Rusiyanın Bryansk vilayətinin Novozıbkovski rayonunda qeyri-qanuni miqrasiyanın təşkili ittihamı ilə azı 11 qadının saxlanıldığı bildirilib.
Hafta.az-ın Gazeta.ru-ya istinadən yazdığına görə, bu qadınlar övladlarının atalıq hüquqlarını xarici vətəndaşlara “satmaqla” bu insanların Rusiyada daha tez hüquqi status qazanmasına kömək ediblər. Qəzet xəbəri “Baza” adlı Telegram kanalında paylaşılan iddialara əsaslandırıb.
Xəbərdə şübhəlilərdən bəzilərinin bir-biri ilə qohum olduğu və fırıldaqçılıq zəncirinin polisin qaraçılara qarşı keçirdiyi əməliyyat zamanı aşkar edildiyi bildirilib.
Polis əvvəlcə şübhəli şəxsi müəyyən edib, daha sonra bu şəxsin ailəsi və tanışları ilə bağlı genişmiqyaslı araşdırmalara başlayıb.
İlkin məlumatlara görə, şübhəli bilinən qadınların çoxu atalıq hüquqlarını birdən çox uşağa satıb. Məsələn, 27 yaşlı beş uşaq anasının hər övladı üçün fərqli atalar (dörd Çin və bir Tacikistan vətəndaşı) qeydiyyata alınıb.
Bildirilib ki, şübhəlilər dindirilərkən onlar sertifikatlaşdırma prosesi üçün 30 min rubl aldıqlarını etiraf ediblər. Bundan əvvəl Moskvada immiqrantlar üçün oxşar saxta nikahlar təşkil edən qrup cəzalandırılaraq həbsxanaya göndərilmişdi.