Pakistan Daxili İşlər Nazirliyi müxalif “Təhrik-e-İnsaf” partiyasının tərəfdarlarının rəhbərlik etdiyi polislə etirazçılar arasında ilkin toqquşmalardan sonra İslamabada ordu qüvvələrinin göndərildiyini elan edib.
Axar.az xəbər verir ki, bu barədə “Geo” telekanalı məlumat yayıb.
“Daxili İşlər Nazirliyi Pakistan ordusunun İslamabada yeridildiyini açıqlayıb. Təhlükəsizlik qüvvələrinə iğtişaşçıları yerindəcə güllələmək də daxil olmaqla, ekstremal tədbirlər görməyə və təşviqatçılara, eləcə də iğtişaşçılara qarşı qətiyyətlə hərəkət etmək üçün ciddi göstəriş verilib”, - məlumatda deyilir.
Nazirlik həmçinin Pakistan ordusuna asayişi qorumaq üçün lazım bildiyi təqdirdə istənilən bölgədə komendant saatı tətbiq etmək səlahiyyəti verib.
Qeyd edək ki, Pakistanın həbsdə olan keçmiş baş naziri İmran Xanın təsis etdiyi “Təhrik-e-İnsaf” partiyası noyabrın 24-də ölkə hakimiyyətini parlament seçkisinin nəticələrinə yenidən baxmağa və siyasi məhbusları, o cümlədən, Xanın özünü də azad etməyə məcbur etmək məqsədilə ümummilli etiraz aksiyası keçirib.