Son araşdırmalara görə, dünyada uşaqların təxminən yarısı ən azı həftədə bir dəfə enerji içkiləri içir. Hətta bir çox şagird və tələbələr bu içkilərdən asılı vəziyyətə düşüblər. Gündə bir dəfə də olsa onlardan istifadə etmədikdə dərsdə uğurlu olmadıqlarını düşünən tələbə və məktəblilər heç də az deyil.
Qeyd edək ki, enerji içkiləri tərkibində kafein, taurin, ginsenq, quarana, vitaminlər, herbal bitki əlavələri və şəkər olan alkoqolsuz içkilərdir. Bu maddələr sinir sisteminə stimulyator təsir göstərərək fiziki və zehni aktivliyi, diqqəti artırıcı, oyadıcı, yuxunu gecikdirici təsir göstərir. Kafein əsas tərkib maddəsidir və onun miqdarı çay, ya da kofedəkindən 3-5 dəfə artıqdır. 250 qramlıq enerji içkisinin tərkibində təxminən ikiqat espresso qəhvəsi qədər – 80 mq kafein mövcuddur. Bu tipli içkilərin təhsil müəssisələrinin yaxınlığında satılması isə əlçatanlığı daha da artırır.
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, məktəblərin qarşısında enerji içkilərinin, tütün məmulatlarının və spirtli içkilərin satışı ciddi sosial və sağlamlıq problemlərinə yol açır:
“Bu məhsulların məktəb yaşlı uşaqlar üçün əlçatan olması, onların erkən yaşda zərərli vərdişlərə yiyələnməsinə və fiziki-psixoloji sağlamlıqlarına mənfi təsir göstərməsinə səbəb ola bilər. Enerji içkilərinin tərkibində yüksək miqdarda şəkər və kofein olduğu üçün onların uşaqlar tərəfindən istifadəsi diqqət pozğunluğu, yuxusuzluq, ürək-damar problemləri kimi ciddi sağlamlıq riskləri yaradır. Tütün məmulatları və spirtli içkilər isə yalnız sağlamlığa deyil, həm də uşaqların davranışına, sosial inkişafına və gələcəkdə asılılıq problemlərinə səbəb ola bilər”.
Ekspertin sözlərinə görə, məktəblərin qarşısında fəaliyyət göstərən köşklərdə bu məhsulların satışının təşviq edilməsi cəmiyyətdə məsuliyyət və nəzarət mexanizmlərinin zəifliyini göstərir:
“Bu həm qanunvericiliyin gücləndirilməsini, həm də ictimai nəzarətin artırılmasını tələb edir. Valideynlər, müəllimlər və yerli idarəetmə orqanları bu məsələdə daha aktiv iştirak etməli və uşaqların sağlamlığını qorumaq üçün lazımi tədbirlər görməlidir. Məktəblər uşaqların yalnız təhsil aldığı yerlər deyil, həm də onların sağlam və təhlükəsiz mühitdə böyüdüyü məkanlar olmalıdır. Bu səbəbdən, məktəblərin qarşısında zərərli məhsulların satışına qarşı ciddi nəzarət mexanizmləri tətbiq edilməli, həmçinin maarifləndirmə kampaniyaları həyata keçirilməlidir. Gənc nəsli qorumaq hər birimizin vəzifəsidir”.
Firuzə Əliyeva