Azərbaycanın informasiya azadlığı siyasəti...
Sivilizasiyanın inkişafında informasiyanın rolu əvəzedilməzdir. İnformasiya cəmiyyəti müasirliyə aparan yoldur. Bu baxımdan bəşər tarixində informasiya həmişə mühüm əhəmiyyət kəsb edib. 20-ci əsrin əvvəllərindən etibarən informasiya texnologiyalarının inkişafı dünya səviyyəsində informasiya vasitələrinin sürətli tərəqqisinə təkan verib.
30 il öncə...
Təsadüfi deyil ki, 1994-cü ildən 26 noyabr - Dünya İnformasiya Günü kimi qeyd olunur. 1992-ci il noyabrın 26-da Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının təşəbbüsü ilə I Beynəlxalq İnformasiyalaşdırma Forumu keçirilib. Forumun işində dünyanın 29 ölkəsindən 10 mindən artıq alim və mütəxəssis iştirak edib. Tədbirdə ənənəvi olaraq hər il noyabrın 26-da Dünya İnformasiya Gününün qeyd olunmasına dair qərar qəbul olunub. Beləliklə, bu əlamətdar gün rəsmi olaraq 1994-cü ildə UNESCO tərəfindən qeydiyyata alınıb.
İnformasiya azadlığı demokratiyanın göstəricisidir
Dünya İnformasiya Günündə ən çox diqqətdə olan məsələlərdən biri fikir və söz azadlığıdır. Təsadüfi deyil ki, söz və informasiya azadlığı hər bir ölkənin inkişafı üçün vacib olan məsələlərdən biridir. Belə ki, söz və informasiya azadlığı ümumilikdə demokratiyanın inkişafı, hüquqi dövlətin qurulması üçün əsas zəminlərdən sayılır.
İnformasiya azadlığı, jurnalistlərə ifadə azadlığının verilməsi demokratik cəmiyyətlərin əsas göstəricilərindən və beynəlxalq hüququn daim izlədiyi məsələlərdən biridir. Lakin dünya mürəkkəbləşdikcə, beynəlxalq müstəvidə siyasi və iqtisadi maraqların toqquşması artdıqca medianın müstəqilliyi bəzən arxa plana keçir.
Azərbaycanda bu məqamlara diqqət olunur...
Sevindirici haldır ki, ölkəmizdə informasiya azadlığına xüsusi diqqət olunur. Belə ki, söz və media azadlığı Azərbaycanda da demokratik cəmiyyətin prioritet dəyərlərindən biri olaraq qəbul edilir. İnformasiya və söz azadlığı fərdin öz əqidə və mülahizələrini sərbəst formalaşdırmaq, onlara riayət etmək, onlardan sərbəst imtina etmək hüququnu, öz fikir və əqidəsini sərbəst ifadə etmək, şifahi ünsiyyət hüququnu nəzərdə tutur. Söz azadlığı KİV-in fəaliyyəti ilə sıx bağlıdır. Eyni zamanda istənilən qanuni yolla informasiyanı sərbəst axtarmaq, almaq, ötürmək, istehsal etmək və yaymaq hüququnun həyata keçirilməsi üçün zəruri zəmin yaradır. Azərbaycanda da məhz bu fundamental məqamlara xüsusi diqqət olunur.
COP29 ölkəmizdə informasiya azadlığını sübut etdi!
Mövzu barədə “Yeni Azərbaycan”a açıqlama verən Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, millət vəkili Bəhruz Məhərrəmov bildirib ki, hər zaman ölkəmizin söz, plüralizm, fikir və informasiya azadlığına nə qədər sadiq olduğunun şahidi olmuşuq. O, qeyd edib ki, Azərbaycan dünyanın ən böyük beynəlxalq tədbirinə - COP29-a ev sahibliyi etməklə bəşəri problemlərin həllinə ciddi töhfə vermək niyyətində olduğunu nümayiş etdirdi. B.Məhərrəmovun sözlərinə görə, Azərbaycanın bu mühüm tədbirə ev sahibliyi etdiyi ərəfələrdə şahidi olduğumuz məqamlardan biri ölkəmizdə söz azadlığına nə qədər önəm verildiyi idi: “Bütün dünya gördü ki, COP müstəvisində Azərbaycanın siyasətinə nə qədər düşmən münasibət bəsləyən ölkələrin nümayəndələri öz fikirlərini açıq şəkildə bildirdilər. Hətta bəşəriyyətin iqlim təhlükəsindən, problemlərindən xilasına qarşı ciddi müzakirələrin getdiyi bir vaxtda belə dəxli olmadan tamamilə yersiz addımlar atan insanlara qarşı nə qədər dözümlü bir münasibət sərgiləndi. Azərbaycanın COP müstəvisində həm fikir, söz azadlığına, həm də iqlim dəyişiklikləri ilə mübarizənin imperativlərinə nə qədər sadiq yanaşdığının əlamətləri ortadadır. Bu, o deməkdir ki, Azərbaycan COP siyasətində də səmimi və ardıcıllıq nümayiş etdirdi, konkret iradəyə söykəndi. Azərbaycan həm təbii qazıntı yanacaqlarının üzərində öz iqtisadiyyatını inkişaf etdirməkdə maraqlıdır, həm də qazıntı yanacaqlarını dövrün tələblərinə uyğun olaraq alternativ enerji mənbələri ilə əvəz etməkdə nə qədər böyük iradə sahibi olduğunu nümayiş etdirir. Bütün bunlar Azərbaycanın dünyanın bu günü və gələcəyi naminə səmimi siyasət apardığını ifadə edir. Halbuki Azərbaycan kimi digər ölkələr də belə məntiqli və sağlam yanaşsaydılar, dünyanın gələcəyi üçün ən azı iqlim problemləri kontekstində o qədər də narahat olmağa dəyməzdi. Azərbaycan bu gün karbon emissiyalarının yalnız 0,01%-nə sahibdir, lakin 80%-ə qədər karbon emissiyasına sahib olan “Böyük 20”lərdən fərqli olaraq daha ardıcıl və daha səmimi siyasət aparır. Bu, elə Azərbaycanın siyasətinə böyük rəğbətlə yanaşmağı tələb edən nüansdır. Çox təəssüf ki, Azərbaycan nə qədər səmimi yanaşırsa, yenə də bəzi ölkələrin qərəzli, ikili standartlar çərçivəsində hücumlarına məruz qalır. Azərbaycanın COP siyasəti, iqlim dəyişiklikləri ilə mübarizə siyasəti, bu siyasət kontekstində söz, informasiya və fikir azadlığına sadiqliyi heç bir mübahisə doğurmadan qəbul olunmalıdır”.
COP29 zamanı xarici jurnalistlər gördülər ki...
B.Məhərrəmov qeyd edib ki, COP29 zamanı bir daha məlum oldu ki, Azərbaycan dünyada sülhün, təhlükəsizliyin, əmin-amanlığın təminatında nə qədər maraqlı idisə, bir o qədər də dünyamızın hifz olunmasında, onu təhdid edən iqlim dəyişiklikləri problemlərinin həllində ciddi rol oynamaqda maraqlıdır: “COP29 Azərbaycanın demokratik inkişaf yolunu seçdiyini bütün dünyaya nümayiş etdirdi. Tədbir çərçivəsində məmurlar jurnalistlərin qarşısında çıxışlar etdilər, onların suallarını cavablandırdırlar. Xarici jurnalistlər də gördülər ki, Azərbaycanda tam şəffaf, açıq şəkildə münasibət qurmaq mümkündür. Ölkəmizdə söz, mətbuat və informasiya azadlığının ən yaxşı səviyyədə təmin edildiyi də bütün dünyanın diqqətinə çatdırıldı”.
Yeganə BAYRAMOVA