Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyinin sədri Səbinə Kərimova QHT.az-a açıqlamasında əlilliyi olan şəxslərin təhsil və peşə fəaliyyətinə cəlb olunmasının vacibliyini vurğulayıb.
"Əgər ailədə əlil övlad varsa, valideynlər ilk növbədə onların təhsilinə diqqət etməlidirlər. Təhsil, əlilliyi olan şəxsin sabah öz işinin sahibi olması üçün əsasdır. Bunun üçün valideynlər maarifləndirilməlidir ki, əlil övladlarının potensialını dəyərləndirsinlər və onları yararsız kimi görməsinlər. Əlil qadınlar hansısa peşəyə və ya təhsilə cəlb olunduqda, çox rahatlıqla iş tapa bilərlər və cəmiyyətə nə qədər faydalı olduqlarını sübut edə bilərlər," - deyə Səbinə Kərimova bildirib.
O, əlavə edib ki, əlilliyi olan şəxslər işlərinə yüksək məsuliyyətlə yanaşırlar: "Onlar özlərini cəmiyyətin bir hissəsi kimi sübut etmək və 'mən sağlam insandan daha faydalıyam' mesajını vermək üçün daha çox çalışırlar."
Səbinə Kərimova, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası üçün xüsusi proqramların həyata keçirilməsinin vacibliyini də qeyd edib:
"Əlillərin ictimai proseslərə fəal qoşulmaları və cəmiyyətin normal üzvləri kimi qəbul olunmaları üçün addımlar atılmalıdır. QHT-lər bu istiqamətdə mühüm rol oynayır. Əlilliyi olan şəxslərin maarifləndirilməsi, onların bilik və bacarıqlarının artırılması, istedadlı və peşəkar insanların cəmiyyətə tanıdılması istiqamətində QHT-lərin fəaliyyəti çox müsbət nəticələr verir. Onlar məşğulluq problemlərinin həllinə də dəstək olurlar."
Səbinə Kərimova QHT-lərin bu sahədəki əməklərinin danılmaz olduğunu vurğulayıb və gələcəkdə də bu cür təşəbbüslərin davam etdirilməsinin vacibliyini qeyd edib.
Pərvanə Fərhadqızı