Ekspertlər deyir ki, bahalaşma Novruz bayramınadək davam edəcək
Son vaxtlar bir sıra ərzaq məhsullarında qiymət artımı müşahidə olunur. Ekspertlər də qeyd edir ki, əvvəlki aylardan fərqli olaraq oktyabr ayında istehlak bazarında ən yüksək qiymət artımları ərzaq məhsullarında və xidmətdə qeydə alınıb. Qeyri-ərzaq məhsullarının qiyməti də əvvəlki aya nisbətən yüksəlib. İllik inflyasiya 5.9 faiz olub.
Dövlət Statistika Komitəsinin məlumatına görə? cari ilin oktyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma uzun və yumru düyünün, mal və qoyun ətinin, kolbasa məmulatlarının, xamanın, qatığın, pendirin, kərə yağının, yumurtanın, üzümün, ağ kələmin, pomidorun, şirin bibərin, badımcanın, yerkökünün, sarımsağın, soğanın, kartofun qiymətində baş verib.
Bəs bahalaşma nə qədər davam edəcək?
Natiq Cəfərli
Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a danışıb: “Azərbaycanda qiymət artımının səbəbləri olduqca çoxşaxəlidir. Yəni bu, tək bir səbəbdən qaynaqlanmır ki, həmin səbəbi aradan qaldırmaqla nəticəni dəyişmək mümkün olsun. Təəssüf ki, vəziyyət bu qədər sadə deyil.
Ənənəvi olaraq, Azərbaycanda oktyabrın sonundan başlayaraq Novruz bayramına qədər ərzaq məhsullarının qiymətində artım müşahidə edilir. Yeni il və Novruz bayramları zamanı tələbat artır və bu, qiymət artımını təşviq edən əsas faktorlardan birinə çevrilir.
İkinci əsas səbəb yerli istehsalın yetərsizliyidir. Yerli istehsal kifayət qədər artmadıqca, xaricdən asılılıq artır. Nəticədə xaricdən gətirilən məhsulların qiymətindəki artım Azərbaycanın daxili bazarında da öz təsirini göstərir və qiymətlərin yüksəlməsinə səbəb olur.
Digər mühüm səbəb inhisarçılıqla bağlıdır. Bu, “ənənəvi” problemlərdən biri olmaqla uzun illərdir davam edir. Bazara çıxış imkanları məhduddur; topdansatış bazarı əsasən böyük oyunçuların nəzarətindədir. Kiçik və orta sahibkarlar bu bazara daxil olmaqda ciddi çətinliklərlə üzləşirlər. Nəticədə ölkənin topdansatış bazarında hegemon vəziyyətdə olan şirkətlər qiymətləri diktə etmək imkanına sahib olur və bu da bazarda qiymət artımına səbəb olur".
Qeyd edək ki, xidmət sektorunda da artım müşahidə edilib. Belə ki, 2024-cü ilin yanvar-oktyabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8,3 faiz artaraq 10192,4 milyon manat olmuşdur. Hüquqi şəxslər tərəfindən əhaliyə 7687,0 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,4 faizini təşkil edib. Cari ilin yanvar-oktyabr aylarında hər bir ölkə sakini orta hesabla 999,2 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 104,0 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, ucuzlaşma isə unun, qarabaşaq yarmasının, makaron məmulatlarının, marqarinin, qarğıdalı yağının, limonun, naringinin, almanın, heyvanın, narın, kivinin, xiyarın, göy lobyanın, balqabağın, şəkər tozunun qiymətlərində müşahidə olunub.
Xalidə GƏRAY,
“Yeni Müsavat”