Sahil Kərimli: “...Heç bir əsası olmayan, heç bir reallığa uyğun gəlməyən mövqeyin, Azərbaycana qarşı bu cür yaramaz addımın şahidi olduq”
Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) uğurla və böyük nəticələrlə başa çatdı.
Amma təəssüflər olsun ki, həm COP29-un gedişində, həm də konfransdan öncə ABŞ-ın, Avropa İttifaqının, Qərbin bəzi rəsmi şəxsləri, bəzi ermənipərəst, antiazərbaycan dairləri COP29 əleyhinə çağırışlar etdilər, qərəzli bəyanatlar verdilər. Qondarma ittihamlar və qərəzli bəyanatlarla konfransın işinə ziyan vurmaq istəyənlərin niyyəti aydın idi. Onların əsas məqsədi bu tədbirdə əldə olunması hədəflənən maliyyə məsələlərinə və bir sıra mühüm qərarların qəbul olunmasının qarşısını almağa nail olmaq idi ki, cəhdləri faydasız oldu.
COP29-da qarışıqlıq yaratmaq, tədbirin əsl mahiyyətini kölgəyə çəkib başqa dəxilsiz məsələlərlə baş qatmaq istəyən Almaniyanın xarici işlər naziri Annalena Berbokun əməlləri hər kəsə məlumdur. COP29-da Aİ-ni təmsil edən və bu məqsədlə Bakıya gələn Almaniyanın xarici işlər naziri Annalena Berbok iqlim məsələləri ilə məşğul olmaq əvəzinə burada mətbuat konfransı keçirdi və yalançı, saxta fikirlər işlətdi. O burada Azərbaycanda insan haqlarından danışdı, Azərbaycan müxalifəti və Qərbin buradakı şəbəkə fəalları ilə görüşlər keçirdi. Məlum olduğu kimi, COP29-un müzakirələri zamanı isə yalnız gərginlik yaratmaqla, yalan məlumatlar yaymaqla məşğul oldu.
“Almaniyanın xarici işlər nazirinin bu qərəzli davranışı dəhşət və hiddət doğurdu”
Siyasi ekspert Sahil Kərimli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, ümumiyyətlə, biz bu gün tam əminliklə bildirə bilərik ki, dünyada çox təhlükəli bir tendensiya hökm sürür. “Bu tendensiya əsasən Avropanın və Qərb dairələrinin Cənubi Qafqazda gedən proseslərə və xüsusilə də Azərbaycana qarşı tutduqları məkrli və qətiyyətli, eyni zamanda düşmənçilik siyasətinin nəticəsidir. Biz COP29 kimi çox əhəmiyyətli və mötəbər dünya tədbirinin keçirilməsi zamanı da, təəssüf hissi ilə qeyd etməliyik ki, bu cür qarayaxma kampaniyalarının, Azərbaycana qarşı düşmənçilik, gözdənsalma siyasətinin şahidi olduq. Əlbəttə ki, COP29 kimi bəşəriyyətə, insanlara fayda, töhfə verə biləcək bir tədbirdə iştirak etmək, bu tədbirə öz töhfəsini vermək əvəzinə bəzi Avropa ölkələri, Fransa, xüsusilə Almaniya bu cür yaramaz fəaliyyətlə məşğul olur. Almaniyanın xarici işlər nazirinin bu qərəzli davranışı dəhşət və hiddət doğurdu. Çünki məsələnin əsl mahiyyəti bir kənarda qalıb, dəxli olmayan şeylərdən danışırlar. COP29 çərçivəsində Azərbaycanın beynəlxalq aləmə, dünya ictimaiyyətinə, bəşəriyyətə, insanlığa töhfə verdiyi bir zamanda Avropanın müəyyən dairələri bu məsələlərdə heç də düzgün olmayan siyasət həyata keçirir. O dairələr Azərbaycana qarşı siyasi çalarlı və siyasi motivli kampaniya gerçəkləşdirir. Bütün bunlar təəssüf doğurur”.
S.Kərimli qeyd etdi ki, bu qarayaxma kampaniyası Azərbaycan ictimaiyyəti, Azərbaycan xalqı, bütövlükdə dünya ictimaiyyəti tərəfindən hiddətlə qarşılanır. “Çünki əgər Qərb, Avropa həqiqətən də dünyaya xoş niyyət, xoş məram nümayiş etdirsəydi, iqlim probleminin həllinə öz dəstəklərini bildirsəydilər, bu zaman daha çox tədbirin mahiyyəti üzrə çıxışlar edərdilər, bəyanatlar verərdilər, bu tədbiri siyasiləşdirməzdilər. Amma biz COP29-un konkret olaraq həmin dairələr tərəfindən siyasiləşdirildiyinin, heç bir əsası olmayan, heç bir reallığa uyğun gəlməyən mövqeyin, Azərbaycana qarşı bu cür yaramaz addımın şahidi olduq. Amma Azərbaycan dövləti həmişəki kimi həmin dairələrin qarşısında tam qətiyyətlə və təmkinlə öz mövqeyini ortaya qoydu, o qüvvələrin cavabını layiqli şəkildə verdi, bundan sonra da bu siyasət bu formada davam etdiriləcək”-deyə S.Kərimli qeyd etdi.
İradə SARIYEVA