Noyabrın 11-dən 24-nə qədər Bakıda keçirilən COP29 həm Azərbaycan, həm də ümumilikdə dünya üçün uğurlu beynəlxalq tədbir kimi yaddaşlara həkk olundu.
Tədbirin yekunları, xüsusilə də gərgin müzakirələrdən, açıq şəkil alan mübahisələrdən sonra əldə olunan razılaşmalar bir sıra dünya liderlərinin təqdirini qazanıb və onlar COP29-un işini yüksək qiymətləndirirlər.
Ölkəmiz bu səviyyədə olmasa da, böyük beynəlxalq tədbirlərə (“Eurovizion” yarışması, Avropa oyunları, “Formula-1” yarışması, İslam oyunları, forumlar, konfranslar, festivallar, simpoziumlar, qurultaylar və s.) təşkilatçılıq etmək baxımından böyük təcrübə toplamışdır. COP29-u yüksək səviyyədə keçirməklə Azərbaycan nümunə oldu.
COP29-dan aylar öncə, eləcə də tədbirin başlanması ərəfəsində ölkədə bütün təbəqələrdə bəlli bir həyəcan yaşanırdı. Zəruri tədbirlər hamının həyatına təsir etsədə, ancaq xüsusi gərginlik və problemlər yaratmadı.
Üstəlik, Azərbaycanın uğurlarını həzm edə bilməyən, hər fürsətdə ölkəmizin imicinə zərbə vurmağa çalışan xarici dairələrin məqsədyönlü fəaliyyəti göz önündə idi. Fransa hökumətinin COP29-a qatılmaması bir növ bu ittihamlara cavab verməkdən, öz keçmişi ilə üzləşməkdən qorxduğunu göstərir. Fransa bir daha inkişaf etməkdə olan ölkələrə ədalətsiz siyasət yürütdüyünü nümayiş etdirdi. Fransanın bu addımı bir daha Qərbin özünü “demokratiya və insan hüquqlarının müdafiəçisi” kimi təqdim etdiyi zaman nə qədər riyakar olduğunu göstərir. Eyni zamanda bu qərar Avropanın öz daxilində olan ikili standartların və qlobal problemlər qarşısında qeyri-səmimi mövqeyinin bariz nümunəsidir.
Prezident İlham Əliyevin sammitdə səsləndirdiyi fikirlər Fransa kimi dövlətlərin ikili standartlarını ifşa etdi. Azərbaycanın bu təşəbbüsü təkcə regional deyil, qlobal iqlim problemlərinin həlli üçün də mühüm töhfədir. Fransanın COP29-a qatılmaqdan imtinası onun qlobal məsələlərdə qeyri-səmimi mövqeyini, ikili standartlarını bir daha üzə çıxardı.
Lakin Azərbaycan uğurlu nəticəyə əvvəlcədən də əmin idi. Prezident İlham Əliyev bir daha vurğuladı ki, Azərbaycan Şimal ilə Cənub, Qərb ilə Şərqin qovuşduğu ölkədir və bu, təkcə coğrafiya ilə bağlı deyil. Biz müxtəlif beynəlxalq iştirakçılar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpülərini sala bilərik. Azərbaycanın başladığı meqalayihələr artıq Avrasiyanın enerji və daşımalar yollarını dəyişib və məhsuldar, çoxtərəfli əməkdaşlıq formatının qurulması ilə nəticələnib.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yekununda qəbul edilən qərarlar bəşəriyyətin gələcəyi üçün müstəsna önəm daşımaqla bərabər Azərbaycanın liderlik qabiliyyətini və beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi. Rəsmi Bakı noyabrın 11-də start götürən və qlobal iqlim dəyişmələri ilə bağlı müzakirələrin aparıldığı toplantının dünya ölkələrinin, xüsusi ilə də inkişaf etməkdə olan dövlətlərin gözlədikləri qərarların qəbulu ilə başa çatması üçün bütün qüvvəsini səfərbər etmişdi. Azərbaycan genişmiqyaslı tədbirin öhdəsindən uğurla gəldi, bu sahədə yüksək səviyyəli təşkilatçılıq qabiliyyətini nümayiş etdirdi. Bütün tərəflərin yekdilliklə COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana rəsmi şəkildə təşəkkür elan olunması barədə qərar qəbul etməsi bunun bariz göstəricisidir.
COP29-da əldə olunan əsas nailiyyətlərdən biri də 2022-ci ildə təşəbbüs kimi irəli sürülmüş və iqlim dəyişmələrimin təsirlərinə ən çox məruz qalan ölkələrə maliyyə yardımını nəzərdə tutan İtki və Zərər Fondunun tam şəkildə institutlaşdırılması oldu. Fondun 2025-ci ildən əməli fəaliyyətə başlaması nəzərdə tutulur. İtki və Zərər Fonduna ölkələr tərəfindən vəd edilən maliyyə vəsaitinin həcmi 730 milyon dollardan çoxdur. İqlim dəyişmələrinin fəsadlarının kiçik ada dövlətlərinə təsirlərinin yaratdığı çətinliklərin həlli Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən COP29 Sədrliyinin prioritetlərindən biri kimi müəyyən olunub. Bu baxımdan, İtki və Zərər Fondunun fəaliyyətə başlaması COP29 Sədrliyinin böyük uğuru oldu.
Bir sözlə, bütün dünya üçün böyük əhəmiyyət daşıyan bu möhtəşəm tədbir öz ahəngi və müsbət nəticələri ilə başa çatdı. Azərbaycan öz imzasını imzalar içində təsdiqlədi.
Şahin Seyidzadə
Milli Məclisin deputatı