AZ

Avropa Ukraynaya qoşun imkanını yenidən müzakirə edir

Bəzi Qərb ölkələri Rusiyanın təcavüzünə qarşı çıxmaq üçün Ukraynaya qoşun və ya özəl hərbi şirkətlərin göndərilməsi imkanını yenidən müzakirə edir.

Editor.az xəbər verir ki, bu barədə “Azadlıq” radiosu noyabrın 25-də Fransanın “Le Monde” nəşrinə istinadən məlumat yayıb. Materialda deyilir ki, Vaşinqtonun Kiyevə yardımını dayandıra biləcək ABŞ prezidenti Donald Tramp vəzifəyə başlamazdan əvvəl müzakirələr yenidən başlayıb. Nəşr xatırladır ki, Fransa prezidenti Emmanuel Makron açıq şəkildə Qərb qoşunlarının Ukraynaya mümkün göndərilməsi barədə danışanda bu, bəzi ölkələrin, ilk növbədə Almaniyanın “güclü etirazına” səbəb olub. Bu yaxınlarda müzakirələr, xüsusən də Böyük Britaniyanın baş naziri Key Starmerin Fransaya səfəri zamanı yenidən başlayıb, – materialda deyilir.

“Böyük Britaniya və Fransa arasında müdafiə sahəsində əməkdaşlıq, xüsusən də Ukrayna və ümumilikdə Avropa təhlükəsizliyinə yönəlmiş müttəfiq zərbə qüvvələrinin yaradılması məqsədi ilə danışıqlar aparılır”, – Britaniya hərbi mənbəsi nəşrə bildirib.

“Le Monde” həmçinin Fransanın xarici işlər naziri Jan-Noel Barronun BBC News-a verdiyi müsahibədə son bəyanatını xatırladıb. O bildirib ki, Ukraynaya dəstəklə bağlı “qırmızı xətlər” yoxdur. Bunun fransız qoşunlarının hərbi əməliyyatlarda iştirakı demək ola biləcəyi sualına cavab verərək, o, Fransanın “heç bir variantı istisna etmədiyini” söyləyib.

//Samir Qurbanov, Editor.az

Seçilən
18
editor.az

1Mənbələr