"Ailə fərdin həm fiziki, həm mənəvi cəhətdən formalaşması üçün vacib insitutdur. Uşaqların dəyərlər sisteminin yaranmasında, ehtiyac və motivlərinin istiqamətlənməsində, dünyagörüşünün təməlinin qoyulmasında, sosiallaşmasında, insana, vətənə, tarixə və mədəni irslərə münasibətinin formalaşmasında ailə mühitinin ciddi rolu var. Məhz bu səbəbdən uşaqların düzgün inkişafında valideynlər öz məsuliyyətlərini dərk etməli, onların cəmiyyət üçün sağlam, yararlı, təhsilli böyüməsində hər zaman örnək olmalıdırlar".
Bu sözləri “Uşaqların Gələcəyi Naminə” İctimai Birliyinin sədri Könül Quliyeva QHT.az-a özəl açıqlamasında bildirib. Onun sözlərinə görə, gələcəyimiz olan uşaqların nümunəvi vətəndaş kimi yetişməsi hər birimizin qarşısında duracaq mühüm şərtlərdən biridir, uşaqlara sevgi və şəfqət körpəlik dövründən göstərməli, gələcəkdə qarşılarına çıxan hər bir problemdə dəstək olmağa çalışmalıyıq.
"Valideynlər uşaqlarının yanında olarkən yalnız yaxşı sözlərdən istifadə etməli, öz mehribanlıqları ilə ətrafa hörmət nümayiş etdirməlidirlər. Valideynlərin övladlarına münasibətlərində “Dünyada atadan qüdrətli, anadan doğma, bacıdan mehriban, qardaşdan möhkəm arxa heç kəs ola bilməz” deyimi əsas götürülməlidir. Biz valideyn olaraq övladlarımıza necə davranış sərgiləsək gələcəkdə də həmin rəftarın təkrarını görəcəyik. Deməli, cəmiyyətin yaratdığı mədəniyyət valideynlərin yaratdığı əməyin məhsuludur. Ailə və valideynlərlə effektli əməkdaşlıq qurmaq, onların səriştəsini artıqmaq üçün onları tanımaq vacibdir".
“Uşaqların Gələcəyi Naminə” İctimai Birliyi olaraq valideynlərlə effektli əməkdaşlıq qurmaq üçün müxtəlif üsullar tətbiq etdiklərini qeyd edən Könül Quliyeva, yazılı, şifahi, distant və müşahidə metodları ilə valideynlərin səriştələrinin artırılmasına çalışdıqlarını bildirir. Eyni zamanda, məktəb və ailə arasında əməkdaşlığın prinsiplərini öyrətmək və çağdaş tendensiyaları izləmək də birliyin əsas məqsədlərindən biridir.
Pərvanə Fərhadqızı