AZ

Fransa ölkəmizə düşmənçiliyini COP29 zamanı da dayandırmadı

COP29 fransız neokolonializminin ifşası platforması oldu

Bir vaxtlar özünü dünyada mütərəqqi dəyərlərin daşıyıcısı, demokratiyanın beşiyi kimi təqdim edən Fransanın bugünkü vəziyyəti, sözün əsl mənasında, faciəvidir. Belə ki, hazırda Fransa öz tarixinin ən pis dönəmindədir. Yelisey Sarayının dünyada, xüsusilə də Avropa İttifaqı (Aİ) məkanında  nüfuzu getdikcə əhəmiyyətli dərəcədə aşağı düşür, Afrikadakı və dənizaşırı ərazilərdəki müstəmləkə ölkələrində tez-tez rəsmi Parisə qarşı etirazlar baş qaldırır, “Rədd ol, Fransa!” şüarları səsləndirilir. Ölkə daxilində də vəziyyət qənaətbəxş deyil.

Bütün bunların əsas səbəbi kimi isə prezident Emmanuel Makronun səriştəsiz idarəçiliyi göstərilir.  Bildirilir ki, onun ökənin reallıqlarını, qlobal çağırışları, cəmiyyətin sosial sifarişlərini nəzərə almadan verdiyi populist qərarlar Fransanı açınacaqlı duruma salıb. Fransada Makron iqtidarının siyasi iflasını təsdiqləyən çoxsaylı faktlar sadalamaq mümkündür. Əlbəttə ki, Prezidentin nüfuzunun quyunun dibinə düşməsi bunun ən bariz göstəricisidir. Eyni zamanda, cari ildə keçirilən mühüm seçkilərin nəticələri də hazırkı iqtidar komandasına inamsızlığın pik həddə yüksəldiyini təsdiqləyir. Söhbət 2024-cü ildə baş tutan Avropa Parlamentinə və Milli Assambleyaya seçkilərin nəticələrindən gedir. Fransada indiki siyasi iflas məhz son seçkilər cəhdindən sonra daha da kəskinləşib.

Analitiklər Makron üçün çətin hakimiyyət dövrünün başladığını, makronizm üçün sonun gəldiyini  anons edirlər. Artıq Fransa Prezidentinin  reytinqi antirekord həddə enib. Bu barədə məlumat “Verian-Epoka” tədqiqat mərkəzinin “Figaro” nəşri üçün apardığı araşdırmanın nəticələrində əksini tapıb. Araşdırmaya görə, Fransa liderinin populyarlıq səviyyəsi daha beş faiz azalaraq 17 faizə enib. Bu, Makronun Prezident seçildiyi 2017-ci ildən bəri ən aşağı göstəricidir. Eyni zamanda, respondentlərin 78 faizi Prezidentin fəaliyyətindən narazı olduqlarını bildirib.

Göründüyü kimi, fransızlar arasında belə bir yekdil fikir formalaşıb ki, ölkə getdikcə artan problemlərdən, dərinləşən siyasi və iqtisadi böhrandan xilas olmaq üçün ilk olaraq Prezident Makrondan qurtulmalıdır. Makron isə Fransa parlamentinə və Avropa Parlamentinə seçkilərdə partiyasının aşağı nəticələrinə baxmayaraq, prezident postunu tərk etmək niyyətində olmadığını və 2027-ci ilin mayında keçiriləcək seçkilərədək vəzifəsində qalacağını bildirib.

 “Yazıq” Makron dünya qarşısında öz günahlarını yumaq, dünya ictimaiyyəti ilə həmrəy olmaq əvəzinə hələ də ölkəmizi hədəfə almaqla diqqəti bəd əməllərindən yayındırmağa çalışır. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) Azərbaycanın sədrlik etməsini həzm edə bilməyən Makron bu mötəbər tədbirin gözdən salınması məqsədilə dəridən, qabıqdan çıxdı, bir sıra dövlət başçılarına tədbirə qatılmamaq barədə çağırışlar da etdi. Fransa mətbuatında COP29-la bağlı yayılan qərəzli məqalələrdə Azərbaycanın neft-qaz sənayesi hədəfə alınırdı. Bu, əslində Azərbaycanın beynəlxalq enerji bazarındakı strateji roluna mane olmaq məqsədi güdürdü. Paralel olaraq Fransa tərəfi Azərbaycanın ənənəvi enerji resurslarına malik olmasını “əsas gətirərək” bunu iqlim problemlərinin həlli ilə bağlı müzakirələrlə “uzlaşmadığını” bildirirdi. Bütün bunlar isə Azərbaycanın COP29-a ev sahibliyi etməsindən narahat olan Fransanın bu tədbirə qarşı çıxışları, həm Azərbaycanın nüfuzunu zəiflətmək, həm də enerji məsələlərində öz maraqlarını irəli çəkmək cəhdi kimi qiymətləndirilir.

Əslində, Fransa hakimiyyətini narahat edən daha böyük məqam var. Məsələ ondadır ki, COP29 fransız neokolonializminin ifşası platforması oldu. Bütün dünya tədbirin sayəsində ölkənin ətraf mühitə və ekologiyaya mənfi təsir göstərən hərəkətləri, ümumən, mövzuya dair faktlarla tanış oldu. Fransa özünün müstəmləkə siyasətinin iflasa uğrayacağından əndişələnməyə başlayıb və öz aləmində qabaqlayıcı tədbirlər görməyə girişib. Ən faciəli durum isə rəsmi Parisin COP29 çərçivəsində səslənmiş obyektiv fikirləri və faktları qiymətləndirib nəticə çıxarmaq istəməməsi, məsələni sırf düşmənçilik kimi qiymətləndirməsidir.

Göründüyü kimi, Fransanın xarici siyasətinə cavabdeh olan dövlət qurumunun, ümumən rəsmi Parisin baxış bucağı çox dardır. Ölkənin idarəçilik industriyası özünü hər şeydə düşmənçilik görməyə kökləyib. Problem ondadır ki, Fransanın Azərbaycana münasibəti düşmənçilik üzərində qurulub. Qatı ermənipərəstliyin timsalında nahaqqı haqdan üstün tutmağın başqa adı yoxdur. Fransa COP29-u bəhanə edərək öz qərəzli mövqeyi ilə regionda sülh və sabitliyə mane olmağa çalışırdı. Amma arzusu bu dəfə də ürəyində qaldı. Bütün dünyanın nəzərləri Azərbaycana yönəldi. Dünyanın 196 ölkəsindən 72 mindən çox nümayəndə COP29-da iştirak etmək üçün Bakıya gəldi. 80 prezident, vitse-prezident və baş nazir çox fəal şəkildə liderlərin zirvə görüşündə iştirak etdi. Fransanın ölkəmiz əleyhinə hazırladığı bu oyun da baş tutmadı...

Fransanın Ermənistana havadarlıq etmək naminə Azərbaycana qarşı düşmən münasibət bəsləməsi anlaşılan deyil. Paris ədalətsiz və qərəzli formada Azərbaycana “təzyiq” göstərmək üçün bütün rıçaqlarını işə salıb - təbii ki, heç bir işə yaramayan bu addımlar nəticədə Fransanın imicinə zərbə vurur. Xüsusilə, 2020-ci il Vətən müharibəsindən sonra addımbaşı Azərbaycana qarşı qarayaxma kampaniyası təşkil etmək, “beynəlxalq təzyiq” formalaşdırmaq, hətta ölkəmizə qarşı bəzi “sanksiyalar” yönəltmək kimi “arzular”a düşən Makron hakimiyyəti Milli Assambleyanın və Senatın əli ilə qərəzli “qətnamələr” belə qəbul etdirməyə çalışıb. Frankafoniya təşkilatında, BMT Təhlükəsizlik Şurası çərçivəsində ölkəmizə qarşı aparılan kampaniyalar iflasa uğrayıb.  

Rəsmi Parisin bu mövqeyi belə  bir reallığı bütün çılpaqlığı ilə ortaya çıxardı - özünü Mərkəzi Avropanın aparıcı dövləti sayan Fransa cılız hisslərin, qərəzin əsirinə çevrilib.

Bu gün Azərbaycan beynəlxalq hüquq çərçivəsində milli maraqlarını müdafiə edərək bu cür təzyiqlərə qarşı mübarizədə qətiyyət nümayiş etdirir. Bu tədbir də bir  daha Azərbaycanın dünya siyasətinin ön cərgəsinə çıxdığını sübut etdi. COP29 təsdiq etdi ki, rəsmi Bakı beynəlxalq miqyasda özünəməxsus siyasət aparır, qlobal oyunçu kimi özünü təsdiq edir. Bakı isə dünya siyasətinin müzakirə olunduğu mühüm mərkəzə çevrilməkdədir. Bu tədbirin uğurla başa çatdırılması COP29 ərəfəsində və dünya rəsmilərinin Bakıya toplaşdığı günlərdə ölkəmizə qarşı təşkil edilən hücumların hamısının uğursuzluğa düçar olduğunu göstərdi. Fransa birdəfəlik dərk etməlidir ki, Azərbaycana qarşı nə isə etmək iqtidarında deyil - buna gücü çatmır və heç zaman da çatmayacaq!..

Yaqut Ağaşahqızı, “İki sahil”

Seçilən
42
ikisahil.az

1Mənbələr