AZ

“Sadəcə, bir qələbə lazımdır”

“Sabah” klubunun futbolçusu Coy-Lens Mikelsin futbolinfo.az saytına müsahibəsi

– Misli Premyer Liqasının 14-cü turunda səfərdə “Turan Tovuz”la heç-heçə (1:1) etdiniz. Matçla bağlı nə deyə bilərsiniz? Sizcə, heç-heçə ədalətli nəticə oldu?

– Çətin oyun olacağını bilirdik. Gözlədiyimiz kimi də oldu. Qol fürsətlərimiz var idi, lakin bu fürsətlərdən lazımınca yararlana bilmədik. Epizodları dəyərləndirməliydik.

– Bu görüşdə “Sabah”ın yeganə qoluna məhz siz imza atdınız. Qol epizodunda başla komanda yoldaşınıza ötürmə vermək istəyirdiniz, yoxsa konkret uzaq küncü nişan almışdınız?

– Tam olaraq qapıya zərbəni düşünmüşdüm.

– “Sabah”ın qələbəsizlik seriyası 7 oyuna çatdı. Bunun səbəbini nədə görürsünüz?

– İzah etmək çətindir. Oyunlar zamanı rəqiblərdən daha yaxşı təsir bağışlayırıq. Lakin sonda üstünlüyü hesabda əks etdirə bilmirik. Məncə, vəziyyətdən çıxmaq üçün bizə sadəcə, bir qələbə lazımdır. Əminəm ki, tezliklə bu vəziyyətdən çıxacağıq.

– Növbəti turda “Səbail”i qəbul edəcəksiniz. Bu görüşdə uğursuz gedişata son qoya və qələbə əldə edə biləcəksiniz?

– Əlbəttə. Biz bütün oyunlarımıza qələbə üçün çıxırıq. Bu görüş də istisna olmayacaq. İnanıram ki, azarkeşlərimizi qələbə ilə sevindirəcəyik.

– Hazırda bombardirlər cədvəlində yer almısınız. Bu yarışda birinci ola biləcəksiniz? Mövsümü neçə qolla tamamlamağı hədəfləmisiniz?

– Əsas olan qol vurmaq yox, komandama faydalı olmaqdır. Hazırda yalnız bu barədə düşünürəm. Vurduğum qollar komandama faydalı olduğu zaman əhəmiyyət daşıyır.

– Hazırda çempionatda 5-ci yerdə qərarlaşan “Sabah”ın avrokuboklara yüksəlmək şansı nə qədərdir? Sizin üçün hansı daha rahat olar: Premyer Liqadan avrokuboklara vəsiqə əldə etmək, yoxsa ölkə kubokundan?

– Biz hər iki yarışa eyni məsuliyyətlə, eyni diqqətlə yanaşmalıyıq. Fikrimcə, avrokuboklara vəsiqə qazanmaq istəyiriksə, hər oyuna eyni motivasiya ilə çıxmalıyıq.

FƏRİD

Seçilən
16
futbolinfo.az

1Mənbələr