AZ

“Nəsimi” operasının ilk tamaşası AMK-də müzakirə edildi

Dünən Azərbaycan Milli Konservatoriyasında “Nəsimi” Operasının premyerası və Milli musiqi təhsili mövzusunda mətbuat konfransı keçirilib. “Sənət məbədində bir gün” adlı toplantıda AMK-nın mətbuat katibi Aysel Fikrət yeni operanın ilk tamaşası barədə ətraflı məlumat verib. Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi Azərbaycan milli musiqi təhsili və “Nəsimi” operası ilə bağlı mətbuat nümayəndələrinin suallarını cavablandırıb.

Suallardan biri milli musiqi təhsilimizin vəziyyətinə həsr edilib. Xalq artisti Siyavuş Kərimi tədbir iştirakçılarını, media nümayəndələrini maraqlandıran bu suala cavab verərək deyib:

– Bu gün beynəlxalq festivallarda konservatoriyanın tələbələri uğurla çıxış edirlər. Bu baxımdan demək istəyirəm ki, hər bir mədəniyyətə milli rəng, çalar, əhval-ruhiyyə qatıb onu milliləşdirmək olar. Bir rektor kimi sevinirəm ki, ucqar rayonlardan belə təhsil almağa gələn gənclər Azərbaycan milli musiqisini elə bir səviyyədə ifa edirlər ki, biz onlarla fəxr edə bilərik.

Təsəvvür edin, dünyadakı beynəlxalq caz festivallarında milli musiqi alətlərimiz – tar, kamança müvəffəqiyyətlə nümayiş olunur. Bu milli alətlərdə ifa edən gənclərimiz Azərbaycan musiqisini elə məharətlə təbliğ edirlər ki, biz həyata keçirdiyimiz musiqi təhsilimizlə bağlı proqramların əhəmiyyətini görürük. 2006-cı ildən bu musiqi ocağında “İnstrumental muğam” kafedrası fəaliyyət göstərir. Bu onu göstərir ki, milli musiqi təhsilimiz hər gün püxtələşir və uğurlara doğru addımlayır. “İnstrumental muğam” kafedrası bu günümüz, sabahımız, gələcəyimiz naminə ifaçılıq məharəti ilə fərqlənən gəncləri yetişdirib. Onlar Azərbaycan musiqisini bütün dünyaya yayacaqlar.

Siyavuş Kərimi bu günlərdə Heydər Əliyev adına sarayda “Nəsimi” operasının uğurlu təqdimatı ilə bağlı musiqi ictimaiyyətini maraqlandıran sualları da cavablandırıb. O bildirib ki, uzun müddətdən sonra Azərbaycan musiqi tarixində “Nəsimi” operası kimi ciddi əsərin yazılması milli musiqimizin uğurudur:

– Bu məsuliyyəti dərk etdiyimə görə əsərin hər bir çalarına fikir verirdim. Opera müğənnilərinin mənə etimadı, sanki, bu əsəri yazmağımı daha da sürətləndirdi. Bu əsər 6 ay müddətinə ərsəyə gəlib. Pandemiya zamanı gecə-gündüz saata belə baxmadan bu operanın üzərində işləməyə başladım. Əlbəttə, bu, çox məsuliyyətli işdir. Mən də belə bir elit janrın Azərbaycan musiqi tarixinə yeni bir nəfəs gətirəcəyinə inanaraq, “Nəsimi” operasını sevə-sevə yaratdım.

Nəsimi haqq şairidir. Mən onun Ənəlhəqq fəlsəfəsini tamaşaçıya çatdırmaq üçün musiqinin sehrinin bütün pillələrindən istifadə etməyi özümdə cəsarət tapdım. Çünki mən öz əqidəsi yolunda şəhid olan bir haqq şairinin taleyini gözlərim önündə canlandırır, musiqinin kaloritini bütün cazibədarlığı ilə yaratmağa davam edirdim. Məni ən çox təsirləndirən o oldu ki, Heydər Əliyev Sarayında boş yer qalmamışdı. Tamaşaçılar axıra qədər operanı dinlədilər. Ən kövrək hisslər isə o idi ki, insanların təsirlənərək ağladığını gördüm. Və onda əmin oldum ki, çəkdiyim əziyyət, yuxusuz gecələrim hədər getməyib. Bütün tamaşaçılara və mənim yaradıcılığıma dəyər verən media nümayəndələrinə təşəkkür edirəm.

Xatırladaq ki, operanın librettosu akademik Rafael Hüseynova məxsusdur.

Fidan SALMANOVA
XQ

Seçilən
11
xalqqazeti.az

1Mənbələr