ABŞ-ın iqtisadi komandası dünyaya nə vəd edir?
Xəbər verildiyi kimi, Donald Tramp ABŞ maliyyə naziri vəzifəsinə tanınmış milyarder Skott Bessentin namizədliyini irəli sürüb. Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Bessent Trampın bir çox iqtisadi təşəbbüslərini, o cümlədən vergilərin azaldılması və xarici məhsullara gömrük rüsumlarının artırılmasını dəstəkləyir. Bundan əlavə, o, kriptovalyutaların fəal tərəfdarı kimi tanınır.
Trampın bu təklifi iqtisadi siyasətində yeni istiqamətlərin işarəsi kimi qiymətləndirilir. Bessentin kriptovalyutalarla bağlı mövqeyi maliyyə dünyasında geniş müzakirələrə səbəb ola bilər.
Bessent “Key Square Group” (KSG) heyc fondunun təsisçisidir.
Tramp “Truth Social” səhifəsində qeyd edib ki, 62 yaşlı Bessent “dünyanın aparıcı beynəlxalq investorlarından biri və geosiyasi və iqtisadi strateq kimi yüksək hörmətə malikdir”. Onun sözlərinə görə, nazir namizədi MAGA-nın (Amerikanı Yenidən Möhtəşəm Et - Trampın təşəbbüskarı olduğu kampaniya -red.) “çoxdandır” fəal dəstəkçisi olub: “Skott mənim ABŞ-ın rəqabət qabiliyyətini yaxşılaşdırmaq, ədalətsiz ticarət disbalansını aradan qaldırmaq və iqtisadi artımı prioritetləşdirən iqtisadiyyat yaratmaq siyasətimi dəstəkləyəcək. Biz birlikdə Amerikanı zəngin, firavan, əlverişli və ən əsası yenidən möhtəşəm edəcəyik”!
Cənubi Karolina əsilli və Yale Universitetinin məzunu olan Bessent peşəkar dairələrdə böyük sövdələşmələrdə ustalığına görə Wall Street-in “səssiz qatili” kimi tanınır. Seçilmiş prezidentə yaxın mənbə "Axios"a bildirib ki, onun “Trump dünyasında çoxlu pərəstişkarı var”.
Mişler Maliyyə Qrupunun idarəedici direktoru Glen Capeloya görə, “Skott maliyyə şahinidir və mütləq iqtisadiyyata və bazarlara müsbət təsir göstərəcək.
Avqust ayında "Bloomberg"ə müsahibəsində Bessent özünü “Tramp kampaniyasının qeyri-rəsmi məsləhətçisi və sözçüsü” kimi təqdim edib. O, Respublikaçıların seçki kampaniyasında iştirak etmək qərarını belə əsaslandırıb ki, bu, “ABŞ-ın Avropa tipli sosialist demokratiyasına çevrilmədən bu borc dəliyindən çıxmaq üçün son şansdır”.
"Forbes"in məlumatına görə, Bessent bu seçki dövründə Trampa və digər respublikaçılara təxminən 3 milyon dollar ianə edib (bir neçə il ərzində o, 15 milyon dollardan çox pul xərcləyib).
"Associated Press" qeyd edir ki, Bessent Trampın donoru və müşaviri olmamışdan əvvəl demokratlara, xüsusən də Bill Klinton administrasiyasında vitse-prezident Al Qorun kampaniyasına (o, Corc Buşa uduzub) vəsait bağışlayıb. WSJ aydınlaşdırır ki, həmin 2000-ci ildə Bessent Hamptonsdakı (Nyu-York) evində demokrata dəstək üçün pul yığımı təşkil edəndə Arizonadan olan respublikaçı senator Con Makkeynə pul bağışlamışdı.
"Fox News"dakı köşəsində Bessent yüksək idxal tariflərini müdafiə edərək, onları “ticarət tərəfdaşlarımızla danışıqlar üçün alət” adlandırıb. Onun sözlərinə görə, tariflər “Prezidentin xarici siyasət məqsədlərinə nail olmaq üçün faydalı vasitədir” və “xəzinədarlığın gəlirlərini artıra, biznesləri istehsalı bərpa etməyə təşviq edə və strateji rəqiblərin sənaye istehsalından asılılığımızı azalda bilər”.
WSJ yazır ki, Bessent Trampa “3-3-3" siyasəti yeritməyi tövsiyə edib: 2028-ci ilə qədər büdcə kəsirini ÜDM-in 3 faizinə endirmək, deregulyasiya vasitəsilə ÜDM artımını 3 faiz stimullaşdırmaq və gündə əlavə 3 milyon barel neft hasil etmək. Yeri gəlmişkən, Tramp bu yaxınlarda energetika naziri postuna "Liberty Energy" neft şirkətinin rəhbəri Kris Raytın namizədliyini irəli sürüb - o, neft və qaz hasilatının tərəfdarı kimi məşhurlaşıb.
AP-nin məlumatına görə, Bessent tarixdə ilk açıq homoseksual maliyyə naziri, həmçinin ABŞ Senatı tərəfindən təsdiqlənən ilk LGBT Respublikaçı kabinet üzvü olacaq.
WSJ yazır ki, Bessent karyerasının böyük hissəsini - 2011-ci ildən 2015-ci ilə kimi investisiya direktoru kimi Soros Fund Management-də (SFM) keçirib. O, şirkəti Böyük Britaniyanın mənzil bazarında qeyri-sabitliyi müşahidə etdikdən sonra Britaniya funtunun çökəcəyinə dair mərc etməyə inandıranlardan biri idi. 1992-ci ildə bu mərc şirkətə 1 milyard dollardan çox gəlir gətirdi.
2015-ci ildə Bessent SFM-dən ayrılaraq öz şirkətini qurub, ciddi uğurlar əldə etməyi bacarıb.
Maraqlıdır ki, onun Maliyyə Nazirliyinin rəhbəri postuna ən yaxın rəqibi Cantor Fitzgerald broker şirkətinin baş direktoru milyarder Hovard Latnik olub. Milyarder İlon Mask Latnikin namizədliyini açıq şəkildə dəstəkləyirdi.
Qeyd edək ki, Bessentin namizədliyinin açıqlanmasından sonra ilk iş günü keçirilən hərraclarda dolların məzənnəsində azalma qeydə alınıb. Analitiklərə görə, bu proses bazar iştirakçılarının Tramp hakimiyyətinin iqtisadi siyasətinə dair gözləntiləri əks etdirir.
Trampın iqtisadi vəzifələrə təyinatları dünya və ABŞ iqtisadiyyatına nələr vəd edir?
Elman Sadıqov
Sualı cavablandıran iqtisadçı-ekspert Elman Sadıqovun “Yeni Müsavat”a dediyinə görə, D.Tramp bütün postlara namizədləri bir prinsiplə irəli sürür: “Bu, sədaqət prinsipidir. Seçim kriteriyaları arasında bu amil üstünlük təşkil edir. Ki, bu adam mənim kampaniyama dəstək veribmi, mənim görmək istədiyim işləri dəstəkləyirmi. İqtisadi postlara namizədlər də eyni prinsiplə irəli sürülüb və bu, bir qədər narahatlıq doğurur. Konkret maliyyə naziri postuna namizəd olan Skott Bessentə gəlincə, o, özəl sektorun təmsilçisidir, heyc-fond rəhbəri olub. Vaxtilə Corc Sorosla birlikdə işləyib. Yəni o, daha çox biznes adamıdır, nəinki dövlət məmuru. Onun maliyyə naziri kimi üstün və mənfi tərəfləri var. Müsbət tərəfləri budur ki, çox yaxşı maliyyəçidir, iqtisadi gerçəklikləri gözəl bilir, analitik qabiliyyəti güclüdür. Mənfi tərəflərindən biri Trampla bəzi mübahisəli məsələlərdə eyni mövqedən çıxış etməsidir. Lakin burada çox maraqlı bir məqam var. Tramp idxala dərhal tariflərin tətbiqinin tərəfdarıdırsa, Bessent daha çox onlardan danışıqlar üçün alət kimi istifadə etməyi üstün sayır. O, tariflərin tətbiqini deyil, tətbiqi ehtimalını əsas götürməklə üstün mövqedən danışıqlar aparılmasını düzgün sayır. Bütün bunlarla yanaşı, o da Tramp kimi yüksək rüsumların təsirinə inanır. O, dövlət məmuru deyil, özünün biznes maraqları olan adamdır. Doğrudur, nazir təyin olunan kimi biznesdən çəkiləcək, lakin bu, maraqlar toqquşması amilini istisna etmir”.
Ekspertə görə, Trampın seçkiqabağı verdiyi vədlərdən hansını yerinə yetirəcəyi maraq doğuran məsələdir: “İndidən bilmək olmaz ki, Tramp prezident seçkiləri ərəfəsində verdiyi vədlərdən hansıları hakimiyyəti dövründə həyata keçirmək istəyəcək, hansı vədlərin reallaşmasına Amerika dərin dövləti - böyük güclər imkan verəcək. Elə məsələlər var ki, onların həlli heç Trampın da səlahiyyəti, imkanları daxilində deyil. Bəzi vədlər var ki, onların reallaşdırılması ABŞ-ın təklənməsinə gətirib çıxara bilər, ona görə də ABŞ oturuşmuş dövlətçilik sisteminin buna qol qoyacağı real görünmür. Yəni bütün bunlar o deməkdir ki, proseslərin axarını, nəticələrini düzgün qiymətləndirmək üçün müəyyən zamana ehtiyac var”.
E.Sadıqov bildirir ki, kriptovalyutaya maliyyə aləti kimi baxılması vacibdir: “Qeyri-maddi aktivdir. Bessent ABŞ-ın bütün kriptovalyutaları toplamasını təklif edir. Burada bir sıra məqamlar var. Belə ki, hazırda qlobal bank sistemi çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi prosesindən demək olar ki, tamamilə kənardadır. Bu sahədə kriptovalyutaların rolu sürətlə artır ki, artıq bu da heç kim üçün sirr sayılmır. Bu şərtlər daxilində kriptovalyuta bazarını genişləndirmək, təşviq etmək hansı nəticələrə səbəb ola bilər? Suala birmənalı cavab vermək mümkün deyil. Çünki kriptovalyuta bazarının tənzimlənməsinə hələlik nail olunmayıb, burada çirkli pulların yayılmasının qarşısını alan mexanizm yoxdur. Bütün bunların fonunda ABŞ-ın kriptovalyutaları alıb yığması özü böyük təhdidlər formalaşdıracaq addım olar”.
ABŞ idxala yüksək tariflər tətbiq edərsə, bu, iqtisadi daralmaya gətirib çıxara bilər: “Tariflərin yüksəldilməsi ilk növbədə ölkədə inflyasiyanı artıracaq. Bu halda isə faizləri aşağı salmaq mümkün olmayacaq. Yüksək faizlər isə iqtisadiyyata daha az investisiya axını deməkdir ki, bu da son nəticədə ümumilikdə ABŞ iqtisadiyyatında artımı bloklamağa bərabərdir. ABŞ-ın dövlət borcu rekord həcmə çatıb. Təkcə Çinə dövlət qiymətli kağızlarına görə 800 milyard dollardan yuxarı borc var və ABŞ o kağızlara görə Çinə faiz ödəyir. Çin bir tərəfə,Trampın yüksək idxal rüsumları ABŞ-ın müttəfiqləri ilə münasibətlərini dayandırması, yaxud problemli dalana dirəməsi təhlükəsi yaradır. Aydın məsələdir ki, idxala yüksək tariflər qarşı tərəflərin də ABŞ mallarına münasibətdə eyni addımı atmasına səbəb olacaq. ABŞ-ın yalnız öz daxili bazarı hesabına inkişaf etməsi isə mümkün deyil”.
Müsahibimiz Tramp hakimiyyətinin ən böyük təhlükəni neft bazarına yaradacağını gözləyir: “Tramp ABŞ-ın neft hasilatını artırmasının tərəfdarıdır. Eləcə də hasilatçıların bazara çıxarılacaq həcmləri razılaşdırmasına qarşıdır, birinci hakimiyyəti dövründə OPEK-ə qarşı kartel sövdələşməsi iddiası ilə məhkəmə işi açılmasının təşəbbüskarı olub. Bu isə bazarda böyük həcmdə artıq təklif yaratmaqla qiymətlərin kəskin düşməsinə gətirib çıxara bilər”.
Qeyd edək ki, D.Tramp milyarder İlon Maska da öz hökumətində yer verir. E.Sadıqova görə, Maskın biznes idarəçiliyi sahəsində böyük uğurları var: “Bütün texnoloji nailiyyətlərinə baxmayaraq, Maskın dünyagörüşündə qeyri-adi inanclar da xeyli yer tutur. Öz övladına İsa peyğəmbərin nişanəsi sayılan X adını qoyması Maskın dini-mistik inanclara münasibətindən xəbər verir. Onun əsas məqsədi 12 övladının iştirakı ilə böyük ailə xanədanı-biznes imperiyası formalaşdırmaqdır. Bu baxımdan, onun ABŞ bürokratiyasını içdən öyrənmək istəməsi təbiidir. Bu, həm də ona administrasiya içində əlaqələr yaratmaq imkanı verəcək”.
Dünya SAKİT,
“Yeni Müsavat”