COP29 un Azərbaycanda uğurla başa çatması Cənab Prezident İlham Əliyevin növbəti uğurudur.
Hələ BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində beynəlxalq aləm ABŞ-ın, Avropa İttifaqının (Aİ) iqlim dəyişmələri ilə əlaqədar yeni maliyyə hədəfinin müəyyən edilməməsi üçün süni maneələr yaratmaq cəhdlərinin şahidi oldu. Elə bu səbəbdən Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen, ABŞ prezidenti, o cümlədən Fransa bu mötəbər tədbirə qatılmadılar. Üstəlik, Azərbaycanın COP29-a ev sahibliyi etməsi ilə bağlı qarayaxma kampaniyasında fəal iştirak etdilər. Bununla da dünyanı cənginə alan iqlim fəsadlarına qarşı biganə olduqlarını, həm də BMT-ni saymadıqlarını bir daha nümayiş etdirdilər.
COP29-da iştirak edən və Aİ-ni təmsil edən Almaniyanın xarici işlər naziri Annalena Berbok ermənipərəstlərin sifarişi ilə “ənənə”sinə sadiq qalaraq gərginlik yaratmağa cəhd etdi. Belə ki, o, qatıldığı tədbirin mövzularından daha çox Azərbaycanda insan haqlarından danışdı, müxalifət nümayəndələri, həmçinn Qərbin buradakı şəbəkə fəalları ilə görüşlər keçirdi. Bununla da ermənilərə sadiq olduğunu nümayiş etdirdi. Şübhəsiz, onun COP29-un nə geosiyasi sammit, nə də insan hüquqları məsələlərinin müzakirə olunduğu hüquqi platforma olmadığını dərk etməməsi təəssüf doğurur. O, həm də bu kimi gedişləri ilə iqlim konfransının mahiyyətinə açıq şəkildə hörmətsizlik göstərdi. Bir sözlə, bu xanım nazir planetin gələcəyi ilə bağlı konstruktiv dialoq aparmaq əvəzinə, sözügedən beynəlxalq platformadan ölkəmizə qarşı növbəti siyasi hücum üçün istifadə etməyə çalışdı. Amma yaxşı olardı ki, o, Azərbaycanı tənqid etmək və beynəlxalq öhdəliklərə əməl etməməkdə ittiham etmək əvəzinə Almaniya hökumətinin rəsmi siyasəti ilə ziddiyət təşkil edən fikirlər səsləndirən dinc etirazçıların mütəmadi həbsindən, dini azlıqların, xüsusilə müsəlmanların hüquqlarının pozulmasından, jurnalistlərə edilən hücumların sayına görə Avropada ən yüksək göstəricilərə malik olmasından, miqrantlara qarşı polis zorakılığından da söz açardı.
COP29 çərçivəsində keçirilmiş müzakirələrin hesabatları və iclasların protokolları, həmçinin razılaşdırılmış sənədlər təsdiqləndi. Bu mötəbər tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycana rəsmi şəkildə təşəkkür elan edilməsi barədə qətnamə qəbul olundu. Yeri gəlmişkən qeyd edək ki, COP29-da qəbul olunan ən önəmli qərarlardan biri hər il inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon dollar iqlim maliyyəsini yönəltməyi nəzərdə tutan yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi (BMG) barədə razılığın əldə olunmasıdır. Bakı Maliyyə Məqsədi, inkişaf etmiş ölkələrin 2035-ci ilə qədər inkişaf etməkdə olan dövlətlər üçün hər il ən azı 300 milyard dollar məbləğində vəsaitin səfərbər olunmasına rəhbərlik etməsini nəzərdə tutan əsas hədəfləri müəyyənləşdirir. COP29 Sədrliyinin əsas prioriteti üzrə əldə olunan bu uğur, əvvəlki 100 milyard dollarlıq iqlim maliyyəsi məqsədindən əhəmiyyətli dərəcədə yüksəkdir.
COP29 məqsədlərinə çatıb, Azərbaycan gələcək COP-ların da uğurlu olması üçün, əgər belə demək mümkünsə, müsbət presedent yaradıb. Mütəxəssislərin fikrincə, Bakıda qəbul olunan qərarlar qlobal iqlim dəyişmələri ilə mübarizədə dönüş nöqtəsi də sayıla bilər. Elə buna görə də BMT-nin Baş katibi Antonio Quterreşin bəyanatında bildirilib ki, COP29-da əldə olunan razılaşma qlobal istiləşməni 1,5°C-də saxlamaq məqsədini qorumaq üçün həyati əhəmiyyət daşıyır. Şübhəsiz, COP29-un yekununda qəbul edilən qərarlar bəşəriyyətin gələcəyi üçün müstəsna önəm daşımaqla bərabər ölkəmizin liderlik qabiliyyətini və beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi.
Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
“Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü