Ermənistan hələ də Rusiyaya Qərb sanksiyalarından yan keçməkdə kömək etməkdə davam edir. Onun bu addımı embarqoya məruz qalan ticarətin müxtəlif sahələrini əhatə edir. Son məlumatlara görə, Ermənistan şirkətləri Rusiyaya qızıl ticarəti sahəsində də Qərb sanksiyalarından yan keçməyə kömək edir.
“The Insider” və “Hetq” nəşrləri geniş jurnalist araşdırması nəticəsində bu qənaətə gəliblər.
Qeyd olunur ki, bu şirkətlərin arxasında ölkənin nüfuzlu siyasətçiləri və iş adamları dayanır. Məlumata görə, 2022-ci ildən Ermənistana milyardlarla dollar dəyərində qızıl idxal edilir. Lakin qızıl ölkədə qalmır, BƏƏ-ə ixrac edilir. Eyni zamanda, BƏƏ-dən Ermənistana ehtimal ki, nağd pul və qiymətli kağızlar axını gedir. Bildirildiyinə görə, Rusiya biznesinin qızıl ticarətini Ermənistan vasitəsilə aparması sərfəlidir, çünki ölkədə qızıla ixrac rüsumu tətbiq edilmir və fiziki şəxslər vasitəsilə ticarət, sanksiyalardan yan keçməyə imkan verir.
Bir sözlə, Ermənistan şirkətləri Rusiyanın qızıl ticarətinə sanksiyalardan yayınmasına da yardım edir.
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, Ermənistan ikili oyununa görə, nəhayət cəzalandırılacağına ümid edir:
“Bu ciddi araşdırılmalı bir məsələdir. Həmin məsələ beynəlxalq təşkilatların diqqətindədirsə, yəqin ki, yoxlayıb qiymət verəcəklər. Ümid edirəm ki, bu dəfə Ermənistana ikili standartlar tətbiq olunmaz. Belə faktlar varsa, onlar araşdırılmalı və hər hansı bir şəkildə İrəvanın ikili oyun oynamasını qiymətləndirməlidirlər. Ermənistan həmişə belə dolayı yollardan istifadə edib. Buna rəğmən hələ də onu ifşa etmirlər. Bəlkə bu dəfə məsələni daha şəffaf şəkildə araşdırıb lazımi qiymət veriləcək”.
Ermənistan bu yolla milyardlar qazanır...
Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Qərbin Ermənistana münasibətdə hansısa bir ciddi tədbir görəcəyini gözləmir:
“Sanksiyaya məruz qalan və müdafiə sənayesi üçün vacib olan müxtəlif detalların Ermənistan vasitəsilə Rusiya axması təsadüfi deyil. Verilən məlumatlara görə Ermənistan bu yolla son illər 16 milyard dollara yaxın vəsait əldə edib. Bu o deməkdir ki, Ermənistan daxili ehtiyaclarını ödəyəndən sonra, həmin 16 milyardın azı üçdə birini silahlanmaya sərf edib. Ermənistanın bu oyununu Qərb də yaxşı bilir. Araşdırmalar nəticəsində bəlli oldu ki, Ermənistanla Rusiya qızıl ticarətindən də külli miqdarda vəsait əldə edirlər”.
Həmsöhbətimiz deyir ki, Ermənistan özünü arxayın aparır:
“Çünki Rusiyaya sanksiya tətbiq edən ölkələr, xüsusən də Fransa Ermənstanın yanındadır. Bu mənada Ermənistana qarşı Qərb hansısa ciddi tədbir görüləcəyini gözləmirəm. Əksinə, İrəvana imkan yaradacaqlar ki, bu və ya digər yollarla sanksiyalardan yayınmaqla, Rusiya ilə qurduğu ticari münasibətlərdən daha çox vəsait əldə edib, özünün hərbi potensialını artırsın. Bu isə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına maneə olan ciddi addımlardan biridir”.
Rüfət Sultan, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta