AZ

Kəmalə Aşumova: "Zorakılıqla mübarizədə ailə üzvlərinin mövqeyi çox vacibdir"

"Ümidli Gələcək" Gənclər İctimai Birliyinin sədri və Qadın Dəstək Xəttinin rəhbəri Kəmalə Aşumova QHT.az-a zorakılıqla mübarizə mövzusunda özəl açıqlama verib. O, ailə üzvlərinin, xüsusilə kişilərin bu məsələdə əsas rol oynadığını vurğulayıb.

"Zorakılıqla mübarizədə kişilərin və ailə üzvlərinin tutduğu mövqe olduqca əhəmiyyətlidir. Kişilər zorakılığa yol verməməklə nümunə olmalı və gender stereotiplərini dəstəkləməməlidirlər. Ailənin hörmət və bərabərlik əsasında fəaliyyət göstərən bir müəssisə olmasını təmin edərək uşaqlarına sağlam münasibət modelləri təqdim etməlidirlər," - deyə Kəmalə Aşumova bildirib.

O, zorakılığın qarşısının alınması üçün maarifləndirmənin vacibliyini qeyd edərək əlavə edib:

"Kişilər gender həssas olan maarifləndirici kontentlərdə iştirak etməli və zorakılığın sosiuma gətirdiyi problemləri anlamaqda insanlara kömək etməlidirlər. Zorakılığa məruz qalan qadınlara ailə üzvləri tərəfindən dəstək göstərilməsi xüsusi əhəmiyyət daşıyır. Ailə üzvləri erkən işarələri tanımalı və təhlükəsizliyi təmin edərək zorakılığı qınayan bir mühit yaratmalıdırlar."

Kəmalə Aşumova ailə dəyərlərinin zorakılığı aradan qaldırmaq üçün dəyişdirilməsinin və sağlam münasibətlərin təbliğinin vacibliyini vurğulayıb. O, zorakılığın ailələrə və cəmiyyətə mənfi təsirlərini azaltmaq üçün hər kəsi daha həssas və məsuliyyətli olmağa çağırıb.

 

Pərvanə Fərhadqızı

Seçilən
39
6
qht.az

7Mənbələr