AZ

Trampla Bayden Rusiyanı “bitirmək” üçün razılığa gəlib - ŞOK İDDİA

ABŞ Prezidenti Co Bayden ilk dəfə Ukraynanın Birləşmiş Ştatların ATACMS uzaqmənzilli raketləri ilə Rusiyanın ərazisinə zərbələr endirməsinə icazə verməsindən sonra ötən son 10 gündə dünya ən çox bu məsələni müzakirə edir. Artıq Rusiyanın nüvə silahına əl atacağı və III dünya müharibəsinin başlaya biləcəyi ehtimallarından söz açılır.

Baydenin bu icazəsi ətrafında bəzi iddialar yayılıb ki, onlardan biri noyabrın 5-dəki prezident seçkilərində qalib gələn və gələn il yanvarın 20-dən vəzifəsinin icrasına rəsmən başlayacaq Donald Trampla bağlıdır. Belə bir iddia var ki, bu razılıqla bağlı Baydenlə Tramp arasında razılıq əldə olunub. Bu iddia da kifayət qədər əsaslı görünür. Çünki, icazənin verilməsindən 4 gün öncə Tramp Ağ Evə gələrək Baydenlə görüşmüşdü. Bu görüş barədə onların hakimiyyətin dinc yolla ötürülməsinin zəruriliyi barədə razılığa gəldiyi qeyd olundu. Amma şübhəsiz ki, Ukrayna savaşının da müzakirə edildiyi mütləq idi. Çünki, Amerikanın və Baydenin bu savaşla bağlı mövqeyi məlumdur, bütün hədəflər Ukraynanın qələbəsinə yönəldilib. Amma Amerikanın gələcək prezidenti Donald Tramp hələ seçkiöncəsi təbliğat-təşviqat kampaniyasında qətiyyətlə deyirdi ki, mən bu münaqişəni bir günə bitirəcəm..

Belə bir mövqedə olan Tramp necə Rusiya ərazilərinin Amerika raketləri ilə vurulmasına icazə verə bilər? Əgər bu belədirsə, demək Tramp vəzifəsinin icrasına başlayandan sonra da Ağ Evin siyasəti dəyişməyəcək...

Rusiya-Ukrayna savaşı ilə bağlı da daha bir iddia var ki, qocaman siyasətçi Bayden yanvarın 20-ə qədər bu müharibənin Ukraynanın xeyrinə bitməsi istəyir. Çünki, onun prezident səlahiyyətlərinin bitməsi həmin gün başa çatır. Trampın nə cür davranacağını isə indidən hesablamaq mümkün deyil. Baydenin ən çox ehtiyat etdiyi məsələ budur ki, Tramp dediyi kimi edib savaşı bitirə bilər. Bu savaşın da qısa müddətdə bitməsinin yeganə yolu Ukraynaya edilən yardımın dayandırılmasıdır, Amerika bunu dayandırsa, demək NATO ölkələri də dayandıracaq ki, o zaman faktiki Ukraynanın dövlətçilik məsələsi sual altına düşə, yaxud ən yaxşı halda Ukrayna iki hissəyə bölünə bilər...

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli Baydenin bu addımının imitasiya xarakterli olduğunu düşünür:

ehed-memmedli.jpg

“Aydın məsələdir ki, Tramp-Bayden görüşündə o razılıq əldə olunub. Onsuz da artıq Baydenin müddəti bitib, yanvarın 20-ə qədər sadəcə səlahiyyətlər icra edəcək. O vaxta qədər maksimum dərəcədə Rusiyanın ərazilərinə vurulma cəhdləri olacaq. Amma hesab etmirəm ki, Moskva və Sankt-Peterburq kimi ölkələr vurulsun. Ola bilsin ki, Kursk kimi ərazilərdə müəyyən yerlər vurulsun. Bununla Bayden öz öhdəliyini yerinə yetirmiş olur. Amma adama deyərlər ki, bu 4 illik prezidentlik dövründə baş verən müharibə zamanı edərdin. İndi iki ayın qalıb, nəsə etmək istəyirsən. Tramp da eynən gələndən sonra ləğv edəcək. Bununla da Bayden sifətini qorumuş olacaq. Ukraynalılara mesaj göndərəcək ki, gördünüz biz etdik, amma Tramp bu cür etdi, onun ağlı yoxdur. Bununla günahları onun üzərinə atmağa çalışacaqlar. Bir sözlə Tramp bu razılığı ləğv edəcək və bununla da məsələ səngiyəcək. Necə ki, İran-İsrail müharibəsi səngidi. Halbuki, hamı müharibə gözləyirdi. Amma əvvəlki çıxışlarımda deyirdim ki, İranla İsrail arasında müharibə gözləmirəm. İndi də deyirəm ki, istər Amerika-Rusiya, yaxud da NATO-Rusiya arasında heç bir qısamüddətli hərbi toqquşma belə gözləmirəm. Sadəcə olaraq, bunlar Ukraynanın başı üzərində oynanılan bir oyundur. Necə ki, imperialist qüvvələr tərəfindən Fələstin ərazisində bir oyun gedir, eləcə də, Ukrayna ərazisində eyni oyun oynanılır”.

ƏHD partiyası sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı Amerikanın Rusiyanı qurban verəcəyini qeyd etdi:

74c3eeea-3e0b-41c5-9c0e-b1774d0c1af7.jpg

“Onsuzda hər kəsə bəlli idi ki, Ukraynaya Rusiyanın dərinliyinə vurmaq üçün ballistik raketləri verən Qərb idi. Ukraynanın öz imkanları yox idi ki, Rusiyaya bu cür hücumlar etsin. Bunun icazəsini Bayden hakimiyyəti vermişdi. Ancaq indi Tramp prezident seçiləndən sonra Ukraynaya bu cür raketlərin verilməsinin və Rusiyanın dərinliyinə zərbə vurmağın əleyhinə olduğunu göstərdi. Bir necə gün bundan qabaq Trampın kürəkəni Amerika mətbuatına açıqlama verdi ki, ballistik raketlərlə Rusiyanı vurmaq səhv qərardır və bu üçüncü dünya müharibəsini başlada bilər. İnanmıram ki, Trampın kürəkəni bunu razılaşdırmadan desin. Trampın Vladimir Putinlə gizli münasibətlərinin olması heç kimdə şübhə yaratmır. Tramp prezident seçkilərinin təbliğatı zamanı dəfələrlə bildirdi ki, o prezident seçiləcəyi təqdirdə Rusiya Ukrayna müharibəsini dayandıracaq. Bu necə baş verə bilər? Təbii ki, Ukraynanı məcbur edəcəklər ki, Rusiyaya güzəşt etsin. Və hər zaman sizin qəzetə də dediyim kimi, Amerika Ukraynanı qurban verəcək. Tramp Putinin şərtlərini Ukraynaya qəbul etdirəcək. Başqa variantda Putini heç kim bu müharibənin bitməsinə razılıq sala bilməyəcək. Nəticə etibarı ilə Amerika onsuzda öz məqsədimə çatıb. Ukraynaya təcavüz edən Rusiyaya sanksiyalar tətbiq edib və son 2 ildə Rusiya iqtisadiyyatına milyardlarla dollar ziyan vurub. Ancaq bununla yanaşı ən böyük ziyan Ukraynaya dəyib. 9 milyon insan Avropada qaçqındır. Şəhərlər, kəndlər dağıdılıb, min kv km ərazi zəhərlənib, mina basdırılıb və yarım milyondan artıq insanını itirib. Göründüyü kimi, saymaqla Ukraynaya dəymiş ziyan bitmir. Səriştəsiz və dövlət idarəçilik təcrübəsi olmayan Zelenskidən Amerika istifadə edərək, öz məqsədinə çatdı. Rusiya-Ukrayna müharibəsinin yeganə qalibi Amerika oldu. Ukrayna xalqını zəlil gününə qoydular”.

STM əməkdaşı, siyasi təhlilçi Aqşin Kərimov isə qeyd etdi ki, Rusiya-Ukrayna müharibəsindəki son dinamikalar Moskva, Qərb və Çinin strateji məqsədlərini dəqiqləşdirir:

0fc3fe3b-8d80-35a0-a4b1-137664882d36.jpg

“Bu, sülhə gedən yolların tıxanmasını, müharibəni uzatmaq meylini izah edən səbəblərin əsasıdır. Qərbin strateji məramı gücdən az istifadə etmək, Ukraynadan qalxan kimi yararlanmaq və bununla rəqibi Rusiyanı siyasi, hərbi və iqtisadi cəhətdən məğlubiyyətə uğratmaqdır. Rusiya isə daha çox gücdən istifadə edərək Qərbin, əsasən də, ABŞ və Böyük Britaniyanın dünya iqtisadi-siyasi dövranındakı mövqelərini zəiflədib yaranacaq boşluqları Moskva mərkəzli sistemlə doldurmağa çalışır. Çinə gəlincə, o, gah Rusiyadan Qərbə qarşı, gah da Qərbdən Rusiyaya qarşı müqavimət oxu kimi istifadə edən bir siyasət yürüdərək iqtisadi ekspansiyasını davam etdirir. Yəni Ukrayna müharibəsi dövlət və güclü qeyri-dövlət aktorlarının böyük strateji zəncirlərə, incə şəkildə təsir edərək tez-tez geoiqtisadi məqsədlər güdən bir hadisədir. Lakin geostrateji nəticələri sonda müharibə meydanındakı hərəkətlər müəyyənləşdirir, bu mənada Ukrayna münaqişəsi ilə əlaqədar son tendensiyalara diqqət yetirmək lazımdır. Ukrayna cəbhə xəttini Rusiyanın içərilərinə doğru uzatmağa həvəslidir, Kurskdakı əməliyyatlar ilk zamanlar beynəlxalq aləmdə şok effekti yaratsa da, bu, Rusiyaya Ukrayna ərazilərindəki əməliyyatlarını dəyişmək məcburiyyətini hiss etdirmədi. Üstəlik, Ukraynanın Kursk səhnəsində uğur qazandığını da söyləmək olmaz. Hazırda Rusiya qoşunlarının Ukraynanın şərqində əhəmiyyətli şəkildə irəliləməsi və Kiyevin bunu pozmaqda çətinliklər çəkməsi bu fikrin davamıdır. Bununla belə, Ukrayna üzləşdiyi problemlərə baxmayaraq Pokrovsk istiqamətində Rusiyanın manevrlərini qismən dəyişməyə nail olaraq müharibəni davam etdirmək qabiliyyətini itirmədiyini göstərir. Lakin Ukrayna Rusiyaya qarşı hərbi platformalar daxilində müqayisəli üstünlük əldə edə bilmir, bu isə Qərbin “qırmızı xətli Ukrayna” tematikası ilə uyğunsuzluqdur. Bu ziddiyyətləri öz xeyrinə doğru dəyişdirmək üçün ABŞ, Böyük Britaniya və Fransa öz raketlərindən Rusiya dərinliklərinə zərbə endirilməsinə izn verdi. Bu amil bir daha Ukraynanın Qərb qərarları ilə hərəkət etməyə məcbur olduğunun indikatoru olduğunu göstərdi. Rusiya ortamənzilli yeni növ raketlərlə Dneprə zərbələr endirərək müharibədə yeni silahların istifadəsinə istinad etdi və bununla da Ukraynanı dəstəkləməyin yarada biləcəyi təhlükəli nəticələri rəqiblərinə göstərməyə çalışdı. Bu, Rusiya ilə Qərb arasında mümkün genişmiqyaslı eskalasiya hekayələrinin yeni səhifəsidir. Rusiya və Qərb bununla bir-birlərinə qarşı praktiki hərbi hərəkətə keçməzdən öncə “əsas yoxlamaları” aparırlar. Nəzərə alaq ki, Rusiya hər nə qədər hədə-qorxu gəlsə də, ABŞ və Böyük Britaniya raketlərinin müharibə üçün nə demək olacağını yaxşı başa düşür. Rusiya Prezidenti Vladimir Putin əslində çıxışı ilə döyüş meydanında raketlərlə Moskvaya qarşı yeni əks-təsirləri kompensasiya etmək üçün Qərbi gizli danışıqlara dəvət edir. Hərçənd ki, Rusiyanın Ukrayna qarşısında hərbi üstünlükləri müqayisəyəgəlməz səviyyədə güclüdür, bu amil də Qərbi Moskva ilə sövdələşmələrə həvəsli edir. Bu baxımdan Rusiyanın hazırkı nüvə ritorikası, o cümlədən yenilənən Nüvə Doktrinası və Qərbin Ukraynaya icazələr verməsi döyüş meydanında yarana biləcək tendensiyaları gələcək Donald Tramp administrasiyası ilə gözlənilən danışıqların həlledici bir mərhələsi kimi xarakterizə edir”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Seçilən
12
1
musavat.com

2Mənbələr