AZ

Uşaqlarda və gənclərdə TƏNBƏLLİK – Günah onları zəhmətə alışdırmayan valideynlərdədir?

Yəqin ki, hər gənc bir dəfə də olsun böyüklərindən “sən  gəncsən, həyatının ən  gümrah, enerji dolu  vaxtlarıdır” sözlərini eşidib.

Amma bu gün uşaqlar və gənclər arasında bəhs edilən gümrahlıqdan çox, tənbəllik, həyata, işə, dərsə qarşı həvəssizlik daha çox görünür. Əslində, bu halların özünəməxsus səbəbləri ola bilər.

Tənbəllik sadəcə br xüsusiyyət deyil, o cümlədən sindromdur. Hətta tənbəllikdən qurtulmağın yollarıyla bağlı müxtəlif mütəxəssis məsləhətləri də var.

Sözün hərfi mənasına baxsaq, vaxtı zəhmət və ya əmək sərf etmədən boş keçirməyə üstünlük vermək mənasına gəldiyini görərik.

Təbii ki, günümüzdə vaxtı boşuna keçirməyin ən yaxşı üsullarından biri də sosial mediada saatlarla “reels”, “shorts” adlanan qısa videolara baxmaqdır. Belə ki, bir çox insan təsdiqləyir ki, bu videolara baxanda vaxtın necə keçdiyini anlamaq olmur. Nəticədə, insanın görəcəyi işlər qalır, saatlarla ekrana baxmaq onun gümrahlığını alır, həvəssizliyin yaranmasına səbəb olur.

Bunlar məsələnin sosial mediadan  irəli gələn səbəbləridir, ancaq uşaqlıqdan gələn səbəblər də var.

Psixoloq Aynur İsmayılova Bizim.Media-ya açıqlamasında deyib ki,  uşaqlar və gənclər arasında tənbəlliyin, həvəssizliyin, demotivasiyanın olmasının səbəbi böyüdükləri ailə mühitində  valideynlərin onlara  məsuliyyət verməməsidir.

Psixoloq məsələyə daha fərqli bir aspektdən yanaşıb:

“Valideyn bəzən düşünür ki, o, uşaqlığında çətinlik yaşayıbsa, övladı yaşamasın, ancaq dərsini oxusun.  Amma bu belə deyil. Çünki fiziki əmək zehni əməyə də təkan verən amillərdən biridir.

Valideynlərin vermədiyi məsuliyyət həvəssiz gənclərin meydana gəlməsinə səbəb olur”.

Aynur İsmayılova vurğulayıb ki, evdə uşaqlara kiçik yaşlarından bəri yatağını yığışdırmaq, paltarlarını səliqəyə salmaq kimi kiçik məsuliyyətlər verilsə, yaş artdıqca bu vəzifələr artsa, onlar da öz məsuliyyətlərini dərk edərlər. Bu halda uşaqlarda həvəssizlik yaranmaz:

“Çünki öz bacarıqlarını kəşf edən uşaqların, gənclərin həyat eşqləri, motivasiyaları daha çox olduğuna görə digər tənbəl gənclərdən  fərqlənirlər. Həmçinin stimulları olduğuna görə kariyeralarını daha da inkişaf etdirirlər”.
 

Sonda bu fikri də vurğulamaq yerinə düşər ki, həvəssizlik bu amillərlə yanaşı, insanın mənəvi vəziyyətindən irəli  gələ bilər.  Yəni, xəyal qırıqlığı, məğlubiyyət, motivasiyanı azaldan halların yaşanması birbaşa insanın enerjisinə təsir edə bilir. Həvəssizlik isə tənbəlliklə ilə nəticələnir.


Bunu xüsusilə həyatda addımlamağa yeni başlayan gənclər yaşayır. Ancaq unutmaq olmaz ki, önəmli olan yaşanan məğlubiyyət yox, onu əvəzləyəcək qalibiyyətdir.

Nəzrin Mirzəyeva, Bizim.Medi

Seçilən
10
1
bizim.media

2Mənbələr