Donald Trampın (Donald Trump) keçid komandası, vəzifəyə başladığı ilk günlərdə təqdim ediləcək geniş bir enerji paketi üzərində işləyir.
Valyuta.Az "Reuters"ə istinadən xəbər verir ki, bu plan yeni mayeləşdirilmiş təbii qaz (LNG) layihələri üçün ixrac icazələrinin təsdiqini və ABŞ sahillərində, eləcə də federal torpaqlarda neft hasilatını artırmağı əhatə edəcək.
Enerji ilə bağlı bu prioritetlər Trampın seçki kampaniyası zamanı verdiyi vədləri böyük ölçüdə əks etdirir. Lakin planın ilk gündən elan edilməsi onun immiqrasiya məsələləri ilə yanaşı, neft və qaz istehsalını da erkən gündəlikdə əsas sütunlardan biri kimi önə çəkəcəyini göstərir.
Respublikaçı Tramp, "Demokrat"lardan olan sələfi tərəfindən qəbul edilən bəzi əsas iqlim qanunvericiliyini və tənzimləmələrini ləğv etməyi də planlaşdırır. Bu tənzimləmələr arasında elektrik nəqliyyat vasitələri üçün vergi güzəştləri və kömürlə təbii qazdan istifadənin azaldılmasını hədəfləyən yeni təmiz enerji standartları yer alır.
Trampın ilk prioritetlərindən biri, Prezident Co Baydenin (Joe Biden) seçki ilində LNG ixracı üçün yeni icazələrə tətbiq etdiyi qadağanı aradan qaldırmaq olacaq. Bundan əlavə, gözləyən icazələrin tez bir zamanda təsdiqlənməsi planlaşdırılır. Mənbələrə görə, federal torpaqlarda qazma icazələrinin sürətləndirilməsi və ABŞ sahillərindəki beşillik qazma planlarının yenidən açılması da Trampın məqsədləri arasındadır.
Simvolik bir addım olaraq, Tramp "Keystone Boru Kəməri"nin təsdiqlənməsini də hədəfləyəcək. Bu məsələ ekoloji mübahisələrin mərkəzində olmuş və Baydenin ilk iş günündə vacib bir icazəni ləğv etməsi ilə dayandırılmışdı. Lakin Kanadadan ABŞ-a xam neft daşıyacaq milyardlarla dollar dəyərindəki bu layihəyə başlamaq istəyən hər hansı bir şirkət prosesi sıfırdan başlamalı olacaq. Çünki torpaq sahiblərinə qaytarılan hüquqlar yenidən təmin edilməlidir.
"Amerika xalqı Prezident 'Tramp'ın ilk gündən öz vədlərini yerinə yetirmək üçün icra səlahiyyətlərindən istifadə edəcəyinə əmin ola bilər."
Bunu Trampın keçid komandasının sözçüsü Karolin Leavitt (Caroline Leavitt) bildirib.
Plana daxil olan bir çox elementin Konqresdən və ya ölkənin tənzimləyici sistemindən keçməsi üçün vaxt tələb olunur. Tramp, vəzifəsinin ilk günündə enerji fövqəladə vəziyyəti elan etməyi planlaşdırır. Bu addım, bəzi dəyişikliklərin sürətli şəkildə həyata keçirilməsi üçün mövcud maneələri aşmaq imkanını sınayacaq.
Tramp, həmçinin, Konqresdən ölkənin Strateji Neft Ehtiyatlarını yenidən doldurmaq üçün yeni maliyyələşmə tələb edəcək. Bu ehtiyat, Bayden administrasiyası dövründə Ukrayna münaqişəsi və pandemiya zamanı yüksək inflyasiyanın səbəb olduğu qiymət artımlarını idarə etmək məqsədilə azaldılmışdı. Ehtiyatın bərpası qısamüddətli neft tələbatını artıracaq və ABŞ istehsalını təşviq edəcək.
Trampın Beynəlxalq Enerji Agentliyinə (IEA) də təzyiq göstərməsi gözlənilir. Parisdə yerləşən bu qurum sənayeləşmiş ölkələrə enerji siyasəti üzrə məsləhətlər verir. Respublikaçılar, agentliyin emissiyaların azaldılmasına yönəlmiş siyasətlərə üstünlük verməsini tənqid edirlər. Trampın məsləhətçiləri ona, "IEA"nın daha "neft yönümlü" mövqe tutmayacağı təqdirdə maliyyə dəstəyini dayandırmağı tövsiyə ediblər.
Neft xidmətləri sahəsində fəaliyyət göstərən "Canary" şirkətinin baş direktoru Dan Eberhart
"Şəxsən mən 'Tramp'ı və onun komandasını "IEA"nı əsas missiyası olan enerji təhlükəsizliyinə qayıtmağa və "yaşıl təsvirlərdən" uzaqlaşmağa təzyiq göstərməyə çağırmışam."
deyə bildirib.
Tramp "LNG məsələsini ciddi nəzərə almaq" niyyətindədir
Bayden, 2022-ci ilin yanvarında ətraf mühitə təsirləri araşdırmaq məqsədilə LNG ixrac icazələrini dondurmuşdu. Bu addım, seçki ilində partiyanın ekoloji baxışlı seçicilərinin dəstəyini qazanmaq məqsədi daşıyırdı. İxrac icazələri olmadan layihə inkişaf etdiriciləri çoxillik tikinti planlarını həyata keçirə bilmirlər. Gecikdirilmiş layihələr arasında Luizianada yerləşən "Venture Global"ın CP2, "Commonwealth LNG" və "Energy Transfer" şirkətinin "Lake Charles" kompleksi var.
Qeyd edək ki, ABŞ dünyada ən böyük təbii qaz istehsalçısıdır və 2022-ci ildə Ukraynanın işğalından sonra Avropanın Rusiyanın enerji təchizatından asılılığını azaltmaq məqsədilə ABŞ-a yönəlməsi ilə ən iri LNG ixracatçısı olub.
Bayden administrasiyası, Trampın yanvarın 20-də Ağ Evə gəlməsindən əvvəl ətraf mühit araşdırmasının nəticələrini açıqlamağa söz versə də, bu addım yeni administrasiyaya təsir etməyəcək.
"LNG məsələsi asan bir qərardır və 'Tramp' bu mövzuda ciddi irəliləyiş etməyi planlaşdırır."
deyə mənbələrdən biri bildirib.
Federal Enerji Tənzimləmə Komissiyası tərəfindən təsdiqlənmiş beş ABŞ LNG ixrac layihəsi hələ də Energetika Departamentində icazə gözləyir. Baydenin dondurma qərarı həmçinin, lazımi ekoloji qiymətləndirmələri də dayandırıb ki, bu qiymətləndirmələrin bəzi hissələri qanuni araşdırmalara uyğun şəkildə tamamlanmalıdır.
Federal torpaqlarda və sahil zonalarda qazma planı
Tramp, ABŞ sahillərində və federal torpaqlarda qazma işlərini sürətləndirməyi də planlaşdırır.
Federal məlumatlara əsasən, Bayden administrasiyasının ilk üç ilində federal və hind torpaqlarında qazma icazəsinin tamamlanma müddəti orta hesabla 258 gün olub. Bu göstərici Trampın prezidentliyi dövründəki dörd ildə 172 gün təşkil edirdi.
Trampın gözlənilən addımları arasında mövcud icazələrin sürətləndirilməsi, satışların daha tez-tez keçirilməsi və neft hasilatı potensialı yüksək olan torpaqların təklif edilməsi var.
Lakin icazələrin təsdiqlənməsindəki gecikmələrə baxmayaraq, federal qeydlər göstərir ki, Bayden administrasiyasının Daxili İşlər Nazirliyi ortalama olaraq Trampın ilk dövründən daha çox sayda quruda qazma icazəsi təsdiqləyib.
2023-cü ildə federal torpaqlarda və sularında neft hasilatı rekord həddə çatıb, qaz istehsalı isə 2016-cı ildən bəri ən yüksək səviyyəni göstərib. Federal torpaqlar və sular ABŞ-ın ümumi neft istehsalının təxminən dörddə birini və qaz istehsalının 12%-ni təşkil edir.
Rəhim