Donald Trampın komandası enerji sektoru üçün yeni böyük plan hazırlayır. Bu plan mayeləşdirilmiş təbii qaz layihələri üçün ixrac icazələrinin verilməsini və ABŞ-də neft hasilatının kəskin artırılmasını nəzərdə tutur.
Ulusal.az xəbər verir ki, bu barədə “Reuters” öz mənbələrinə istinadla məlumat yayıb.
Məlumatda qeyd edilir ki, Tramp özünün “neft planı”nı gerçəkləşdirmək üçün bundan öncə Co Bayden tərəfindən qəbul edilən iqlim qanunlarını və digər məhdudiyyətləri aradan qaldıracaq.
“Reuters”-in yazdığına görə, ilk prioritetlərdən biri yeni sıxışdırılmış qaz ixrac imkanlarına qoyulan məhdudiyyətlərin götürülməsi, bununla bağlı icazələrin verilməsinin bərpası olacaq. Qeyd olunur ki, Tramp federal torpaqlarda qazma qurğularının gücləndirilməsini və ABŞ-də dənizdə qazma işlərinin yerinə yetirilməsinə icazə verilməsini sürətləndirəcək. O, həmçinin Keystone kəməri tikintisi layihəsinin təsdiqlənməsinə nail olacaq. Sözügedən planın Trampın inauqurasiyasından bir neçə gün sonra təqdim olunacağı gözlənilir.
Artıq rusiyalı milyarder, Putinin yaxın ətrafında təmsil olunan Oleq Deripaska Trampın seçkilərdəki qələbəsini mənfi qiymətləndirib: “Sabahın xeyir, yeni dünya. May ayına qədər neft 50 dollara çatacaq. Görünür, hər yerdə sülh olacaq”, – deyə biznesmen öz sosial şəbəkə səhifəsində yazıb. Bununla da ona eyham vurulur ki, neft ucuzlaşandan sonra Rusiya kimi ölkələrin müharibə aparmaq imkanları məhdudlaşacaq.
Hələ seçkilərdən əvvəl Tramp neft quyularının kütləvi işlənməsinə başlamağa söz vermişdi: “Dünyanın hər hansı digər ölkəsindən daha çox “qara qızılımız” var! Səudiyyə Ərəbistanından, Rusiyadan daha çox”.
O, bəyan etmişdi ki, neftin qiyməti 40 dollar/barrel olduğu halda Rusiya hərbi əməliyyatlar keçirə bilməz. Tramp enerji resurslarını Avropaya sataraq “sərvət qazanacağını” da xüsusi qeyd etmişdi.
Göründüyü kimi, Trampın Rusiyanı və digər rəqiblərini ram etmək üçün hansısa ciddi planlarının olduğu və bu planlarda iqtisadi məsələlərin olduqca önəmli yer tutduğuna dair təsəvvür yaradılır. Bütün bunların nə dərəcədə real və gerçəkliyə uyğun olduğunu isə Trampın prezidentliyinin ilk dönəmlərindən görməyə başlayacağıq. “AzPolitika”