Ağ ev rəsmən təsdiqlədi: Ukrayna ABŞ silahları ilə Rusiyanı vura bilər
Ağ evin milli təhlükəsizlik üzrə müşaviri Con Kirbi ilk dəfə olaraq keçən həftə ABŞ-nın Ukrayna ordusunun Rusiya ərazisində uzaqmənzilli raketlərdən istifadə etməsinə icazə verdiyi xəbərini təsdiqləyib.
Reyting.az-ın məlumatına görə, Ağ ev rəsmisi deyib ki, bu məsələdə siyasətlərini dəyişdiriblər.
Onun sözlərinə görə, hazırda Ukrayna ordusu təcili ehtiyac duyduğu halda uzaqmənzilli Quru Taktik Raket Sistemləri (ATACMS) ilə müdafiə oluna bilər. Hazırda isə bu, Kursk vilayətində baş verir.
Kirbi sözügedən raketlərin istifadəsinin təfərrüatları ilə bağlı çox şərh verməyib:
“Ukraynalılar özləri ATACMS-dan necə yararlandıqlarını, hədəfləri necə təyin etdiklərini və bu raketləri necə istifadə etdiklərini danışırlar”.
Qeyd edək ki, keçən həftə ABŞ mətbuatına danışan bəzi adı açıqlanmayan ABŞ rəsmiləri Ukraynaya Rusiya ərazisində ABŞ-nın uzaqmənzilli silahlarından məhdud şəkildə istifadə etmək icazəsi verildiyini bildirsələr də, bu məsələ ilə bağlı rəsmi açıqlama verilməmişdi.
ELÇİN