İki min rublun arxasınca Ukraynaya necə getdik, nələr gördük?
Bakı-Moskva qatarı Xarkov dəmiryolu vağzalına çatanda hava yenicə işıqlaşmışdı. Bakıdan çıxanda Ukraynanın noyabr soyuğuna hazır geyinmişdik, amma qatardan düşəndə bəlli oldu ki, şərfimi unutmuşam. Qatarda iki sutkalıq yolda Moskvaya birgə getdiyimiz azərbaycanlılarla platskarta çəpləşmişdik, ən çox şərfə ona görə heyfsləndik, onlara qismət oldu deyə...
Xarkov dəmiryolu vağzalının birinci mərtəbəsində qısa növbə vardı, buradan elektriçka ilə Zaparojyeyə gedəsiydik. Bir neçə saat burda qalası olduq və vağzalı gəzdik. Xarkov vağzalı Ukraynada ən böyük dəmiryolu qovşağı hesab olunurdu. Bura təkcə ölkəni “cənub qapısı” deyildi, Urala da, Şimali Qafqaza gedən ən mühüm dəmiryolu xətləri də Xarkovdan keçirdi. Yevlax stansiyası Azərbaycan üçün nədirsə, Xarkovu da elə bilin...Xarkov vağzalı klassik üslubda tikilmişdi və Bakı vağzalından çox fərqli idi.
Vağzalını ikinci mərtəbəsində gözləmə zalının böyük bir ərazisini qaraçılar zəbt etmişdi. Ev kimi yorğan-döşək salmışdılar, bir neçə arvad hətta oyanıb ərlərinə çay-çörək verirdilər, sanki işə yola salırdılar.
Xarkovda ləngiyə də bilərdik, amma Zaparojyedə gözləyənlər vardı, onlarla görüşüb bir-iki sonra Bakıya qayıdası idik. Xarkovdan çıxanda bir kulok qoz aldıq, elektriçkada təxminən 3 saatlıq yolda onu əllərimizlə qırıb yedik, bu yol o qədər kənd mənzərələri ilə dolu idi ki...Belə kənd evlərini adətən, sovet kinolarında və bir də multfilmlərdə görərdik, niyə isə bu mənzərələr həmişə adamı özünə çəkərdi. İndi bu kəndlərin yanından ötüb getmək bir ayrı romantikası vardı.
Zaparojye
Zaparojye bizim “Zapı” dediyimiz “ZAZ-968”ın istehsal olunduğu xırda şəhərdir. Gedəcəyimiz ünvanı soruşduq, məlum oldu ki, burda cəmi bir prospekt var, gedəcəyimiz ünvan da elektriçka ilə gedəsiyik. Kassirə pul uzadanda oradan bir cır səs gəldi.
Rusca dedi ki, o dəqiqə bilinir ki, azərbaycanlısız. Soruşduq nədən belə deyir? Dedi ki, guya azərbaycanlılar xəsis olurlar. Gəlib, Allah bilir neçə min kilometr yol gəldiyimiz ünvana çatdıq. Burada təkcə bizi gözləyənləri görməyə gəlməmişdik, “Ağdam kurtkaları”nın modda olan vaxtı bir neçə kurtka alıb Bakıdan onlarla yola salmışdıq, biz də o pulun arxasınca gəlirdik. Gəldik, dedilər ki, onlar bir gün əvvəl Bakıya qayıdıblar. Hə, gündə mobil telefon kəşf edənlərə min kərə söyürük, belə zamanlar da vardı ey, adamlar... İki min rublun arxasınca Ukraynaya kimi get, sonra belə bir mənzərə ilə üzləş...
Düşdüyümüz vəziyyəti təsəvvür etmək çətin deyil. Yaxınlıqdakı yeməkxanaya girdik, burda da kiminsə “panixida”sına hazırlıq vardı, dedilər yeməkxana bağlıdır. Nəsə, qonaq olduğumuzu anladılar, bizə də yas süfrəsində yer etdilər, beş-altı qab çörəklə Ukraynanın məşhur borşunu içdik. Elə-bil bu boyda yolu bu yasda iştirak etmək və borş üçün gəlmişdik. Daha olan-olmuşdu. Bu iki min rublu Kiyevdə necə xərcləyəcəyimizi yolboyu xəyal etmişdik, indi Zaparojyedən əliboş qayıdırdıq...
Zaparojye vağzalında daha bir kuryoz hadisə ilə üzləşdik. Bakıdan çıxanda 1 həftəlik rayonda yaşayan tələbə yoldaşımıza qonaq gedəcəyimizi demişdik, indi qəfil bir “yerlimiz” Zaparojye vağzalında qənşərimizdə oturmuşdu. Bizi görən kimi boynumuza sarıldı, biz isə indiki ifadədə, şokdaydıq. Yerli deyərkən, bu uşaqlıqdan Şuşadakı “Detdom” uşağı Slavik idi, sapsarı bu rusu kim gətirmişdi o ucqar şəhərə, bilinmirdi.
Dedi ki, hansısa şəhərdə qohumları varmış, ona baş çəkməyə gəlibmiş və sairə. Slavikə dedik ki, nəbadə şəhərə qayıdanda bizi burda gördüyünü kiməsə deyir. Slavik arxayınlıq verdi, amma çətin ki, dilini dinc qoyardı...
Moskva-Bakı qatarına bir təhər yer tapa bildik. Əvvəlki əhvalda deyildik deyə, yolboyu sus-pus olduq. Yolda eşitdik ki, Qarakənd üzərində vertolyotumuzu vurublar. Həlak olanlardan biri isə Şuşa İcraiyyə Komitəsinin sədri Vaqif Cəfərovdur. O həm də SSRİ Xalq deputatı idi. Qanımız daha da qaraldı. Bakıda düşəndə yerli tələbə uşaqların yığışdığı “Görüş” kafesinə getdik, daha ətraflı xəbərləri onlardan aldıq. Axşam yataqxanada “Vremya” da Şuşanı göstərdilər, ilk dəfə top, ya raket atmışdılar. Vətənimizə müharibə gəlmişdi...
İki gün sonra Şuşada arxalarınca Ukraynaya getdiyimiz həmin adamları gördük. Gördük ki, ikisi də hərbi gödəkçə geyinib. Daha nəsə deməkdən keçmişdi, müharibə başlamışdı.
Xarkov və Zaparojyedə isə müharibəyə hələ çox, lap çox vardı...
Nazim SABİROĞLU,
Musavat.com