AZ

Zaqatalada növbəti ZƏHƏRLƏNMƏ - AQTA-nın dönərlə bağlı TƏLƏBLƏRİ işə YARAMADI?

Azərbaycanda növbəti dəfə dönərdən zəhərlənmə hadisəsi baş verib. Bu dəfə belə bir hal Zaqatalada yaşanıb. Rayon sakinləri 1999-cu il təvəllüdlü İlqar Əhmədov, 2007-ci il təvəllüdlü qız və 2016-cı il təvəllüdlü oğlan qida zəhərlənməsi ilə xəstəxanaya daxil olublar. Onların dönərdən zəhərləndikləri ehtimal olunur. Həmin şəxslərə tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Qeyd edək ki, Zaqatalada bir neçə ay ərzində artıq ikinci zəhərlənmə hadisəsidir. Bundan əvvəl Tovuzda və Qazaxda da eyni hal yaşanmışdı.

Dönərdən ard-arda zəhərlənmələrdən sonra Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Dönər emalına və dövriyyəsinə dair sanitariya norma və qaydaları” adlı yeni texniki normativ hüquqi akt layihəsi hazırladı. Həmin layihəyə əsasən, iaşə obyektləri dönər üçün lazım olan əti yalnız AQTA-nın tələb etdiyi kəsim məntəqələrindən almalıdır.

Onu da qeyd edək ki, bir müddət əvvəl AQTA tərəfindən dönərxanalarda hazırlanan dönərlərin minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinin qiymətləndirilməsi məqsədilə monitorinqlər həyata keçirilmişdi.

Ölkə üzrə monitorinq keçirilən 310 müəssisədə sanitar-gigiyenik və sanitar-texniki vəziyyət qiymətləndirilərkən, onlardan  yalnız 1 müəssisənin vəziyyəti qənaətbəxş hesab olunmuş, 309 müəssisədə isə nöqsanlar aşkar edilmişdi.

Elə bundan sonra “Dönər emalına və dövriyyəsinə dair sanitariya norma və qaydaları” adlı yeni texniki normativ hüquqi akt layihəsi hazırlamışdı.

Bu qaydalar qüvvəyə minibmi və tətbiq olunurmu? Bəs, belə olduğu halda niyə yenidən dönərdən zəhərlənmə baş verib?

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Bizim.Media-ya bildirilib ki, layihə hazırlanıb və Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib:

"Sənəd artıq qanuni qüvvəyə minib. Onun hazırlanmasında məqsəd tərkibindəki inqrediyentlər baxımından yüksək riskli iaşə məhsulu olan dönərin təhlükəsiz istehlakı üçün qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyi və gigiyena qaydalarına daha ciddi şəkildə əməl olunmasının təmin edilməsidir. Həmçinin bu məhsulla bağlı tənzimləmə və nəzarət mexanizmlərinin təkmilləşdirilməsidir. Bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektləri işlərini qanunvericiyiliyin tələblərinə uyğun, o cümlədən göstərilən normativ sənədə əsasən qurmalıdırlar".

Ötən gün Zaqatalada 3 nəfərin dönərdən zəhərlənməsi məsələsinə gəlincə...

AQTA-dan bildirilib ki, hadisənin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı müvafiq qurumların əməkdaşları ilə birlikdə araşdırmalara başlanılıb:

"Agentliyin mütəxəssisləri tərəfindən hadisənin baş verdiyi ehtimal olunan Zaqatala rayonunda fəaliyyət göstərən "Şah dönər" adlı dönərxanaya baxış keçirilib, müayinələrin aparılması məqsədilə müxtəlif nümunələr götürülərək laborator analizlərə cəlb olunub. Görülmüş tədbirlərlə iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.

Qax rayon mərkəzi xəstəxanasından verilən məlumata əsasən, faktla bağlı tibb müəssisəsinə müraciət edən şəxslərə lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Hazırda müvafiq qurumlarla birgə araşdırmalar davam etdirilir. Araşdırmaların nəticələri ilə bağlı məlumat veriləcək".

Rəna Cumaqızı, Bizim.Media

Seçilən
18
1
bizim.media

2Mənbələr