AZ

Qadınlara qarşı zorakılıq insan hüquqlarını kobudcasına pozur

25 Noyabr – Qadınlara Qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi BMT Azərbaycan ilə birlikdə “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyasına start verir.

Kampaniyanın əsas məqsədi qadınlara qarşı törədilən zorakılığın insan hüquqlarının kobud pozulması kimi təbliği istiqamətində yerli, milli, regional və beynəlxalq səviyyədə maarifləndirmə işinin aparılmasıdır. Hər il kampaniya çərçivəsində müxtəlif formatda tədbirlər həyata keçirilir, dünya ictimaiyyətinə qadınlara və qızlara qarşı zorakılığın qarşısını almaq və aradan qaldırmaq çağırışı edilir.

Kampaniyanın başlanması ilə əlaqədar AQUPDK–nin sədri Bahar Muradovanın videomüraciətində deyilir:

 – Dəyərli həmvətənlər, bu gün   bütün dünyada və Azərbaycanda “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyasına start verilir. Hər il noyabrın 25-də – “Qadınlara Qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü”ndə başlayıb dekabrın 10-u – “Beynəlxalq İnsan Hüquqları Günü”ndə başa çatan kampaniya ərzində bütün tərəfdaşlarımızı, bütövlükdə cəmiyyəti bu fenomenlə qətiyyətli mübarizə aparmağa səsləyirik. Çünki bu qlobal problem yalnız fərdlərə deyil, ailələrə və cəmiyyətimizə ciddi mənfi təsirlər göstərir, onun inkişaf və tərəqqisini sarsıdır. Zərərçəkənlərin bütün proseslərdə tam hüquqlu iştirakına maneələr yaradır, şərəfli və təhlükəsiz həyat sürmək hüququnu pozur. 

Qadınlara və qızlara qarşı zorakılıq ciddi iqtisadi və sosial problemlərə yol açmaqla milli iqtisadiyyata da zərbə vurur, ictimai sağlamlığın təmin olunmasını əhəmiyyətli dərəcədə ləngidir.  

 Azərbaycan  Respublikası ölkədə qadın hüquqlarının müdafiəsi ilə bağlı mühüm nailiyyətlər əldə etmiş, bütün hüquqi normativ çərçivədə səmərəli icra mexanizmləri yaratmışdır. Lakin hüquqların qorunması üçün yalnız hüquqi tədbirlər deyil, eni zamanda ictimai dəstək və həmrəylik də vacibdir. Biz hamılıqla patriarxal davranış normaları və selektiv münasibəti sındıra, ənənəvi gender streotiplərini müsbət düşüncə tərzinə transformasiya edə, qadın və qızları səlahiyyətləndirərək diqqətimizi daha yaxşı bir dünya qurmaq naminə işə yonəldə bilərik. Gəlin 16 günlük fəaliyyət  kompaniyası çərçivəsində güclərimizi birləşdirək, zorakılığa qarşı sıfır dözümlülük sərgiləyərək hamı üçün daha ədalətli bir gələcək uğrunda birlikdə mübarizə aparaq. 

Zərifə HÜSEYNOVA
XQ

Seçilən
10
xalqqazeti.az

1Mənbələr