsusilə London və Parisin Ukrayna ilə bağlı bir koalisiyaya rəhbərlik etməyi istisna etmədiyi bildirilir. Böyük Britaniya və Fransa arasında Ukrayna və ümumilikdə Avropa təhlükəsizliyini gücləndirmək məqsədilə müdafiə sahəsində əməkdaşlıq müzakirə olunur. Britaniya hərbi mənbələrinin nəşrə verdiyi məlumata görə, danışıqların məqsədi Avropada müttəfiqlərin daha sərt nüvəsini yaratmaqdır.

Fransanın xarici işlər naziri Jan-Noel Barrot isə BBC-yə verdiyi müsahibədə Fransanın Ukraynaya qeyd-şərtsiz dəstəyini bir daha təsdiqləyib və qeyd edib ki, quru qoşunlarının göndərilməsi məsələsi istisna edilmir:

“Biz Ukraynanı lazım olduğu qədər intensiv və uzun müddət dəstəkləyəcəyik, çünki hər dəfə Rusiya ordusu bir kvadrat kilometr irəlilədikdə, təhlükə Avropaya bir kvadrat kilometr yaxınlaşır”.

Fransa Beynəlxalq Münasibətlər İnstitutunun tədqiqatçısı Elie Tenenbaum isə nəşrlə söhbətində bildirib ki, atəşkəs baş verdikdən sonra Avropa qoşunlarının Ukraynaya göndərilməsi texniki baxımdan mümkün ola bilər. Tenenbaumın sözlərinə görə, bu qoşunlar təhlükəsizliyi təmin etmək məqsədilə Ukrayna ərazisində yerləşdirilə bilər. NATO Hərbi Komitəsinin rəhbəri, hollandiyalı Rob Bauer də bəyan edib ki, Qərb liderləri Rusiyanın nüvə silahından istifadə etmə riski ilə bağlı narahatlıq yaşamasalar, Ukraynaya dəstək vermək məqsədilə öz qoşunlarını göndərməyə davam edərdilər.

Rafi Müslümov

Seçilən
21
yenicag.az

1Mənbələr